Moskva Brüsselin Rusiya-Azərbaycan-Ermənistan arasında Qarabağla bağlı üçtərəfli anlaşmaların həyata keçirilməsinə kömək edəcəyini, geosiyasi oyunlar oynamayacağına ümid edir.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarova bildirib.

“Biz Avropa Birliyinin ən yüksək səviyyədə anlaşmaların yerinə yetirilməsi prosesinə qoşulmaq üçün davamlı cəhdlərini görürük. Əgər Brüssel çox istəyirsə, ümidvarıq ki, geosiyasi oyunlar oynamaq əvəzinə, onların həyata keçirilməsinə kömək edəcək”, – Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Bakı və İrəvandan olan tərəfdaşlara bütün istiqamətlərdə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədin delimitasiyası və ictimai dialoqun qurulmasında hərtərəfli yardım göstərir.

Diplomat qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, eləcə də bu prosesi təşviq etməkdir. Rusiya XİN sözçüsü əlavə edib ki, əsas vəzifələrdən biri Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, davamlı sülhün bərqərar olmasıdır.

Yada salaq ki, mayın 22-də Avropa B Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçüncü görüş keçirilib. Tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Bundan başqa, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin açılması məsələsinə də toxunulub. Siyasətçilər gömrük qaydaları və sərhəddə təhlükəsizliklə bağlı da razılığa gəliblər.

Onu da bildirək ki, Azərbaycan və Ermənistan Avropa platformasında aparılan danışıqlardan dərhal sonra Brüsseldə əldə olunmuş razılaşmaların praktiki həyata keçirilməsinə başlayıb. Azərbaycan və Ermənistan sərhəd komissiyasının sədrləri Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə ilk görüşlərini keçiriblər. Tərəflərin komissiyaların birgə fəaliyyətinin təşkili və prosedur məsələlərini müzakirə etdiyi bildirilib. Bununla belə, ölkə nümayəndələri növbəti görüşlər üçün müxtəlif yerlərdən istifadə etməyə razılaşıblar. O cümlədən, danışıqların ikinci raundunun Moskvada və daha bir görüşün Brüsseldə keçirilməsi barədə razılığa gəliblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın