Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub. Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib. Öncə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub.

Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir. Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib. Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı geniş məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar yerinə yetirilir.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını uğurla yerinə yetiriblər.  

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar uyğun tapşırıq və tövsiyələrini verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müdafiə naziri yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın