Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Məruzə olunub ki, azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də başqa infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.

Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib. Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək üçün müasir tələblər nəzərə alınaraq tikilən anbarlardan bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin başqa zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin ediləcək.

Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə uyğun tapşırıqlarını verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi yönündə həyata keçirilən tədbirlər davam etdirilir.

Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərə baxış keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın