Dünya ədəbiyyatında Valter Skottun adı ilə anılan, Azərbaycan ədəbiyyatında isə Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanı ilə başlanan tarixi roman janrı müasir ədəbiyyatımızda ən çox müraciət edilən janrlardandır.

Tarix millətin keçmişi və genezisidirsə, ədəbiyyat onun ruhudur. Tarixi həqiqət bədii dillə ifadə olunanda geniş kütlələrə daha effektiv şəkildə çatdırılır, gənc nəslin vətənpərvərlik tərbiyəsində və milli ruhun qorunmasında müstəsna rol oynayır.

Yunus Oğuz çağdaş Azərbaycan ədəbiyyatında yalnız öz dəsti-xətti ilə deyil, ədəbiyyata gətirdiyi mövzularla da seçilən yazarlardandır. Yunus Oğuzun yaradıcılığından Azərbaycan, ümumtürk tarixinə dair mövzular qırmızı xətlə keçir. Onun “Sultan Alp Arslan”, “Təhmasib şah”, “Nadir şah”, “Attila”, “Əmir Teymur – Zirvəyə doğru”, “Əmir Teymur – Dünyanın hakimi” əsərləri oxuculara yaxşı tanışdır. Yazıçı bu dəfə oxucuların görüşünə “Atabəy Eldəniz” (“Atabəy Eldəniz”, “OL” NPKT, 2017) romanı ilə gəlib. Yunus Oğuz buəsərində də öz ənənəsinə sadiq qalaraq oxucularını Azərbaycan tarixinin maraqlı dövrlərindən birinə səyahətə dəvət edir. Yazıçının tarixçi alim olması isə bu səyahətdə bədii təxəyyüllə yanaşı, elmin də oxucuya yoldaşlıq edəcəyi müjdəsini verir.

İlk öncə qeyd edək ki, romanda dərhal diqqəti cəlb edən məqam Yunus Oğuzun tarixi fakta sadiqliyidir. Bildiyimiz kimi, çağdaş dünya ədəbi təcrübəsində alternativ tarix janrında yazılmış əsərlər mühüm yer tutur. Alternativ tarix janrında yazılan romanlardamüəllif məlum tarixi fakt, hadisə və şəxsiyyətlərə dair məlumatları öz istədiyi şəkildə, hətta tarixə zidd şəkildə əks etdirə bilər. Müasir cəmiyyətdə belə əsərlər bestseller olur, müəllifinə şöhrət və qazanc gətirir. Çağdaş ədəbiyyatda klassik tarixi roman janrı alternativtarix, fentezi janrında yazılmış əsərlər qarşısında öz mövqeyini itirməkdədir. Lakin tarixin düzgün, tarixi faktlar sapdırılmadan, əlavə mistik effektlərə gərək duyulmadan bədii şəkildə gənc nəslə aşılanmasında məhz klassik tarixi roman janrının böyük önəmi var. Bu baxımdan Yunus Oğuzun bu janra müraciət etməsi təqdirəlayiqdir.

Tarix və şəxsiyyət problemi daim fəlsəfənin, sosiologiyanın əsas tədqiq sahələrindən biri olmuşdur. Klassik tarixi romanda da bu problem əsasən iki aspektdən əks etdirilir: Birinci halda şəxsiyyət əsas götürülür, məhz onun şəxsi keyfiyyətləri sayəsində tarixdəoynadığı rol təsvir edilir. İkinci halda tarixi hadisə, yaxud dövr əsas götürülür, tarixin insan taleyində rolu qabardılır. Yunus Oğuzun “Atabəy Eldəniz” romanı məhz şəxsiyyətin tarixdəki roluna həsr edilmişdir. Atabəy Eldəniz obrazında qılınc və qələm birləşir. Əslində, əsər boyu əsas qəhrəman kimi şəxsiyyətin zəkası və elmi çıxış edir. Əks düşərgə ilə mübarizə sadəcə qılınc deyil, həm də zəka, elm və diplomatiya savaşıdır. Mömünə Xatunla Eldənizin ittifaqı bu səbəbdən xaşxaşiləri narahat edir, dəfələrlə bu iki ağıllı insanıayırmağa, öldürməyə cəhd edirlər.

Tarixi şəxsiyyəti digərlərindən fərqləndirən əsas cəhət məqsədə çatmaq inadı və seçim cəsarətidir. Şəmsəddin Eldənizin obrazında bu cəhət parlaq şəkildə öz təcəssümünü tapmışdır. Hələ yolun əvvəlində onun məqsədi və bu məqsədə çatmaq üçün inadı vəinamı var idi. Karvanla səyahət zamanı dəfələrlə arabadan yıxılsa da, min əziyyətlə, zəif bədəninin son gücünü toplayaraq özünü qul karvanına yetirir. Qul karvanına! Onun seçim şansı var idi. Karvandan geri qalıb həyatını azad biri kimi davam etdirməyə cəhd edəbilərdi. Amma o, heç kimin gözləmədiyi və hətta ağılsızlıq kimi qəbul etdiyi bir seçim etmişdi. “Əlbəttə, Bağdada getməliydi. O, təkcə karvana deyil, həm də arzularına çatmalıydı… Göy üzü işıqlananda qəti qərar verdi ki, karvanın dalınca getsin. Susuzluğa, aclığadözəcək, amma karvana yetişəcək. Getmək qərarını verəndə, səhərə qədər onu izləyən canavar artıq gözə dəymirdi. Sanki gecə hansısa bir qüvvə o qurdu bu çöl-biyabana Eldənizi qorumaq üçün göndərmiş, səhər açılan kimi isə çəkib aparmışdı. Bağdada az qalmışkarvana yetişdi. Hamı təəccüb içindəydi. Hətta bir neçə qul ürəyində onu qınadı da “Ay ağılsız, səndən imtina ediblər, itirib axtaran da yoxdu. Niyə gəldin?” Şəmsəddin isə hara və nəyə görə gəldiyini bilirdi”.

Əsərdəki Baş Dədə obrazı vasitəsilə müdrik qoca arxetipi ön plana çəkilir. Zamanın özünü əks etdirən bu arxetipik obraz vasitəsilə tarix süzgəcdən keçirilir, keçmiş vərəqlənir. Zamandan və məkandan kənar qavranılan Baş Dədə obrazı milli ruhun və genetikyaddaşın təcəssümüdür. Bu səbəbdən əsərin sonunda onun ölümü yox, qeybə çəkilməsinin göstərilməsi simvolik çalar kəsb edir. Hər şeyi öncədən görən, hiss edən Ulu Dədə həm də tarixin özünü simvollaşdırır. Bu səbəbdən də o, baş verənləri bir tamaşa kimikənardan seyr edir, hadisələrin necə tamamlanacağını öncədən bilir. Ulu Dədənin söhbətlərindən də görünür ki, onu individin taleyi deyil, ümummilli tarixin, millətin genetik yaddaşının qorunması maraqlandırır. Baş Dədənin də türk mifologiyasında mühüm yertutan, kökü Şumerlərin Utnapiştiminə dayanan Xızır İlyas kimi ilahi bir missiyası var. Əgər Xızır darda qalanlara kömək edirsə, Baş Dədə tarixini unudanlara, kökündən uzaqlaşanlara kömək edir, biliklərini ötürməklə tarixin mayakını sönməyə qoymur.

Əsl batini, gizli elmlərin bilicisi, keçmişi və gələcəyi görən Baş Dədədir. Özlərini “batinilər” adlandıran xaşxaşilər isə əslində, zahiri “batinidirlər”. Onların söykəndiyi elm deyil, terrordur. Amma bunun da çarəsi var. Yarasalar işıqdan qorxduğu kimi, şər ruhlularda elmin ziyasından qaçırlar: “Onların batinlərindən qurtulmağın bir yolu var, o da elmdir. Onlar elmdən qorxur, çünki hamı elmli olsa, xaşxaşilər hamını öldürəcəklərmi? Buna görə də, mənim aldığım məlumata görə, xaşxaşilər Ələmut qalasında böyük bir kitabxanadüzəldiblər. Oxumasalar da, dünyanın bütün nadir kitablarını ora yığırlar ki, başqaları oxumasın”.

“Atabəy Eldəniz” romanında azərbaycançılıq, türkçülük motivləri çox güclüdür. Əsərdə lakonik, lakin zərgər dəqiqliyi ilə işlənmiş təsvirlər, hadisələr, eyhamlar vasitəsi ilə TÜRK obrazı yaradılmışdır. Təbii ki, əsərin özəyini də türkün – Atabəy Eldənizin hekayəti təşkil edir. Onu tamamlayan da Əfrasiyab nəslindən olan Mömünə xatundur. Bu sadə bir ittifaq deyildi. Türkün qibləsi olan ailə birləşdirirdi onları. Qalanı içindən fəth etmək mümkün olduğu kimi, güclü şəxsiyyətləri məhv etmək üçün onun yaxınından, ailəsindən istifadə etmək tarixən sınamış priyomdur. Cəmiyyətin əsas sütunu olan ailə möhkəm olanda dövlət də yenilməz olur. Tarixən türkün ailəsi daim nümunə olub. Qadın sadəcə həyat yoldaşı, sevgili deyil türk üçün. Qadını türkün silahdaşıdır, məsləhətçisidir, arxasıdır. Bubaxımdan romanda Eldənizlə Mömünə Xatun Baş Dədənin qeyd etdiyi kimi, “seçilmişlər”dir. Onlar sadəcə türk törəsini, türk dövlətçilik ənənəsini yaşatmırlar. Yazıçı onların vasitəsilə gənc nəslə mesaj çatdırır: “Bax, sənin nənələrin, babaların kimlər olub. Tarixi necə yaşadıblar. Qloballaşan dünyada, müasir həyatın gur axınında kimliyini unutma! Biz türkük! Yalnız qəhrəmanlığımızla deyil, namusumuz ilə, möhkəm ailəmiz ilə, vəfa və sədaqətimiz ilə də tarix yazmışıq!” Yunus Oğuz bu əsəri ilə oxucusuna Səməndər quşu kimi yansada, külündən doğulan türkün zirvəyə yolçuluğunun möhtəşəm hekayətini danışır.

Son olaraq romanın bədii məziyyətlərindən bəhs edərkən qeyd etməliyik ki, “Atabəy Eldəniz” romanında oxucu dövrün koloritini hiss edə bilir. Maraqlıdır ki, Yunus Oğuz bunun üçün heç bir xüsusi priyomdan istifadə etmir. Adətən tarixi roman yazıçısı qələmə aldığı dövrün tarixi xüsusiyyətlərini oxucuya hiss etdirmək üçün interyer və geyim təsvirlərindən, obrazların danışıq tərzindən, leksikondan geniş şəkildə istifadə edirlər. Lakin Yunus Oğuzun bu romanında təfərrüatlı interyer və geyim təsvirlərinə, insanların zahiri görünüşünün ətraflı təsvirinə və həmin dövrə xas bəlağətli danışığa təsadüf etmirik. Yazıçının ustalığı məhz bu məqamda meydana çıxır. Xəfif təsvirlər, incə eyhamlar obrazların oxucu xəyalında canlanmasına kömək edir. Beləliklə, oxucu mətni oxumur, yaşayır.

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın