İlk növbədə, mənə Ukraynanın mövqeyini Azərbaycan xalqına çatdırmaq fürsətini yaratdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Həqiqət – güclü silahdır, düşmənimizin həqiqətdən bu qədər qorxması təəccüblü deyil.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Oxu.az-a açıqlamasında ukraynalı deputat Yuliya Qrişina deyib.

Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən danışan Yuliya Qrişina şərhinə sualla başladı: “Razılaşın ki, Rusiya bir neçə gün ərzində minlərlə əsgər itirəcəyini və bunun müqabilində Ukraynanın bir dənə də olsa böyük şəhərini, həmçinin paytaxt Kiyevi işğal edə bilməyəcəyini çətin ki, hesablaya bilmişdi, doğrudurmu?

Özəlliklə də Rusiya Qərb ölkələrinin Ukraynanı qorumaqda belə sərt və vahid mövqe tutacağını gözləmirdi. Bunun nəticəsində təkcə oliqarxlar və nazirlər deyil, həm də Rusiyanın sadə vətəndaşları da yeni reallıqda üzləşməli oldular. Bu reallıqlar nəticəsində biznes qura, bankomatdan pul çıxara, məzənnənin düşməsi nəticəsində əmanətlərini xilas edə, alış-veriş üçün Milana və Amsterdama uça bilmirsən”, – deyə Ukraynalı deputat vurğuladı.

Həmsöhbətimiz əmindir ki, Rusiya prezidenti Vladimir Putin öz təbliğatının qurbanına çevrilib: “Çünki yalnız bu virtual reallıqda “Ukraynalı faşistlər”, “merkantil və parçalanmış Qərb”, “Öz xalqına zülm edən nasist hökumət” var. Bircə misal çəkəcəyəm: Xerson vilayətinin hakimiyyət orqanlarının bildirdiyinə görə, yerli hökumət qurumunun nümayəndələrindən bir nəfər də olsa işğalçıları “gül dəstəsi” ilə qarşılamadı.

Halbuki Rusiyanın apardığı təbliğata inansaq, guya Ukraynanın cənub bölgələrinin sakinləri Putinin hakimiyyəti altına keçmək arzusunda idilər! Əgər söhbət “blitskriq”dən gedirsə bu, Ukrayna xalqında baş verdi, müxtəlif bölgələrin, dinlərin, siyasi partiyaların nümayəndələri birləşdi. Ancaq çətin ki, bu, Rusiya üçün gözlənilən idi. Onlar “Krımdakı kimi” asan gəzintiyə və 100 faiz səslə şərti “Kiyev Xalq Respublikası”na ümid edirdilər”. 

– Azərbaycan artıq Ukraynaya humanitar yardımla iki təyyarə göndərib, SOCAR-ın yanacaqdoldurma məntəqələri təcili tibbi yardım xilasetmə xidmətlərinin maşınlarını pulsuz yanacaqla təmin edir. Bəs dünyanın başqa ölkələri tərəfindən hansı yardımlar göstərilir?

– Bu köməyə görə Azərbaycana böyük minnətdarlığımı bildirirəm. Yanacağın təmin edilməsi özəlliklə önəmlidir, çünki “yanacaqdoldurma məntəqəsi ölkəsi” tərəfindən hücuma məruz qaldıq və guya onun neft məhsulları olmadan biz bir gün belə davam gətirə bilməyəcəkdik. Başqa ölkələrdən gələn yardımlar da saysız-hesabsızdır, onları bir-bir sadalamaqla söyləyib bitirmək olmaz. Bu yardımların həcmi heyrətamizdir.

Hərbi yardımlardan daşırıqsa, Danimarkadan gələn 2 700 tank əleyhinə silahı, İsveçdən 5 000 qumbaraatanı qeyd edə bilərəm. Önəmli olan həm də odur ki, yardımlar adekvat, ağıllı rusiyalılardan da gəlir, baxmayaraq ki, bunun müqabilində onları öz ölkələrində “vətənə xəyanət” maddəsi gözləyir.

– Müvəqqəti olaraq işğala məruz qalmış ərazilərdə humanitar vəziyyət necədir?

– Biz işğal olunmuş ərazilərdə vəziyyətə nəzarət edirik, oradakı həmkarlarımızla daim telefon əlaqəsindəyik. Hələlik mülki əhali üçün böyük təhlükə yoxdur, ancaq vəziyyət sürətlə dəyişə bilər. Belə ki, artıq rus hərbçilərinin onlara sadəcə mobil telefonunu verməkdən imtina edən mülki vətəndaşı qətlə yetirilməsi ilə bağlı fakt qeydə alınıb.

Bundan başqa, bəzi ərazilərdə infrastruktur obyektləri tez-tez dağıdılır, ya da minalanır ki, bu da evakuasiyanı çətinləşdirir. Hələlik biz xilasetmə əməliyyatlarını deputatlar və könüllülərlə birgə həyata keçiririk. Misal üçün, “Xarkovda zirzəmidə iki uşaq var, yaxınlıqda kim var?” mesajını alırıq. Daha sonra zəncirvari qaydada uşaqları təhlükəsiz yerə, çox vaxt Ukraynanın qərbinə köçürürük.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın