24 fevral, saat 5 radələrində Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi başlandı və bu tarix milyonlarla insanın həyatını dəyişdirdi. Bu dəyişim öncələr bədii rəhbəri Ukrayna prezidenti Volodimir Zelenski olan “Kvartal 95 Studio”nun əməkdaşlarından da yan keçmədi.

Ən məşhur “kvartalçı”lardan biri – həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində tanınan və sevilən ukraynalı aktyor, şoumen və teleaparıcı Yevgeni Koşevoy Oxu.az-a müsahibəsində Azərbaycanın bu müharibədə dəstəyi, “kvartalçı”ların indi nə işlə məşğul olduqları və ölkədə olan durumla bağlı danışıb.

– Hələ iki-üç ay öncə Rusiyanın Ukraynaya belə bir müdaxiləsini təsəvvür edə bilərdinizmi?

– Əlbəttə ki, yox. Heç kim təsəvvür edə bilməzdi. Nə mən, nə həmkarlarım, nə doğmalarım hətta ən qorxulu yuxuda belə bu cür qorxunc hadisələrin ola biləcəyini ağlına gətirərdi. Hər şey xaincəsinə həyata keçirildi. Artıq bu hücumun uzun müddət əvvəl planlaşdırıldığı aydın olur.

Rusiya rəhbərliyi İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının davrandığı kimi etdi. Səhər saat 5-də Kiyevi və Ukraynanın başqa şəhərlərini bombalamağa başladı. Təəssüf ki, təcavüzkar Rusiya üçün insanlığa xas özəlliklərin yad olduğu ortaya çıxdı.

Ukrayna Silahlı Qüvvələri və bütün xalq bizə xaincə hücum edən “ork”lara qarşı vuruşur. Rusiya təbliğatı bizim hamımızın nasist olduğunu, qurbanların, öldürülən qadın və uşaqların, heyvanların, dağıdılmış evlərin əks olunduğu videoların isə səhnələşdirildiyini iddia edir. Bunu necə şərh edəcəyimi belə bilmirəm.

Biz bütün bunları öz gözümüzlə görürük. Bu, küçələrimizdə, şəhərlərimizdə, evlərimizdə baş verir. İndi bizim üçün çətindir, ancaq öhdəsindən gələcəyik. Yenidən doğulacaq, azad və müstəqil ölkəmizi yenidən quracağıq.

– Müharibə başlayandan sonra “Kvartal 95” komandası və siz özünüz nə işlə məşğulsunuz?

– Uşaqların əksəriyyəti ərazi müdafiə bölmələrinə yazıldı. Sanya Pikalovun (Oleksandr Pikalov – ukraynalı aktyor və ssenarist – Red.) bu yaxınlarda andiçmə mərasimi olub və indi Ukrayna Milli Qvardiyasında qulluq edir.

Mən həyat yoldaşım və qızlarımla könüllülük fəaliyyəti göstəririk, humanitar yardımların çatdırılması, qərb sərhədlərindən gələn humanitar ləvazimatların koordinasiya edilməsi və paylanması ilə məşğul oluruq. Təəssüf ki, Kiyevdə çoxlu qaçqın var. Ancaq əsas odur ki, onlar sağdırlar və paytaxta gəlib çata biliblər. Təkcə qaçqınlara deyil, evdə köməyə ehtiyacı olan insanlara da dəstək olmaq lazımdır. Biz bu dəstəyi göstəririk. Hər kəs öz cəbhəsində öz ölkəsinin rifahı üçün çalışır.

Bundan başqa, biz “Kvartal”ın aktyorları və ukraynalı musiqiçilərlə birlikdə hərbçilərimizin, həkimlərimizin olduğu müxtəlif məntəqələrə gedərək müdafiəçilərimizin döyüş ruhunu qorumağa çalışırıq.Komandamız “Bayraktar NEWS” adlı proqram yayımlayır və həftədə üç-dörd dəfə televiziya efirinə və “YouTube” kanalımıza çıxmağa çalışırıq.

İndi tənqidi düşüncə və soyuqqanlılığı qoruyub-saxlaya bilmək çox önəmlidir. Bəzi situasiyalara yumorla baxmaq çox kömək edir. Müharibə dövründə yumor həqiqəti əks etdirən çılpaq faktlarla eyni gücə malik informasiya silahıdır deyə bilərəm. Təcavüzkarı ələ salmaq bacarığı bizi daha güclü edir.

– Müharibə başlayandan sonra Rusiyadakı tanışlarınız sizə müraciət etdilərmi? Kimsə dəstəyini təklif etdimi?

– Yox. Müharibə başlayandan sonra ayyarımdır ki, Rusiyadan heç kim zəng etmir, vəziyyətlə bağlı soruşan yoxdur. Nə edək… Dost dar gündə tanınar. Ancaq ilk günlərdən Azərbaycandan zəng vururlar, maraqlanırlar, hələ də zəng edir, yazır, dəstəklərini ifadə edirlər, kömək etməyə hazır olduqlarını bildirirlər. Bu, çox xoş təsir bağışlayır.

– Prezident Volodimir Zelenski sizin dostunuzdur, birlikdə işləmisiniz və indi də ünsiyyətiniz davam edir. 2019-cu ilin mayında Zelenskinin andiçmə mərasimi zamanı onun belə çətin durumla, genişmiqyaslı müharibə ilə üzləşəcəyini gözləyirdinizmi? Və onu özü üçün yeni bir keyfiyyətdə təsəvvür edə bilirdinizmi ki, hücuma məruz qalan ölkənin lideri bu qədər qətiyyətli davranacaq?

– O, həmişə belə olub və belə qalmağa da davam edəcək – cəsarətli və qətiyyətli insan olaraq… Onun ölkəmiz üçün belə dəhşətli bir zamanda inanılmaz cəsarət göstərməsi mənim üçün yeni olmadı. Mən onu iyirmi ildən çoxdur ki, tanıyıram.

Və onun ətrafında hər cür siyasi uydurmaların cəfəngiyat olduğunu artıq hər kəs bildi. Hətta Volodimir Zelenskiyə qarşı olanlar da indi onun ətrafında birləşərək tərəfini tutublar. Hər kəs Ukrayna Prezidenti Volodimir Zelenskinin, doğurdan da, əvvəllər necə biri olduğunu, indi kim olduğunu və gələcəkdə də necə bir insan olacağını gördü.

İstənilən halda bu müharibə Ukraynanın qələbəsi ilə başa çatacaq. Hər şey buna gedir. Biz Silahlı Qüvvələrimizlə qürur duyuruq. İndi ölkənin rifahı üçün çalışan və düşmənlə vuruşanların isə hamısı bir qəhrəmandır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın