Talibanın Əfqanıstana qayıdışı əfqan xalqı üçün faciədir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının 67-ci illik sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, NATO müttəfiqləri 20 il boyunca Əfqanıstanda çiyin-çiyinə dayanıb: “Geniş məsləhətləşmələrdən sonra oradan çıxmaq qərarını verdik. Bu asan qərar deyildi, çünki biz dilemma ilə üzləşmişdik. Ya qalıb yenidən müharibə və sonsuz hərbi mövcudluq riskini, ya da ölkədən çıxıb taliblərin yenidən hakimiyyətə qayıtması riskini gözə almalıydıq. İllər boyu əfqanlara dəstək verən hər kəs üçün baş verənlər ürək parçalayandır. NATO bayrağı altında qulluq edən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Y. Stoltenberqin sözlərinə görə, bu illər boyunca qoyulan sərmayə və verilən qurbanlar boşa getməyib: “20 ildir Əfqanıstandan ölkələrimizə heç bir terror hücumu baş vermir. Orada hərbi mövcudluğumuz önəmli sosial və iqtisadi tərəqqi üçün şərait yaratmağa yardım edib. Beynəlxalq ictimaiyyət qazanılan bu uğurları qorumalıdır”.

Baş katib vurğulayıb ki, Talibanın götürdüyü öhdəliklərə görə məsuliyyət daşıması üçün NATO və beynəlxalq ictimaiyyət bütün rıçaqlardan istifadə etməlidir.

O qeyd edib ki, NATO-da Əfqanıstanla əlaqələri dəyərləndirmə prosesi başlayıb: “Bu prosesin nəticəsi ilə bağlı danışmaq hələ tezdir, ancaq bir məsələ aydındır: Əfqanıstandakı böhran Avropa və Şimali Amerikanın NATO-da bir arada olmasına olan ehtiyacı dəyişmir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın