Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən olan millət vəkili Aydın Mirzəzadə düşünür ki, Azərbaycanda durum sabitdir, qorxulu, təhlükəli heç nə yoxdur. Olaylara da sakit, həyəcansız tərzdə yanaşmaq, dəyər vermək gərəkdir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, hakim partiyanın funksioneri bunu Oxu.Az-a açıqlamasında son bir sutka boyunca ölkədə yaşananlara münasibətini bildirərkən deyib.

O, bildirib ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyalarından birində yaşanan qəza ilə bağlı  son bir sutkada paytaxt Bakıda və başqa bölgələrdə enerji, su, nəqliyyat təminatında müəyyən problemlər yaranıb:

“Qeyd edim ki, Azərbaycandakı elektrik stansiyaları 40 dərəcə istiləyə hesablanıb. Ancaq bir neçə gündür ki, ölkədə də anomal hava durumu, istilər hökm sürür, bu da təbii ki, istər-istəməz öz təsirini göstərir, yəni, havanın temperaturu 40 dərəcədən yüksək olduğu İstilik Elektrik Stansiyasının yarımstansiyalardan birində qəza əmələ gəlib. Təbii ki, elektrik təminatında problem yaşananda, başqa sahələrdə, su, nəqliyyat təminatında da problemlər yaranır. Amma durum yoluna qoyulur, problemlərin həlli yönündə işlər davam etdirilir. Çox yəqin ki, yaxın zamanlarda da bütün məsələlər yoluna qoyulacaq. Şaiyələrə, əlavə söz-söhbətlərə də ehtiyac yoxdur. Hər şey nəzarətdədir”.

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qalmasına gəlincə, millət vəkili bu məsələdən yeni xəbər tutduğunu bildirib:

“Yəqin ki, bununla da bağlı yaxın saatlarda hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama veriləcək. Eyni zamanda, hadisənin səbəbləri araşdırılacaq, günahkarlar tapılacaq və cəzalandırılacaq. Elmar Vəliyevə də keçmiş olsun deyir, tezliklə sağalıb, ayağa qalxmasını, işinin başına dönməsini arzulayıram”.

Millət vəkili bu olaylarda, son bir sutkada yaşananlarda təxribat elementlərinin olmasını da istisna edib:

“Azərbaycanda oturuşmuş hüquqi-demokratik bir dövlət, güclü idarəetmə sistemi var. Hər şey ölkə prezidentinin və Azərbaycan dövlətinin nəzarətindədir. Dövlətimizə qarşı nə içəirdən, nə də kənardan hər hansı bir təhlükə yoxdur. Təxribat, sabotaj elementlərindən də söhbət gedə bilməz”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın