Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin başqa rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənddə yeni istifadəyə verilmiş hərbi bölmənin açılışını edib. Müdafiə naziri daha sonra Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən düşərgə binasının və yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında oldu.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Xocavənd rayonu ərazisində yeni hərbi bölmənin açılışı olub

Döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi üçün tikilmiş hərbi şəhərcikdəki düşərgə, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də başqa infrastruktur obyektlərinə baxış keçirilib. Müdafiə nazirinə məruzə edilib ki, bütün xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi hissəyə baxış keçirildikdən sonra müdafiə naziri şəxsi heyətin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində uyğun tapşırıqlar verib. Sonra Qurban bayramı münasibətilə şəxsi heyət üçün konsert proqramı keçirilib. Şəxsi heyət qarşısında çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı Azərbaycan Ordusuna bir daha yüksək dəyər verdiyini diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğruldulması üçün üzərimizə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsinin önəmini vurğulayan nazir şəxsi heyəti yeni hərbi hissənin istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Hər il olduğu kimi, bu il də şəxsi heyət üçün qurbanlıqlar kəsilib. Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı E.Hüseynovla birgə hərbi hissənin ərazisində ordu və xalq birliyinin göstəricisi kimi həmişəyaşıl uzunömürlü ağaclar əkiblər.

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Xocavənd rayonu ərazisində yeni düşərgə binası istifadəyə verilib

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən düşərgə binasının açılışında iştirak edib. Müdafiə nazirinə məruzə edilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də başqa qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar vardır.

Xidməti fəaliyyətin təşkili üçün binada bütün otaqların zəruri mebel və avadanlıqlarla tam təchiz olunması barədə nazirə geniş məlumat verilib.
Sonra müdafiə naziri hərbi qulluqçular üçün yeni istifadəyə verilmiş ikimərtəbəli yaşayış binasına baxış keçirib. Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, burada bütün mənzillər tam təmir olunub və zəruri kommunikasiya xətləri ilə təchiz edilib. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Görülən işləri müsbət dəyərləndirən nazir hərbiçilərin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması yönündə aidiyyəti şəxslərə tapşırıqlar verib. Daha sonra general-polkovnik Z.Həsənov yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və düşərgə zabitlərinin iştirakı ilə toplantı keçirib.

Şəxsi həyəti müqəddəs Qurban bayramı münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının diqqətinə çatdırıb. Toplantıda Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verib.

Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzindən söz açaraq, müasir dövrdə, istər müharibə, istərsə də sülh şəraitində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhlükəsizlik tədbirlərinin görülməsinin xüsusi önəm daşıdığını vurğulayan müdafiə naziri kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrindən faydalandığını bildirib.

Sonra yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib və komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verilib. Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlığın, həmçinin nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinin önəmini vurğulayıb.

General-polkovnik Z.Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən döyüşçülərimizin ailələrinin hər zaman olduğu kimi Qurban bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müdafiə naziri müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub. Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib

Müdafiə naziri Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın açılışında olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub. Məruzəyə uyğun olaraq, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada düşərgə, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

Hərbi hospitalda  üçmərtəbəli müalicə diaqnostika korpusunun da inşa edildiyi diqqətə çatdırılıb. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.

Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait var. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşərək onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hospitalın şəxsi heyəti üçün qurbanlıqlar kəsilib və bayram sovqatları təqdim olunub.
Daha sonra general-polkovnik Z.Həsənov hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün hazırlanmış yaşayış binalarının açılış mərasimində iştirak edib.

Müdafiə nazirinə məruzə olunub ki, yeni istifadəyə verilmiş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binalar kommunikasiya xətləri və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Müasir standartlara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıq quraşdırılıb. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Sonda müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması, sağlamlığının qorunması və tibb xidmətinin daha səmərəli təşkil olunması ilə bağlı uyğun tapşırıqlar verib.

Müdafiə naziri Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın açılışında olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması yönündə inamlı islahatlar həyata keçirilir. Ordunun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın