Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair açıqlamasında yer alıb.

“Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün başqa uyğun normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.

Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq torpaq iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər boyunca davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu durum bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

İndi beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı anlaşma əldə olunduğu bir vaxtda rəsmi İrəvanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı düşüncəsinin göstəricisidir.

Ermənistan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq yerinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil”, – deyə açıqlamada bildirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın