Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin başlıca səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan torpaqlarını qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Hindistanın mövqeyinə açıqlama verərkən bəyan edib.

Onun sözlərinə görə, rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd qorunma sisteminin gücləndirilməsi işini davam etdirir.

“Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr üzrə həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib.

İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib”, – deyə L.Abdullayeva bildirib.

O yada salıb ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir.

“İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl anlamında yaxşı qonşuluq münasibətləri qurmağın tək yoludur.

Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının indiki sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən edib. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına qatqı sağlayır və beynəlxalq hüquq normaları və prinsiplərinə sayğını təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı çalışmalar qəbuledilməzdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın