Eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın yeni baş naziri Nikol Paşinyanın öz oğlunu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərində hərbi qulluq keçməyə göndərməsini növbəti populizm çalışması kimi dəyərləndiririk.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş nazirinin oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsiylə bağlı məlumata münasibət bildirərkən deyib.

H.Hacıyev deyib ki, Ermənistan Respublikası vətəndaşlarının başqa dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır:

“Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir”.

XİN rəsmisi vurğulayıb ki, Ermənistan vətəndaşları,özəlliklə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə öz həyatlarının ən formativ çağını Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada qulluq etməyə vadar edilirlər:

“Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi düşünməsi Ermənistan əhalisi üçün daha faydalı olardı”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın