Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan torpaqlarının bütövlüyünü dəstəklədiyini bildirib.
AZƏRTAC bununla bağlı “RBK-Ukraina”ya istinadla xəbər verir ki, Prezident V.Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib:
“Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və torpaqlarının bütövlüyünü dəstəkləyirik”.
V.Zelenski ölkələrin bir-birinin suverenliyi və torpaqların bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsina oxşar münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu durum daimi ola bilməz.
Ukrayna Prezidenti deyib:
“Mən medianın, cəmiyyətin və qərbli tərəfdaşların diqqətinə çatdırmaq istəyirəm ki, sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.
Ukrayna dövlətinin başçısı son illərdə Azərbaycan ilə öz ölkəsinin münasibətlərinin güclənməsini də vurğulayıb. O deyib:
“Azərbaycan ilə münasibətlərə gəlincə, son iki ildə bu münasibətlər özəlliklə iqtisadiyyat və geosiyasi istiqamətlərdə çox güclənib”.