Dövlətin və sahibkarların maraqları bir-birinə uyğun gəlməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Vergilər Nazirliyinin keçirdiyi “Vergilər, şəffadlıq, inkişaf” adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

O, son illər vergi sistemində aparılan islahatlara toxunaraq, müsbət və mənfi nəticələrin olduğunu yada salıb.

Nazir bildirib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir.

M.Cabbarov vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib:

“Vicdanlı vergi ödəyicisi ilə vicdansız vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq.

Vergi  toplanmasından könüllü vergi ödənilməsinə keçilməlidir. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi nəzarəti informasiya texnologiyaları üzərindən keçiriləcək”.

Nazir deyib ki, Azərbaycanda xarici və yerli şirkətlər vergidən yayınma hallarına yol verirlər:

“Şirkətlər bunun üçün yaxşı hüququşünaslar işə götürürlər. Biz bu halları bilirik. İndiki vergi pozuntularını görürük. Kiçik sahibkarlıqda vergidən yayınma daha genişdir”.

O bildirib ki, vergidən yayınan sahibkarın dükanında qiymətlər başqa dükanlarla qarşılaşdırdıqda aşağı olur. Bu isə sağlam olmayan rəqabətə şərait yaradır:

“Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”.

M.Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərə münasibət bildirib. O deyib ki, məcəlləyə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun saymır:

“Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçiririk. Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın