Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Yeni obyektlərə baxış keçirən Müdafiə Nazirinə məruzə olunub ki, mərkəzdə komando və başqa qoşun növü bölmələrinin təyinatı nəzərə alınmaqla, bu bölmələrdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilir.

Mərkəzdə müasir döyüş üsullarının praktiki tədbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim nöqtələri tikilib. Hərbi qulluqçuların istənilən hava şəraitində döyüş vərdişlərini təkmilləşdirmək, o cümlədən fiziki və atəş hazırlıqlarını yüksəltmək məqsədilə zəruri şərait yaradılıb.

Bununla yanaşı, hərbi qulluqçulara mürəkkəb dağ şəraitində döyüş aparmaq, pusqu və kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, eləcə də yaşayış məntəqələrində əməliyyatların və antiterror fəaliyyətlərinin aparılması öyrədilir.

Sonra nazirliyin rəhbər heyəti yeni tikilən qərargah binası ilə tanış olub. Bildirilib ki, mərkəzin qərargah binası müasir səviyyədə tikilib. Binada hərbi qulluqçular üçün sinif, inzibati və xidməti iş otaqları var. Bütün otaqlar zəruri mebel və avadanlıqlar, o cümlədən əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və kommunikasiya xətləri çəkilib. Ərazidə abadlıq işləri aparılıb.

Daha sonra general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni tikilən əsgər yataqxanasının açılışında iştirak edib. Yeni tikilən binada silah, ideoloji, məişət, dəftərxana və başqa otaqlar zəruri avadanlıqla təchiz olunub. Yataqxanada şəxsi heyətin qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.  

Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı uyğun tapşırıqlar verib.

Ümumqoşun Təlim Mərkəzində yeni obyektlər istifadəyə verilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın