“Koronavirus (COVID-19) tədricən endemik olur. Bu hələ baş verməyib, ancaq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) durumun inkişafı üçün müxtəlif variantları gözdən keçirir”.

YALAN.info Onlayn Xəbərlər və informasiya Saytı bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove deyib.

Endemik xəstəlik bir bölgədə geniş yayılmış və insan cəmiyyətində daim mövcud olan bir xəstəlikdir. Müəyyən bir ərazidə törədiciləri daim mövcud olan infeksiyalar da endemik ola bilər.

“Sars-Cov-2 virusu endemik olmaq yolundadır. Bu, hətta mübahisə mövzusu deyil. Ancaq indi biz bu pandemiyanın tam ortasındayıq və yayılma səviyyəsi, onun intensivliyi, eləcə də yeni infeksiyaların əsas tibbi xidmətlərə təsir səviyyəsi, xəstəxanaya yerləşdirilmə səviyyəsi çox önəmlidir. Beləliklə, virus endemik olmaq yolundadır, ancaq biz hələ buna gəlməmişik”, – ÜST rəsmisi vurğulayıb.

Yada salaq ki, ÜST-nin məlumatlarına görə, ötən gün koronavirusa 3 395 785 yeni yoluxma halı qeydə alınmışdı. Bu, pandemiya başlayandan ÜST statistikasında ən yüksək gündəlik göstərici olub. Bundan öncəki antirekord 6 gün öncə qeydə alınmışdı. Həmin vaxt 24 saat boyunca 2 618 130 yoluxma halı aşkar edilmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın