“Partlayış səsinə oyandım. O yataqda deyildi. Ayağa qalxanda onu gördüm. Artıq həmişəki kimi kostyum geyinmişdi. “Başladı” dedi”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskayanın həyat yoldaşı ilə bağlı “The Guardian”da yayımlanan nadir müsahibəsində deyib.

Fevralın 24-də bomba səslərindən oyanan birinci xanım yataqda tək olduğunu və bunun atəşfəşanlıq olmadığını anladığını deyib. Zelenskaya çarpayıdan sıçrayaraq qonşu otağa keçib və ərini kostyum geyinib, qalstuk taxaraq işə hazır gördüyünü bildirib. O, sonra baş verənləri belə izah edib: “Mən ondan soruşdum ki, nə baş verir? Mənə “başladı” dedi. Özümü paralel reallıqda, yuxu görür kimi duyurdum”.

Ukraynanın birinci xanımı bildirib ki, Volodimir Zelenski paytaxt Kiyevin mərkəzindəki prezident binasında təhlükəsizlik şurasının toplantısına getmək üçün evdən çıxıb və o, uşaqları ilə tək qalıb. Sığınacağa uşaqları ilə getdiklərini söyləyən Zelenskaya, zaman-zaman birinci mərtəbəyə qalxaraq nə baş verdiyini anlamağa çalışdığını, onların üzərindən keçən döyüş təyyarələrinin Ukraynaya, yoxsa Rusiyaya aid olduğunu təxmin etməyə çalışdığını vurğulayıb.

Nəhayət, həmin gün axşam saatlarında ərini görə bildiyini deyən birinci xanım bu görüşün harada olduğunu açıqlamayıb. Zelenskaya qeyd edib ki, həmin andan etibarən onlar uşaqlarla birlikdə daha təhlükəsiz yerə köçüblər. İşğalın sonrakı günlərində mətbuatda əksini tapan “Rusiyanın Volodimir Zelenskidən sonra 2 nömrəli hədəfi” olması xəbərinə gəlincə, “bu barədə çox düşünməməyə çalışıram. Əks halda, mən paranoyak olaram” deyib. Birinci xanım, həmçinin vurğulayıb ki, mətbuata nə qədər az danışsa, bir o qədər təhlükəsiz olacaq.

“Birinci xanım” mövqeyinin önəmli olduğunu deyən Yelena Zelenskaya keçən il Kiyevdə keçirilən və Əminə Ərdoğanın videomüraciət göndərərək iştirak etdiyi “Lider Xanımlar Zirvəsi”ndən də söz açıb. O, bu il tədbirin onlayn formatda keçiriləcəyinə ümid etdiyini bildirib. Bundan başqa, keçən ay Ukraynada ABŞ-ın birinci xanımı Cil Baydenlə görüşdüklərini deyən Zelenskaya, Fransanın birinci xanımı Bricit Makron və Belçika kraliçası Mathildedən ona telefon zəngi gəldiyini və dəstəklərinə görə təşəkkür etdiyini vurğulayıb.

Ukraynanın birinci xanımı vurğulayıb ki, Volodimir Zelenskinin səhhətindən narahatdır: “Doğurdan da nizam-intizam onun ikinci adıdır. Zəngli saat çalan kimi o, yatağından qalxır, dişlərini fırçalayır, iş paltarını geyinib gedir və bütün bunlar toplam beş dəqiqə çəkir. Mən isə yarım saat yerimdə fırlanıram.

Onun psixoloji keyfiyyətləri var: stresin öhdəsindən gəlmək və nizam-intizamı qorumaq. Mən onun psixi sağlamlığından deyil, fiziki sağlamlığından narahatam – həmişə çətin dövrlərdən sonra xəstələnir. Bununla bağlı onu izləməyə çalışıram. Ancaq bütün kişilər kimi o da hərarəti, ya da qan təzyiqini yoxlamağı sevmir”.

Ukrayna Prezidentinin xanımı qeyd edib ki, Volodimir Zelenski telekameralarla işləməyi bilir, ancaq manipulyasiya etmir və oynamır. “Mən onu hamıdan yaxşı tanıyıram. Və o, hər kəsin nəyinsə mümkün olmadığını dediyi situasiyalarda hər şeyi başa düşən və məqsədinə çatan insandır. Həm də başqalarını ruhlandırır. O, heç vaxt təslim olmur, hətta ətrafındakıların hamısı təslim olsa belə”, – Yelena Zelenskaya deyib.

Birinci xanım həmçinin vurğulayıb ki, Volodimirin ukraynalılara etdiyi bütün müraciətləri səmimidir. “Gördüm ki, müraciətlər üçün çox emosionaldır. Onu tanıyan bir insan kimi, düşüncələrini insanlara çatdırmaq üçün əlindən gələn bütün emosional rıçaqlardan istifadə etdiyini düşünürəm. Ancaq bu, manipulyasiya deyil, səmimi idi – o, doğurdan da həmin duyğuları yaşayıb, bu, dəqiqdir”, – Zelenskaya əlavə edib.

Birinci xanım eyni zamanda bildirib ki, Ukrayna Prezidenti mətnləri çox tez əzbərləyir və telekameralar qarşısında özünü inamlı hiss edir: “O, mətnləri çox tez yadda saxlayır və inamla danışa bilir. Telekameralarla necə işləməyi bilir. Ancaq oynamır, sadəcə onda bunu yaxşı etmək bacarığı var. İctimai yerlərdə çıxış etmək mənim üçün inanılmaz dərəcədə çətindir. Hər dəfə stres keçirirəm, ancaq bu onun üçün təbiidir”, – Zelenskaya vurğulayıb.

Ölkənin gələcəyindən danışan Zelenskaya qeyd edib ki, ukraynalıların qələbəsindən sonra onları böyük çətinliklər gözləyir. “Təbii ki, çoxumuz heç vaxt belə şəraitdə olmamışıq. Qarşıda bizi ciddi çətinliklər gözləyir”, – Zelenskaya bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın