Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və başqa yaşayış məntəqələrini nəzarətə götürüb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar öz Facebook səhifəsində xəbər verib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, aprelin 2-də Kiyev vilayəti hərbi əməliyyatların əsas istiqaməti olaraq qalıb: “Burada qoşunlarımız düşməni şimal-qərb və şimal-şərq istiqamətində dövlət sərhədinə doğru qovub. Kiyev vilayətində müdafiəçilərimiz hərb sənətinin möcüzələrini nümayiş etdirirlər”.

Onun sözlərinə görə, özəlliklə Dmitrovka kəndində Ukrayna hərbçiləri əsl qəhrəmanlıq nümayiş etdirib. Burada iki Ukrayna tankı 10 Rusiya tankını və bir neçə PDM-i məhv edib. “Bu hərbi qələbənin və peşəkarlığın möhtəşəm nümunəsidir”, – deyə A.Arestoviç vurğulayıb.

Bu arada Ukraynada hərbi əməliyyatların xəritəsini yayımlayan sayt istifadəyə verilib. “DeepStateMap.live” saytı real vaxt rejimində yenilənir: göy rənglərlə azad edilmiş, qırmızı – 24 fevraldan başlayan döyüşlərdən sonra işğal olunan, qara – Krım, Donetsk və Luqansk vilayətlərinin 2014-ci ildən işğal edilmiş əraziləri göstərilir.

Saytın yaradıcıları istifadəçilərə xəbərdarlıq edib ki, heç bir halda resursun əks etdirdiyi məlumatlardan təhlükəsiz marşrutların müəyyən edilməsi üçün istifadə etmək olmaz. Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi güclərin düzülüşü ilə bağlı ümumiləşdirilmiş məlumat yayımlamir, özəlliklə ona görə ki, bir çox şəhərlərdə şiddətli döyüşlər davam edir və durum hər an dəyişir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın