UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”-“Marsel” qarşılaşmasının ilk oyunu keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ağdam klubu tarixi qarşılaşmada Fransa “Marsel”inin qonağı olub. “Velodrom” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Avropa futbol qurumunun rəsmi saytında yer alan məlumata görə, komandalar aşağıdakı “11-lik”lərdə meydana çıxıb:

“Marsel”: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pap Quye, 29. Pol Lirola

Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Tsar, 23. Sead Kolaşinats, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani

Baş məşqçi: Xorxe Sampaoli

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

Baş məşqçi: Qurban Qurbanov

Oyuna yaxşı başlayan “Qarabağ” 7-ci dəqiqədə hesabı açmağa yaxın olub. Ancaq Abdullah Zubir qapıçı Stiv Mandanda ilə üzbəüz epizodda zərbə vurmağa gecikdiyindən fürsəti boşa verib. Cəmi 2 dəqiqə sonra isə fransalı yarımmüdafiəçinin fərqlənməsinə həmyerlisi olan 37 yaşlı qolkiper imkan verməyib.

Fransa təmsilçisi ilk real qol vəziyyətini 14-cü dəqiqədə yaradıb. Ancaq Arkadiuş Milikin vurduğu topu Luka Quqeşaşvili qaytarıb. Bundan 3 dəqiqə sonra Toral Bayramov sol cinahdan cərimə meydançasına iti ötürmə versə də, komanda yoldaşlarından heç kim topa toxuna bilməyib. 30-cu dəqiqədə Bubakar Kamaranın uzaq məsafədən qüvvətli zərbəsi təhlükəli alınsa da, az fərqlə qapının üstündən keçib.

39-cu dəqiqədə Quqeşaşvilinin kobud səhvi künc zərbəsi ilə nəticələnib. Gürcüstanlı qapıçı hücumun davamında növbəti dəfə çıxışda səhvə yol verib. Fürsətdən maksimum yararlanan Milik 41-ci dəqiqədə hesabı açıb. “Qarabağ” qolun şokundanm ayılmamış ikinci topu qapısında görüb. Cəmi 3 dəqiqə sonra polşalı hücumçu dublunu rəsmiləşdirib. Bu epizodda əvvəlcə Marko Veşoviç, ardınca isə Kevin Medinanın səhvləri həlledici rol oynayıb.

Ağdamlılar ilk hissənin sonuncu dəqiqəsində fərqi azalda bilərdilər. Toral Bayramov Mandanda ilə qarşı-qarşıya qalsa da, qapıçı səddini keçə bilməyib. Beləliklə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fasiləyə məğlub yollanıb.

İkinci hissəyə yaxşı başlayan tərəf isə “Marsel” olub. Bunun məntiqi nəticəsi kimi, Milik ardıcıl 2 epizodda təhlükə yaradıb. 50-ci dəqiqədə “Qarabağ”ın heyətində Filip Ozobiçin zərbəsi qapı dirəyindən meydanı tərk edib. Az sonra “Marsel”dən Pap Quyenin hesab arasındakı fərqi artırmasına Quqeşaşvili mane olub. 23 yaşlı qolkiper yaxın məsafədən topun qapıdan keçməsinə imkan verməyib.

65-ci dəqiqədə rəqibin müdafiədəki səhvindən istifadə edən Zubir topu Vadjiyə ötürüb. Sonuncunun güclü zərbəsini Mandanda çətinliklə dəf edə bilib. 79-cu dəqiqədə Bayramovun ötürməsindən sonra Kadi Borges topu dabanı ilə qapıya göndərməyə çalışsa da, təcrübəli qolkiper zərbənin qarşını ustalıqla alıb. Daha sonra yan xətt hakimi bayrağını qaldıraraq, oyundankənar vəziyyət olduğunu bildirib.

83-ci dəqiqədə Patrik Andradenin zərbəsi qüvvətli alınsa da, dəqiqlik çatmayıb. 85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin istiqamətində iti ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib. 90-cı dəqiqədə Dmitri Payetin cərimə zərbəsini Quqeşaşvili dəf edib. Davamında isə top qapı tirindən geri qayıdıb. Ancaq Payet əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Bildirək ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də saat 21:45-də Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qurban Qurbanov: “Bakıda “Marsel”ə qarşı bundan daha yaxşı mübarizə aparacağıq”

“Qarabağ” FK-nın 50 yaşlı mütəxəssisi rəqibi qələbə münasibətilə təbrik edib: “Dünən də bildirmişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Ancaq komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı oyunda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik”.

Qurbanov cavab qarşılaşmasına da toxunub: “Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik”.

Baş məşqçimiz Qurban Qurbanovun “Marsel” ilə oyundan sonra fikirləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın