Tural Bədirxanlı adı çoxlarımıza tanışdır. Gənc yaşda  dünyanın texnologiya mərkəzi Silikon Vadisində böyük uğur qazanan,  Google və Twitter kimi tanınmış şirkətlərdə çalışan Tural Bədirxanlı ölkəmizdə hər kəsin sözün əsl mənasında həsəd apardığı şəxsdir.

Masaçusets Texnologiya İnsitutunun (MİT) məzunu Tural Bədirxanlı bir neçə il öncə 2 başqa təsisçi ilə Namo Media reklam şirkətini qurub və bununla da yeni uğura imza atıb. Bundan sonra tanınmış İT brendlərin şirkətə marağı artıb. Elə bunun nəticəsidir ki, bu yaxınlarda məşhur sosial media platforması Twitter adı çəkilən şirkəti 50 milyona satın alıb.

Bu da  Tural Bədirxanlını bir daha gündəmə gətirdi. Hər kəsin “milyonçu” adlandırdığı Tural Bədirxanlı bütün bunlarla bağlı uğur hekayəsini Xeberler.az saytına danışıbTural Bədirxanlı ilə müsahibəni təqdim edirik:

– Tural bəy, sizin müsahibələrinizi oxumuşam. Elə birbaşa suala keçmək istərdim. Qubadan uzaq Amerikaya getmək və gənc yaşda informasiya texnologiyaları (İT) sahəsində bu qədər uğur qazanmaq.. Maraqlı olduğu qədər bir az çətin səslənir. Bunu  necə bacardınız?

-Qubada türk liseyində oxumuşam. Rayon uşağıyam, o vaxt Amerika haqqında heç bir məlumatım yox idi (gülür). Sadəcə rayonda görməyə başqa is yoxdur. Yəni, mənim əlimdə təhsilim var idi. Görəcəyim başqa iş də olmadığı üçün bütün diqqətimi təhsilə yönəltmişdim deyə yalnız oxuyurdum.

– İT biliklərinizin təməli Qubada qoyuldu deyə bilərik?

-Əslində mən Qubada liseydə oxuyanda kod yazmağı bilmirdim. Yəni, liseydə əsasən riyaziyyatı, fizikanı yaxşı  oxuyurdum. Dünya haqqında əsas məlumatları fizika verir.  Həmişə yeni nəsə yaratmağa meyilli olmuşam. Buna görə də fizikaya çox bağlı idim. Elə 8-9-cu siniflərdə də marağım sırf bu istiqamətə idi. Tez-tez olimpiadalara gedirdim və uğur qazanırdım. Amma lisey vaxtı kompüterdə o qədər çox işləmirdik. Öyrəndiyim bir Paskal dili idi. Həmişə istəyirdim ki, mühəndis olum. Çünki bu sahədə nəsə qurub, yaradırsan. İnsanların istifadə etməsi üçün yeni alət kəşf edirsən. Bunlara görə fizika, riyaziyyat fənləri diqqətimi çəkirdi.

-Liseyi bitirdiz, bəs sonra?

-Qeyd edim ki, liseyi bitirəndə Amerika haqda demək olar ki heç nə bilmirdim. Amma univeristeti də Azərbaycanda oxumaq istəmirdim. Qubadan Türkiyədə təhsil alan dostlarım vardı. Onlardan İstanbulda təhsillə maraqlandım. Xərcləri hesabladım. Ailəm də təhsilimə investisiya etməyə maraqlı idi. Baxdım ki, İstanbulda oxumağa maddi gücümüz çata bilər. Buna görə də qərarımı verib Türkiyə Boğaziçi Universitetində fizika üzrə bakalavr təhsilinə başladım.

-İstanbulda oxumaq sizə nə qazandırdı? İT biliklərinizi təkmilləşdirmək, startaplar sahəsi ilə bağlı nələr öyrəndiniz?

-Türkiyədə yalnız 1 il oxudum. Və bu bir il içində çox şey öyrəndim. Oxumağa başlayanda yeni insanlarla tanış oldum. Şanslıyam ki, yaxşı dostlarım oldu və onlar həmişə öz təcrübələrindən mənə yol göstərdi. Mən də bu şansları dəyərləndirdim. Qlobal dünya ilə bağlı məlumatlarımı, dünyagörüşümü İstanbul formalaşdırdı.

-İstanbulda oxuduğunuz zaman həm də işləyirdinizmi?

-Xeyir, buna elə çox ehtiyac duymurdum. Əsasən dərslərlə məşğul olurdum.

– Elə ilk ildən Boğaziçi-dən imtina etmisiniz. Necə oldu ki, Masaçusets Texnologiya İnsitutununa (MİT) müraciət etdiniz?

-Türkiyədə olanda öyrəndim ki, Amerikada elə universitetlər var ki, “Need blind admission” siyasəti yürüdürlər, yəni universitetə qəbul zamanı maliyyə vəziyyətinizdən asılı olmayaraq sizi qəbul edirlər. Sizin pulunuz var, yoxdur, onlar üçün fərq etmir. Onlar ehtiyaca görə təqaüd verirlər, yəni sizə lazımi qədər maliyyə dəstəyi göstərirlər. Bunları öyrənəndən sonra bu imkanları verən universitetləri araşdırmağa başladım. Məlum oldu ki, 5-6 universitet – Harvard, MIT, Prinston, Yale kimi universitetlər var ki, bu imkanları verir. Türkiyədə yaxın dostlarım mənə bunu demişdi ki, araşdır və dəyərləndir. Baxdım ki, MİT mühəndislik baxımından çox yüksək səviyyəli universitetdir, həm də təqaüd imkanı var. Onlara müraciət etdim və elə oldu ki, MİT-ə qəbul oldum və Amerikaya gəldim. Və ilk ildən Boğaziçi univesitetindən imtina edib, MİT-də yenidən bakalavra başladım.

 -O zaman sizin bacarıqlı İT mütəxəssisi, mühəndis kimi yetişməyinizdə Masaçusets Texnologiya İnsitutunun böyük rolu var.

-Təbii. MİT bir universitet olmaqla yanaşı, dünyada ən güclü İT mərkəzlərindədir. Universitet  həm də araşdırma mərkəzidir. MİT-i əsasən nəzəri biliklər tədris edir. Burada proqramlaşdırmanı və öz sahəmlə bağlı bir çox təməl bilikləri mənimsədim.

-Əslində Amerikada bir çox tanınmış universitetlərdə (Stanford kimi) startap sahəsinə xüsusi diqqət edilir. MİT-də startap layihələri üzərində işləmək imkanı oldumu?

– MİT-i əsasən elmi, nəzəriyyə mərkəzidir. Burada əsasən araşdırma aparılır. Çox sayda şirkətlər də universitetə bu araşdırmalarla bağlı yatırım edir. Buna görə də universitetin özünün 3-4 min bakalavr tələbələsi varsa, 6-7 min də magistratura və doktorantura oxuyan və araşdırma edən tələbələri var. Yəni, universitet startap mühiti olaraq o qədər qabaqcıl deyil. Buradakı fəaliyyətlər biznes yönümlü yox, daha çox araşdırma elmi, nəzəriyyə ilə bağlıdır. Bu fəaliyyətlərin sənayeyə yönləndirilməsi o qədər güclü deyil. Bəli, Stanfordda bu xətt daha güclüdür. Buraya böyük şirkətlər – Google, Facebook, İBM yatırım edir.

-Tural bəy, dünyanın ən inkişaf etmiş universitetində oxumaq və dərslərdən uğur qazanmaq yəqin ki, o qədər də asan olmayıb. Tələbə olaraq vaxtınızı necə bölürdüz? Ümumiyyətlə, Amerikada tələbələr bu vaxtı necə tarazlayır?

-MİT-də tələbələr dərslə, tapşırıqlarla o qədər yüklü olur ki, gərək bütün gün oturub oxuyasan ki, dərsi uğurla bitirəsən. Vaxtınızın 80 faizini gərək oxuyasınız. Bəzi dərslər var ki, praktik işi daha ağır olur. Buna görə də zamanın düzgün planlamasında tələbələr çox əziyyət çəkir. Orada təhsil sistemi Azərbaycandakından çox fərqlidir. Dərslər, mühazirə gündə 3-4 saat olur. Əsas yük tapşırıqlardır. Gərək tapşırıqları tələbə özü etsin. Birinci semestr ortalama bal aşağı olarsa, ikinci semestr də bu təkrarlansa, universitetdən kənarlaşdırılırsan. Həmçinin tələbələr oxuduqları vaxt yayda məşğul olmaq üçün təcrübə proqramları axtarırlar. Bu da onların çox vaxtını alır. Hətta buna bir dərs qədər vaxt da ayırılar ki, qərar verə bilsinlər. Bununla bağlı araşdırma aparırlar, şirkətlərlə müsahibələrə gedirlər. Həqiqətən bu proses çətin və vaxt aparandır.

 -Onda belə çıxır ki, orada tələbələrin sosial həyatı yoxdur?

(Gülür).Əslində ev tapşırıqları ən çox araşdırma tipli olur. Ona görə tələbələr birgə çalışırlar. Yəni, bir-birinin evinə gedirlər, gəzirlər. Beləliklə, həm oxuyurlar, həm də vaxtlarını bir yerdə keçirə bilirlər.  Yalnız 5 və 6-cı gün axşamlar harasa rahat getmə imkanı olur.

-MİT-da  texnologiya sahəsində tanınmışlarla görüşmək, onlardan dərs almaq imkanınız olurdumu?

-Bəli, əsasən İT-də yenilik edən professorlarla görüşürdük. Onlardan dərs alırdıq. Nəhəng, qlobal şirkətlərin təmsilçilərindən, İnternetdə ilk virus yazan Robert Morisdən aldığım dərslərdən çox faydalandım. Onların dərsləri böyük təcrübələr idi.

-Yeri gəlmişkən, belə tanınmış insanlarla ünsiyyət qurmaq necə idi? Günlərlə arxalarınca qaçırdınız, ya istədiyiniz vaxt sualı ünvanlayıb cavab ala bilirdiniz?

-Xeyir, əslində onlar daha çox sadə olur. Görüşdüyünüz vaxt istədiyiniz mövzu ilə bağlı sizə yardım edirlər və yaxud da e-mail ünvanlarına müraciət edirsiz, cavablayırlar. Universitetdə hər professorun özünü ayrıca otağı var və tələbələri orada qəbul edirlər.

-Yəqin MİT-dan yeni bir avadanlıq yaradaraq ayrıldınız. Buraxılış işiniz nə ilə bağlı idi? Orada elmi rəhbər və mövzu seçmək necədir?

-Mənim magistr işim Computer Networks ilə bağlı idi. Adətən professorların məşğul olduğu bir neçə layihə olur. Əvvəlcə professor seçməlisən. Bu məsələdə həm siz seçirsiz, həm sizi seçirlər. Yəni, professor da sizinlə işləməyə razı olmalıdır. O, sizin semestr müddətində fəaliyyətinizi dəyərləndirərək seçim edir. Professor özü tələbənin bir semester pulunu, yəni axtarışa xərclədiyi miqdarı ödəyir. Əlbəttə bu, professorun öz cibindən olmur. Onlar  üzərində işlədikləri layihələrə görə qrant alırlar.

Elmi işimə Tailanddan bir şirkət sponsurluq edirdi. Qeyd edim ki, MİT-ə “research” üçün külli miqadarda vəsait ödəyirlər. Mənim də işlədiyim layihə  Kartel-in bir parçası idi. İdeya o idi ki, məlumdur ki, şəhərdə çox açıq Wi-Fi-lar olur (Hot-spotlar). Avtomobilinizlə şəhərdə hərəkət edəndə deyək ki,  telefonda video izləyirsiniz, lakin ərazidən uzaqlaşanda internet də itir və sizin açıq olan səhifənizdəki video avtomatik olaraq dayanır. Ola bilər ki, növbəti Hot-spot-a qoşulanda video dayandığı yerdən davam etməsin və bu məqamda sizə bu xidmətlərdən istifadə etmək o qədər də rahat olmur. Mənim layihəmdə isə bunların hamısını birləşdirildi, bu spesifik halda video dayandığı yerdən davam edir.  Yəni, bu elə modul  idi ki, özü avtomatik digər açıq Wi-Fi-lara qoşulurdu.

-Bəs sonra bu layihədən isifadə edib, pul qazanmadınız?

-Xeyir, mən məzun olduqdan sonra layihəni izləmədim. Professorum sonra həmən layihəni Tailandda təqdim etmişdi.

-Tural bəy, maraqldır MİT-i məzunu olmaq sizi bir addım öndə edibmi? Nə vaxtsa bu ad sizə kömək edibmi?

-Qapıdan keçənə qədər, bəli ( gülür). Belə məşhur adlar sizə yalnız qapıdan keçməyə kömək edə bilər. Sonra işləməsən, canını qoyub aktiv olmasan, adın heç bir önəmi, köməyi olmur.

-Gələk bizim İT gəncləri maraqlandıran suala.  Dünyanın texnologiya mərkəzi Silikon Vadisində yerləşən Google kimi nəhəng şirkətdə işləmək hər kəsin arzusu və siz bunu bacarmısız. Yəqin ki, buraya qəbul olmağın da öz  maraqlı hekayəsi var.

-Bəli, mən MİT-da sonuncu kursda olanda artıq iş axtarmağa başladım. Çünki universiteti bitirəndən 3 ay sonra işləmirsənsə, viza müddəti bitir və  ölkənə qayıtmalısan. Həmin illərdə (2008-2009) Amerikada ciddi böhran yaşanırdı. Bu, bütün sahələrə təsir etmişdi. Şirkətlər də işçi götürməyə ehtiyatla yanaşırdı. Baxdım ki, bank sektorunda bir çox şirkət batıb. Və qərara aldım ki, İT şirkətlərə müraciət edim. Bir çox şirkətə müraciət etdim. Google-un özü bir müddət işçi qəbulunu dayandırmışdı. Oracle şirkəti ilə müsahibəyə getdim. Məlumat verdilər ki, indi vəziyyət yaxşı deyil və şirkət növbəti ilin dəyərləndirməsini etdikdən sonra sizə bir cavab deyəcək. Elə bu vaxtlar idi. Mən də yönəldim startaplara. Əslində, bu, yaxşı imkan oldu. Dərin araşdırma apardım. Bu müsahibələrin nəticəsində 3 yerdən təklif gəldi. Admope, Oracle və başqa bir şirkət. Mənim seçimim Admope oldu.

-Admope-da  mühəndis olaraq  fəaliyyətə başladınız?

-Admop şirkəti Apple-Android proqramına uyğun olaraq reklamlar yerləşdirirdi. İşin prinsipi belə idi ki, doğru adama, doğru ünvanda, doğru reklamı təqdim etməlisən. İOS, Android və mobil  veb platformalar üçün yazılan hər hansı bir proqramda yerləşdirirdik. Bu mobil bazarda yenilik idi. Admope şirkəti çox sürətli böyüyürdü. Demək olar ki, ildə 3-4 dəfə böyüyürdü. Lakin şirkətin infrastrukturu bu böyüməni daşımaq üçün yetərli deyildi. Bunun üzərində işlədik. Burada istifadə olunan proqramlaşdırma dilini tam dəyişdik. Elə oldu ki, bizim şirkəti mən qoşulandan 10 ay sonra 750 milyona  Google şirkəti satın aldı. Burada artıq daha da təkmilləşdirici işlər həyata keçirildi. Şirkət daha da böyüməyə başladı, mobil reklam departamenti daha da inkişaf etdirildi. Şirkət kifayət qədər gəlir götürürdü.

-O zaman ilk maaşlı iş yeriniz Admope oldu?

-Bəli, ilk  maaş aldığım, daimi iş yerim oldu. Bura mənə çox yaxşı təcrübə qazanmaq imkanı verdi. Şirkətimiz Gooogle-a köçəndə mən bir sonrakı mühəndis pilləsinə yüksəldim.

– Tural bəy, hansı gəncdən soruşursan deyir, Google-da işləmək istəyirəm. İnsanları Google-a çəkən nədir?

-Google sadəcə sıradan bir qlobal bir şirkət deyil, Google Silikon Vadisinin mədəniyyətini formalaşdıran ən nümunəvi şirkətlərdən biridir. Hər baxımdan burada böyük imkanlar var. Bu mədəniyyətin formalaşmasında Google-un böyük rolu olub. Müsbət tərəflərindən biri də orada çox ağıllı mütəxəssislərin, innovasiyaların olmasıdır. Google-un əvvəldən ciddi texniki problemləri olub. Həmin problemləri bu mütəxəssislər effektiv həll edib. Bu da şirkətə texiniki bilikli insanları yığıb və bu mədəniyyət formalaşıb.

-Google-da rəhbər (CEO)-işçi münasibəti necədir? Ümumiyyətlə, yuxarı qurumlarla işçilər arasında uçurum varmı?

-Şirkətin CEO-ları Larry Page və Sergey Brin çox sadə insanlar idi. Larry Page-i tez–tez görürdüm. Google-da kiçik mətbəxlər var, gəlib kofe alırdı. Digər CEO-lardan Eric Simit-lə mənim otağım yaxın idi. Həmişə görürdüm onu, BlackBerry və Android telefonu vardı (gülür).

-Google-da daxili mühit, iş rejimi necədir? Şirkətdə işə gecikmə, töhmət halları varmı?

-Google-da iş mühiti dəyişkəndir. Silikon Vadisində heç kim baxmır ki, nə vaxt işə gəlib, nə vaxt gedirsən. Əsas olan üzərində olan işi vaxtında bitirib, təhvil verməkdir. Yadımdadır ki, bir dəfə menecerimə yazmışdım ki, bu gün tez getməliyəm. O isə cavablamışdı ki, bunu deməyə ehtiyac yoxdur. Google MTİ-yə çox oxşayırdı. Hər kəs idman çantası ilə gəlir, başını aşağı salıb işini görürür. Google-da yazılmayan şərt var idi ki, gərək 3 gündən bir evə gedəsən. Yəni, orada çalışmaq üçün hər şərait yaradılıb. İstirahət etmək üçün də xüsusi yerlər ayrılıb, bəzən olur ki, adamlar orda yatırlar, çox vaxt heç kim evə getmək istəmir (gülür).

-Google-da qarşılaşdınız ən maraqlı hadisə (mənfi və ya müsbət) hansı olub?

-İş fəaliyyətimdə o qədər məcara yaşamamışam. Məlumdur ki, Google yaradıcı insanları toplayıb və bəzən onlardan qəribə, maraqlı hərəkətlər çıxır.   Google-də işləyən bir nəfər vardı. Bir il Google-un yaxınlığında öz maşınını saxlayaraq onun içərisində yaşamışdı. Yadımdadır, bir gecə yatmamışdım. Düşündüm ki, Google-a işə gəlim, öncə qeyd etdiyim həmin istirahət otağında bir Nap Machine (yatmaq üçün balaca maşın) tapım və bircə saat yatım. Binanı axtardım, birtəhər Nap-i tapdım. Elə yenicə içində yatmışdım ki, baxdım ki, Machine-nin pəncərəsi döyülür ki, buranı sifariş etmişəm. Deməli, bunu əvvəlcədən sifariş etmək lazım imiş (gülür).

-Google-də işləmək sizdə hansı hisslər yaradıb? Məsələn, deyək ki, sizdə özündən razılıq olubmu?

-İlk vaxtlar bir az olub (gülür). Amma sonra görürsən ki, burda hamı hədsiz çox çalışır. Odur ki, sən də məcbursan ki, işinə diqqət yönəldib işləyəsən.  Yəni, əlini-qolunu çırmayıb işlədiyin zaman Google sənin üçün maraqlı mühit olur.

-Google-da çalışmağın addan başqa, ən üstün cəhəti nədir?

-Google-un böyük resurs və geniş insan kütləsinə çıxışı var. Bunlar sizin gələcək fəaliyyətiniz üçün çox böyük imkanlar yaradır. Elə ölkələrdən gələn adamlar olub ki, bir müddət Google-da çalışıb və sonra bu təcrübə ilə gedib ölkəsində öz şirkətini qurub. Mən çalışdığım vaxt şirkətin 50 min işçisi var idi. Maraqlı tərəfi isə Google effektivliyi saxlamaqla bu qədər işçi ilə fəaliyyətini sürətlə davam edə bilir.

-Şirkətin öz daxili qanunları varmı? Google-da qərarlar necə qəbul olunur?

-Baxır  hansı istiqamətdə qərarlardır. Texniki qərarları mühəndislər özləri verə bilir. Yəni, onlar bu məsələdə azaddırlar. Ona görə də əgər ağıllı insanları cəlb etmək istəyirlərsə, bunun üçün onlara azadlıq verirlər. Google-da mühəndislərə güvənirlər. Məsələn, şirkətdə kod yazırsansa, mütləq hamı baxır və feedback (rəy) verir. Ən ağıllı mühəndisin də işi yoxlanılır. Bu həm məlumatlanmaq üçün, həm də effektivlik baxımdan müsbət haldır. Demirsən ki, bu, yanlışdı. Konstruktiv rəy verirsən.

-Google-un işçilərinə yönəlik hansı xüsusi siyasəti var?

-Əslində hər yerdə pessimist insanlar da olur. Yəni, ola bilər ki, siz hansısa işi yanlış etmisiz və sizi daha çox həvəsdən salmaq üçün mənfi rəy verirlər. Amma şirkət bu məsələni bir neçə dəfə vurğulayıb ki, işçilərə tənqid yox, təklif verin. Şirkətdə hər 5-ci gün Thanks God It is Friday (TGIF) tədbiri təşkil edilir. Tədbiri Lary Page ilə Sergey aparırdı və açıq idi. Kim istəsə, qatıla bilirdi. Bu tədbirlərdə həmişə vurğulayırdılar ki, işçilərə faydalı rəy vermək, yönləndirmək lazımdır və bu çox vacibdir. Onlara çıxış yolu göstərmək lazımdır. Orada insanlar bu  münasibətləri  dəyərləndirir.

-Qeyd etmisiz ki, öz  şirkətiniz – Namo Media-nı qurmağınız ən böyük uğurlarınızdan olub. Necə nail oldunuz buna?

-Həyatımda bir neçə mərhələ olub ki, o vaxtlarda böyük imkanlar yaranıb. Bəlkə Namo Media-nın qurulması onlardan biridir. 2 il Google-də çalışdım və 2012-ci ilin əvvəlində Google-dan ayrıldım. Silikon Vadisinin imkanlarından istifadə etmək qərarına gəldim. Çünki Silikon Vadisinin imkanlarından biri də odur ki, burada külli miqdarda resurslar var. Orada mentor resurslar, şirkət qurmuş insanlar, venture capital-lar (investisiya kapitalları) var ki, onlar yaxşı ideyaların arxasında dururlar, onları maliyyələşdirirlər. Burada iş görmək, biznes aparmaq üçün böyük şirkətlər var. Bu imkanlar hamısı bir yerdə, bir regiona – Silikon Vadisinə yığılıb. Mən də bu imkandan istifadə etmək istədim və beləcə yola düşdüm.

-Namo Media necə işləyir, bunun bizneslərə, xüsusilə də Twitter-ə nə kimi faydaları var?

– Namo Medianın fundamental həll etdiyi problem o idi ki, iPhone, Android telefonlarda yazılmış tətbiq sahibləri, yəni onları yazan adamlar ondan pul qazanmaq istəyirlər. Biz də o insanların o applikasiyalardan pul qazanması üçün imkan yaratdıq. Yalnız bizim fərqli cəhətimiz o idi ki, bizim pul qazanmaq üçün qoyduğumuz reklamlar tamamilə fərqli formatda idi. Həmin dövrdə o formatdan yalnız Facebook və Twitter istifadə edirdi. Onlar bu formatı öz platformaları üçün düzəltmişdilər, amma onların milyardlarla dollar dəyərində olan şirkətlərdir. Ona görə, bu şirkətlər bu formatlı reklamı öz platformalarına qoya bilirlər. Bizim yaratdığımız texnologiya ondan ibarət idi ki, bütün başqa şirkətlər – bunlar arasında Fox News, ESPN kimi şirkətlər var – bizim texnologiyadan istifadə edərək yeni reklam növünü öz applikasiyalarına yerləşdirə bilirlər. Bu reklam növünün adı “Native advertisement” (Təbii reklam) idi. Necə ki, Facebook-un xəbər axınında reklamlar görmüsünüz yəqin. O, tamamilə fərqli format reklamdır. Bu formatda reklamdan başqa tətbiqlərin istifadəsi üçün texnologiya yaratdıq.

-Layihə artıq Twitter-ə məxususdur?

– Bəli, artıq 2-3 aydır ki, Twitter Moments-da işləyirəm. Moments şirkətin yeni layihəsidir. Burada  bütün tədbirlər hekayə formasında təqdim edilir. Bunun üçün orada güclü editorlar-redaktorlar var. Biz də işin daxilindəyik. Gələcəkdə bu funksiyanın avtomatlaşdırılmasını nəzərdə tuturuq.

-Hamıya maraqldır ki, Twitter-in ödədiyi pulu necə necə böldünüz? Deyirlər, milyonçusunuz. Pul yalnız sizə çatdı? Şirkətin sizdən tələb etdiyi öhdəlikləri də varmı?

-Bu fəaliyyətin öz qanunu var. Həmin məbləğ qurucular və işçilər arasında bölünür. Biz də elə etdik. Bəli, öhdəlik kimi deməzdim.Twitter-lə imzaladığımız müqavilə şərtlərinə görə mən bir müddət burada qalmalıyam və bəzi işlərdə köməklik etməliyəm. Bir il Namo Media məhsulunu Twitter-ə inteqrasiya etdikdən sonra mən artıq indi Twitter-in parçası olaraq daha fərqli layihələr üzərində işləyirəm. Daha çox Twitter-in özünün tətbiqləri üzərində çalışıram. Detallar barədə çox dərinə gedə bilmərəm, amma Nyu-Yorka gəlməyimin səbəblərindən biri də odur ki, buradakı Twitter-ə aid yeni ideyalar üzərində işləyim və onları təkmilləşdirim.

-Heç düşünmüsünüz ki, kaş ki, layihəni Twitter-ə verməzdim?

-Bəzən olur (gülür). Biz, qurucular çox fikirləşdik və müzakirə etdik. Dəyərləndirdik ki, çalışanlar üçün bu daha yaxşı seçimdir.

-Neçə il Twitter-dəsiz? Sonra yenə hansısa brend şirkətə getməyi, yaxud öz şirkətinizi yaratmağı düşünürsünüz?

-Yaxın bir neçə il ərzində hələ şirkətdəyəm. Hazırda yeni ideyalar üzərində işləyirəm. Gələcəkdə də özəl biznes, startapla bağlı bir neçə ideyam var. Onları  formalaşdırıb, özəl şirkət yaratmağı düşünürəm. Hansı layihə üzərində çalışacağımı hələ dəqiqləşdirməmişəm. Ona görə indi nəsə demək tezdir.

-Tural bəy, indi bir çox gənclər arasında belə bir fikir populyardır ki, məktəbdəki, universitetdəki biliklər gələcək üçün elə də faydalı deyil. Onlar da universitetdən imtina edib, startaplarını yaratmaq istəyirlər. Siz də elə düşünmüsünüz ki, Qubada dərslərə boş yerə vaxt sərf etmisiniz?

-Xeyr. Mən şanslıyam ki, fizika ilə məşğul olmuşam.  Fizikanı öyrənmək düşünməyi öyrədir. İstənilən mənada təhsil, ilkin biliklər vacibdir. Fizikaya sərf elədiyim vaxt boşa getmədi.

Elementar biliklər olmadan uğur qazanmaq çətindir. Sizin qeyd etdiyiniz formada deyimlər kağızda yaxşı görsənir. Bir milyon adamdan yalnız 1-2-si elə çıxır, məktəbi və universiteti bitirmədən nəsə edə bilir və hamı ona deyir ki, uğur qazanıb. Amma bu yolla daha çox sayda insanlar uğur qazana bilməyib. Hər vaxtı ayrı dəyərləndirmək lazımdır. Təhsil çox vacibdir.

-Sizcə, uğur qazanmaq üçün, xüsusən də startap sahəsində məkan, mühit vacibdirmi?

-Mühit çox vacibdir. Məsələn, elə mühitə düşürsünüz ki, ətrafında hamı oxuyur. Mən MİT-ə ilk dəfə gələndə intensiv mühit olduğunu gördüm. Mənə bir az qəribə gəlirdi. Dərslər, ev tapşırıqları çox ciddi formada təşkil edilir. Bizdəki kimi yalnız imtahanda yox, hər həftə sizdən hesabat alırlar ki, nə edibsiz? Deadline-lar olur. Tapşırıqları vaxtında çatdırmalısan. Orada başlanğıc çox adi şeylərdən başlayır. Sadə şeylərdən başlayır, amma sürətlə artır.Və əlbəttə problemlər olur. Bəzən onu bir şəxsin etməsi çətindir. Yaxşı, bacarıqlı çevrə-networking problemləri daha sürətli həll etməyə imkan yaradır. Bu baxımdan da networking startapçılar üçün çox faydalıdır.

-Dünyanın İT sektorunun içində olan insan olaraq sizcə, yeni innovativ ideyalar tükənirmi?

-Tanınmış İT ekspertlər, professorlar bu haqda da çox yazıblar ki, yenilik etmək üçün limit faktoru o potensiala malik insandır. İdeyalar çoxdur. Onu gerçəkləşdirmək lazımdır. Hər zaman dinamik mühitdə yaşayırıq. Yeni problemlər əmələ gəlir, yeni ideyalar formalaşır. Onu reallığa çevirəcək insan lazımdır.

 -Bəzən gənclər ideyalarını bir-birləri ilə paylaşmırlar ki, oğruyarlar. Silikon Vadisində də bu qorxu varmı?

-“Yaxşı ideyam var. Oğurlayarlar” söhbətinə Silikon Vadisində sadəcə gülürlər.

-Dünya təcrübəsindən məlumatlı bir şəxs olaraq fikirləriniz maraqlıdır ki, Azərbaycan  hazırki vəziyyətdə İKT sektorunu, xüsusilə də startap ekosistemini necə inkişaf etdirə bilər? İlk nədən başlamalı?

-Azərbaycanda dövlətin dəstəyi olsa, şirkətlər daha böyük addım ata bilər. Azərbaycan kimi ölkələrdə İKT-nin yeni inkişaf etdiyi vaxtlarda dövlət əsas rol oynamalıdır. Çünki dövlətin resursu var ki, qarşıdakı 50 ili düşünsün. Dövlət güzəştlər edə bilər. Dövlətin ayırdığı 10 -15 min qrant sadəcə başlanğıc mərhələdə kömək edə bilər. Bakının regional rolunu yüksəltmək üçün qanunvericilikdə dəyişiklik olsun ki, aktivlik artsın. Bu sənayeni yaratmaq üçün Azərbaycanda tək resurs yox, qərbdən, Avropadan, İrandan və digər ölkələrdən – Şərqi Avropadan, Rusiyadan İT mütəxəssislər, resurslar cəlb edilməli, əməkdaşlıq lazımdır. Dövlət imkan yaratmalıdır ki, bu şirkətlər həm Azərbaycanda işləyə bilsin, həm də xaricə çıxıb, özünə ofis açıb, əlaqələrini  gücləndirsin ki, böhran vəziyyətində ölkəyə yardım edə bilsin. Amerikada ona görə İKT var ki, vaxtında dövlət buna dəstək olub. Əvvəlcə Azərbaycan  bu sahəyə xərc çəkməlidir. Sonra nəsə tələb edə bilərik.

-Azərbaycan qlobal bazara birbaşa Silikon Vadisindən başlaya bilər, yoxsa ilk öncə qonşu ölkələrdən başlamalı? Hansı daha məntiqli və uğurlu olar?

-Bəli, düzdür. Azərbaycanda qonşuları var. Dünyanın bu tərəfində Rusiya, Türkiyə və digər böyük bazarlar var. Hələlik bu bazarlarda iş görmək Azərbaycan üçün daha asandır. Buradakı bir adam Amerikada gedib nəsə etmək istəsə, çətin olar. Amma öyrənə bilər. Burada 10 iş görürüksə, Amerikada 1 iş görmək olar. “Now how” təcrübəsini yaşamaq lazımdır. Amerikada öyrənilən bilikləri istifadə edərək insanlar gedib öz ölkələrində  şirkət qururlar. Bu format uğurludur. Türkiyə və Rusiyaya axın ediriksə, Amerikaya da axın olmalıdır. Bütün resursları oraya yönləndirmək də düzgün olmaz. Orada 100 nəfərdən biri uğur qazanır. Amma daha yaxşı olar ki, Azərbaycanın da Silikon Vadisində bir ofisi olsun.

– Son olaraq,  İT gənclərə, startap yaratmaq istəyən oxucularımıza  layihələrinin uğur qazanıb, davamlı olması üçün nə məsləhət görərdiniz?

-İlk növbədə qlobal bazara çıxmaq lazımdır. Azərbaycanda oturub dünya bazarı üçün məhsul hazırlamaq çox çətindir. Çünki burada heç nədən xəbərimiz olmur. Burada oturanda yalnız ətrafını görürsən, bu dünya reallığı deyil. Azərbaycan reallığıdır. Mühiti də yalnız buna kökləyə bilərsən. Qurulan startaplar problemi sürətlə həll etməlidir. Bəzən düşünürük ki, internetlə bütün məlumatları almaq olar, amma mən elə düşünmürəm. Yalnız  şirkət qurulduqdan sonra əgər şirkətin ofisi Amerikada olarsa, mühəndisləri Amerikada yetişdirib, Azərbaycanda da ofis açarsa, o zaman internetlə işləmək olar. Amma Azərbaycanın indiki məqamında yeni innovativ layihə yaradan gənclər mütləq qlobala çıxmalı, bir müddət orada yaşayıb, təcrübə toplamalıdır. Çünki əgər yeni innovativ həll yolu yaradırsınızsa, əvvəlcə o problemi qavraya bilməlisiniz. Bazarda tələbat olmalıdır ki, bu tələbata uyğun layihə hazırlayasan. Birdə innovasiyanı məkana uyğunlaşdırmaq lazımdır. Amerikada insanlar yeniliklərə daha çox açıqdır. Bu da layihələrin belə sürətlə böyüməsində böyük rol oynayır. Bəzi cəmiyyətlər var ki, bu yenilikləri ancaq dünyanın hamısı qəbul edəndən sonra edir. Bəziləri isə daha tez qəbul edir. Bu məsələni də diqqətdə saxlamaq lazımdır. Gənclər qlobala inteqrasiya edib, bu inkişafı  görməlidirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın