“Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr öncə olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın”.

YALAN.info bildirir ki, bunları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz Twitter hesabında yazıb.

Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq anlaşmalardan yararlanacaq: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”.

“Türkiyə heç kimin haqqını və hüququnu pozmur, ancaq öz haqqını və hüququnu da heç kimə verməz. Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq”, – dövlət başçısı yazıb.

“Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə çalışmağın sonu fəlakətlə nəticələnəcək səydən başqa bir mənası yoxdur”, – Ərdoğan bildirib.

“Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”, – Türkiyə lideri vurğulayıb.

“Biz NATO daxilində hər cəhətdən ən yüksək tələbləri qarşılayan bir müttəfiq olaraq, son iki ildə hərbi nümayəndə heyətimizin görüş dəvətlərinə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq. Ancaq görürük ki, bizim səbrimiz, soyuqqanlılığımız qarşı tərəfdən yanlış anlaşılır.

Biz Yunanıstanı bir əsr öncə olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın. Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”, – dövlət başçısı yazıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın