Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin müşaviri Yalçın Topçu deyib.

Xocalının günümüzün məsələsi olduğunu deyən müşavir bildirib ki, Xocalı faciəsi parlamentdə soyqırım kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, dünya ictimaiyyəti özünü elə aparır ki, guya Xocalıda törədilən soyqırımı görmür.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.

Dünyanın bir çox ölkəsi Xocalıda ermənilərin törətdiyi vəhşiliyi soyqırım kimi qəbul edib. Həmin ölkələr aşağıdakılardır.

Meksika –   2012-ci ilin fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Pakistan – 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.

Kolumbiya – 2012-ci il  aprelin 24-də  Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.

Çexiya – 2013-cü il  fevralın 19-da  Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Bosniya və Herseqovina – 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Peru – 2013-cü ildə Peru Respublikasının parlamentində Xocalı soyqırımı rəsmən tanınıb.

Honduras – Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Sudan – 2014-cü ildə Sudan Respublikasının parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.

Ruminya – 2013-cü ildə Rumıniya Parlamenti Xocalı Soyqırımı ilə bağlı bəyənat qəbul edib.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var.

Xocalı soyqırımını tanıyan ABŞ ştatları

2011-ci ildə Texas, Nyu-Cersi, 2012-ci ildə Corciya, Men, 2013-cü ildə Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.

Faciəni soyqırım kimi tanıyan ABŞ ştatları

Xəritədə Xocalı faciəsini soyqırım kimi tanıyan ABŞ ştatları göstərilmişdir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın