Türkiyə mətbuatı İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özilin Azərbaycanda “İlin Döyüşkən Legioneri” seçilməsindən yazıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report”un məlumatına görə, “SporX” dərgisi və “Sabah” qəzeti bununla bağlı məqalə yayımlayıb. İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən 32 yaşlı yarımmüdafiəçinin qalib olduğunu yada salınıb. “2020-ci ilin ən döyüşkən futbolçusu Mesut Özil” başlıqlı xəbər dərginin sosial media hesablarından da paylaşılaraq, çox sayda bəyənmə toplayıb.

Yazıda bildirilir ki, İAM-ın sədri Elşən Məmmədov məşhur futbolçu haqqında bu fikirləri işlədib: “Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verən Mesut Özil bir türk kimi qardaş ölkənin haqq savaşında yanında olub”.

Eyni zamanda yazıda Özilin Vətən müharibəsi dönəmində Twitter-də paylaşım edərək, bu sözlərlə Azərbaycana dəstək olduğu xatırladılıb: “Bütün dünya Dağlıq Qarabağ bölgəsinin hüquqi və beynəlxalq səviyyədə Azərbaycanın bir parçası olduğunu və qanunsuz işğal edildiyinin fərqinə varmalıdır. 2008-ci ilin martında Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütovlüyünü qəbul edib və Erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatı başda olmaqla, əksəriyyətin bölüşdüyü fikri dəstəkləyirəm, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmalar ciddi həyəcanvericidir, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir”.

Təcrübəli oyunçu həmin paylaşımında həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini sitat gətirib.

Qeyd edək ki, Mesut Özil səsverməyə qatılan 51 KİV nümayəndəsindən 20-nin səsini toplayaraq, birinci yeri tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın