Qərb ölkələri hərbi təcavüzlə üz-üzə qalan ölkəyə [Ukrayna] heç bir real yardım göstərmədi. Ancaq o qədər də ciddi olmayan sanksiyalar [Rusiyaya qarşı] gündəmə gətirildi. Yenə də əksər ekspertlər düşünürlər ki, Rusiyaya qarşı sanksiyalar effektli olmayacaq. Çünki Moskva sanksiyaların iqtisadiyyata təsirini minimuma endirmək üçün uzun illər hazırlaşıb.

Rusiya növbəti addımı ilə dünya gündəmini zəbt edib. Söhbət Ukraynanın beynəlxalq hüquq və sənədlərlə təsdiqlənmiş torpaqlarında yaradılan separatçı qurumların rəsmən tanınmasından gedir. Ardınca isə proqnozları alt-üst edərək Ukraynaya hücum edən Rusiya bununla da ağlasığmaz bir qərara imza atmış oldu. Rusiyanın hərbi əməliyyatları qarşısında Ukrayna faktiki olaraq tək qaldı. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özü də etiraf edib:

“Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər”.

Rusiya uzunmüddətli “Donbas bataqlığı”na girib

Rusiyanın bu müharibədən qalib, ya da məğlub çıxacağını proqnoz etmək isə çətindir. Bəziləri bu qənaətdədir ki, Rusiyanın bu addımı ABŞ üçün göydəndüşmə oldu. Onlar fikirlərini belə əsaslandırırlar ki, Rusiya bununla da uzunmüddətli “Donbas bataqlığı”na girib, növbəti ağır xərc və hərbi konfliktə cəlb edilib.

İndi hər kəsi bir sual düşündürür: Rusiya beynəlxalq təhdid və sanksiyalara nə qədər davam gətirəcək? Sözsüz ki, müharibənin Rusiya iqtisadiyyatına ciddi təsirləri olacaq. Rusiya Ukraynanı tez bir zamanda ələ keçirə bilsə, çevriliş olsa, yeni prezident və hökumət seçilsə, rəsmi Moskva müharibənin iqtisadi təsirlərini o qədər də hiss etməyə bilər. Ancaq əksi olsa, yəni Ukraynanın qərbi və şərqi bir-birindən ayrılsa, burada toqquşmalar davam etsə, Avropanın mərkəzindəki müharibənin Rusiya üçün ağır nəticələri olacaq.

İlk və ağır zərbə – “Şimal Axını-2”

İlk ciddi sanksiya “Şimal Axını-2” ilə bağlı olub. Almaniya kəmərin lisenziyasını ləğv edib. Bu kəmər Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya nəqli üçün düşünülmüş plan idi. İndi Rusiya qazı Ukrayna vasitəsilə Avropaya ötürülür. Ukrayna bu tranzitdən həm ildə 3 milyard dollar gəlir əldə edir, həm də Rusiyaya iqtisadi təzyiq imkanı qazanır. 1234 km uzunluğunda olan bu qaz kəməri beş ölkənin – Rusiya, Finlandiya, Danimarka İsveçin və Almaniyanın iqtisadi zonalarından və ərazi sularından keçir.

“Şimal Axını-2”nin sertifikatlaşdırılmasının dayandırılması Rusiyaya yalnız ciddi maddi zərbə vurmur, həm də Avropanın Rusiya qazından gələcək asılılığını aradan qaldırır. Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib ki, Almaniya Rusiyanın “Şimal Axını-2” layihəsini tamamilə dayandıra bilər və Berlin bununla bağlı Avropa və Amerika tərəfdaşları ilə danışıqlar aparır.

Növbəti sanksiya AB-dən gəldi

Növbəti reaksiya Avropa Birliyindən gəlib. AB-nin Rusiyaya qarşı qəbul etdiyi sanksiya paketi qüvvəyə minib. Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın təbliğatçıları – RT-nin Baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov və Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin adı salınıb.

Avropa Birliyi, həmçinin Dövlət Dumasının 351 deputatını, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojinin anası və həyat yoldaşını, Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanovu da “qara siyahı”ya salıb.

ABŞ-ın ilkin sanksiyaları

ABŞ prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar tətbiq edib. Prezident bildirib ki, Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsi kəsilir. Bayden əlavə edib ki, yeni sanksiyalar, habelə Rusiya oliqarxlarını və bu ölkənin texnologiya sektorunu hədəfləyəcək: “Bu müharibə Putinin seçimidir, nəticələrini də o və Rusiya çəkəcək”. Ağ Evdə jurnalistlər qarşısında çıxış edən prezident Rusiyaya qarşı yeni sanksiyaları sərt tədbir adlandırıb: “Bu tədbirlər Rusiya iqtisadiyyatı üzərinə dərhal ağır yük qoyacaq”.

Co Bayden deyib ki, ABŞ sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyalı şəkildə tətbiq edir. O deyib ki, Avropa müttəfiqləri Rusiyanın 4 ən böyük bankının aktivlərini bloklayıblar. Bayden Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılması ilə bağlı suallara cavab olaraq bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç də az sərt deyil.

“Aeroflot”dan tutmuş Putinin kürəkəninədək

Britaniya da Rusiyaya qarşı indiyədək misli görünməmiş sanksiyalar elan edib. Rusiyanın əsas hava şirkəti “Aeroflot”un təyyarələrinin Britaniya hava limanlarına enişi qadağan olunub. Bununla bağlı məlumatı baş nazir Boris Conson verib. Britaniya ən böyük Rusiya banklarına məhdudiyyətlər qoyub. VTB bankın aktivləri dərhal dondurulub. Yeni sanksiyalar iri Rusiya şirkətlərini hədəfləyir. Bundan başqa, Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək malların ixracına da qadağa qoyulub.

London, habelə istisnasız olaraq bütün Rusiya vətəndaşları üçün bank hesablarında 50 min funtadək pul saxlamaq limiti tətbiq edib. Boris Conson deyib ki, sanksiyalar Rusiyanın müttəfiqi Belarusa da şamil ediləcək. Bu da xəbər verilir ki, sanksiya siyahısına salınanların arasında Putinin keçmiş kürəkəni Kirill Şamalov da var. O, Putinin kiçik qızı – Rusiyanın ən gənc milyarderi Katerinanın əri olub.

Sanksiyalar effektli olacaq?

Bəs fövqəldövlət ABŞ-ın tətbiq edəcəyi iqtisadi təzyiqlərin effektivliyi nə qədər ola bilər? Sualı cavablandıran ekspertlər sanksiya siyasətinin uğurlu olmayacağını düşünürlər. “Rusiya hökuməti gələcək sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün uzun illərdir maliyyə və büdcənin restrukturizasiyası işlərini həyata keçirir. Bu işdə Moskvaya neft və qaz qiymətlərinin yuxarı olması kömək edib.

İndi Rusiyanın xarici borcu çox aşağıdır. Bundan başqa, 2014-cü illə qarşılaşdırdıqda indi Kremlin xarici maliyyə institutlarından kredit götürməyə elə də ehtiyacı yoxdur. Ən önəmli məqam isə ondan ibarətdir ki, Rusiyanın xarici valyuta ehtiyatı 631 milyard dollardır. Rusiya dünyanın ən çox xarici valyuta ehtiyatı olan 4-cü ölkəsidir”, – deyə “The New-York Times” qəzeti yazır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın