Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevlə Tokio-2020 Yay Olimpiadasında daha bir gümüş medal qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sərbəst güləşin 65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb.

Gərgin keçən görüşdə meydan sahibi idmançısı 5:4 hesabı ilə qalib gəlib. Güləşçimiz yaponiyalı Takuto Otoquroya finalda 4:5 hesabı ilə uduzmasından danışıb:

“Final üçün hər şeyi düz qurmuşdum. Rəqib fiziki cəhətdən çox zəif idi, bunu hiss edirdim. Ancaq son saniyələrdə ayağıma girməsi həlledici oldu. Halbuki daha öncə həmin ayağıma girməsinə imkan verməmişdim.

Mənə elə gəlir ki, rəqib heç nədən zədəni əsas gətirib görüşü saxlayırdı. Bir də güləşə zidd hərəkətlər çox edirdi, kəllə atırdı, cırmaqlayırdı. Məncə, bu Olimpiya medalı üçün əlimdən gələn hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Deməli, qismətimizdə gümüş medal qazanmaq varmış”.

O daha sonra son saniyələrdə hakimlərin ona qarşı ədalətsiz olmadığını vurğulayıb:

“İstəmərəm ki, ədalətsiz danışım. Məncə, son saniyələrdə hakimlərin verdiyi qərar düzgün idi. Ancaq rəqib sona yaxın qaçırdı, güləşmirdi. Mən də yenə qələbə üçün əlimdən gələni etdim və bir xal fərqi ilə uduzdum. Güləşdə olan missiyamı yerinə yetirdim. Bəlkə də bu, mənim son Olimpiya yarışımdır. Heyfsilənmirəm. Məndən fərqli olaraq, medal qazanmayan idmançılarımız da var. Buna da şükür olsun”.

Bu, Azərbaycanın ikinci gümüş medalıdır. Bundan öncə dünya karatesinin “Brilyant oğlan”ı Rafael Ağayev Tokio Olimpiadasında gümüş medal qazanmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın