Tarif (Qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti toplantısında aidiyyəti qurumların müraciətlərinə baxılıb və uyğun qərarlar qəbul edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə indiki tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən sonra “Azərpoçt” MMC-nin toplam istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirilib. 

Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt Birliyinin tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

Təklif olunan tariflər başqa poçt operatorlarının tarifi ilə qarşılaşdırdıqda aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaqdır. Toplantıda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilmiş və uyğun qərar qəbul olunub. Tarif (Qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, indiki tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir.

Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (Qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də başqa təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcəkdir. Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (Qiymət) Şurasının toplantısında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (Qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Onu da yada salaq ki, Tarif (Qiymət) Şurası Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilmişdir. Şuranın sədri İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın