Azərbaycanın ən çox sayğı duyulan parlamentarilərindəndir. Yüksək mədəniyyəti, vətənpərvərliyi, xeyirxahlığı olan bir insandır. Azərbaycan dövlətinin səsini, cəmiyyətininin ümumi mövqeyini, türk qadın obrazını dünyaya yorulmadan, usanmadan tanıdan bir addır. O, Qənirə Paşayevadır!
Bir millət vəkilindən nə gözləyə bilərik?

x) Seçiciləri üçün əlçatan olsun, onların probleminə, rəylərinə həssas yanaşsın.

Yanaşırmı? Sadəcə seçildiyi çevrənin deyil, bütün Azərbaycan vətəndaşlarının qayğısına qalır yeri düşdükcə. İllərdir fəaliyyətini izləyirəm, deputatlıqdan öncə jurnalistika sahəsində çalışdığından aramızda möhkəm bir səmimiyyət var. Dəfələrlə rast gəlmişəm, Tovuza hətta qonşu olmayan rayonlardan belə qəbuluna onlarla insan gəlib, dərdini-sərini öz deputatına deyil, elə ona söyləyib.

Nədən? Çünki ümid yerinə çevrilə bilib sadə vətəndaşın gözündə. Üstünə ağrı-acı ilə, problemlə gələn insanları gülərüzlə dinləyib, bacardığı qədər yüksək vəzifəli şəxslərdən onların xahişini edib. Daha “özümün xahişini edərəm, limitimi tükəndirməyim” deyə vətəndaşı yola verməyib. Bu qədər neqativ yükü bölüşmək hər insan üçün çətindir əslində, amma insanlara dəyər vermək, yanımcıllıq nümayiş etdirmək fitrət məsələsidir.

x) Bir millət vəkili parlament komitələrinin iclaslarında və ümimi sessiyalarda fəal olmalı, qəbul ediləcək qanunlarla bağlı öz rəy və təkliflərini bildirməlidir. Dəfələrlə “İlin ən fəal deputatı” elan edilib. “Google”-də “Qənirə Paşayeva Milli Məclisdə” yazaraq axtarış verin, nə az, nə çox, 103 mindən çox məlumat üzə çıxacaq. Bir-bir incələmək illər alar, ancaq ötəri nəzəri saldıqda bilinir ki, xanım millət vəkili parlamentdə yetərincə aktual məsələləri gündəmə gətirib.

x) Deputatın funksiyasına beynəlxalq müstəvidə ölkəsini təmsil etməkdir. Az qala bütün dünyanı qarış-qarış gəzib, bir uçaqdan enib, o birisinə tələsib, hər fürsətdə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının maraqlarını müdafiə edib. Deputatlar var, Prezident İlham Əliyevin səfərləri olmasa, öz seçildiyi dairəyə illərlə ayaq basmır, seçicilərinin çoxu üzünü efirdə görəndə də tanımır. Zira, Türkiyənin ən ucqar əyalətlərində “Azərbaycanda hansı millət vəkilini tanıyırsız” deyə soruşulsa, əksəriyyət mütləq Qənirə Paşayevanın adını çəkəcək.

Bir millət vəkilindən daha nə gözləyə bilərik ki?

Zaman-zaman Qənirə xanıma qarşı qarayaxma kampaniyaları aparılıb. Həm də ən primitiv, ən ucuz, ən ləyaqətsiz şəkildə. Heç biri səmərə verməyib, kampaniyanın arxasında duran xəbis insanların niyyəti gerçəkləşməyib, bumerenq effekti verərək öz dillərini kəsib. O sadə səbəbə görə ki, bir parlamentari olaraq fəaliyyəti şəffaf, prinsipləri dəyişməz, mövqeyi aydın və ardıcıldır onun.
Sonacan milli, sonacan dövlətçi bir personadır.
Öz yanımcıllığı, xeyirxahlıq potensialı ilə hər kəsə nümunə göstərilə biləcək bir isimdir bu məkrli dünyada.
Makirlərin (yəni məkr quranlar) son həmləsi bir şəkillə bağlıdır. Sən demə, Azərbaycan dövlətinin atributlarını təhqir edən biri Qənirə xanımla şəkil çəkdiribmiş haçansa. Fotonun hansısa beynəlxalq tədbirdə çəkildiyi, üstəlik şəklin xüsusi olaraq çəkdirilmədiyi, hər baxımdan fərqli olan iki müxtəlif insanın sadəcə eyni kadra düşə biləcək bir məsafədə dayandığı açıq görünür.

Deyək ki, heç belə deyil!

Düşünün, bir toplantıda kimsə Qənirə xanıma yaxınlaşır, bir foto çəkilməsini xahiş edir, o da xahişi geri çevirmir. Bu nəzakəti, bu kübarlığı ittihama çevirməliyikmi? Özəlliklə də söhbət o zamandan gedir ki, fotodakı başqa bəndə – Avropaya sığınıb indi düşmən sifarişi yerinə yetirən o üz qarası hələ onda özünü ən axırıncı yola çıxarmamışdı.
Sözün açığı, mən bu fotonun tirajlanmasına təsadüf kimi baxmıram. Bundan bir qədər öncə Qənirə Paşayevanın mandatına göz dikən şou-biznes nümayəndələrinin olması barədə də informasiya dövriyəyə buraxılmışdı. Bu məlumatın Azərbaycanda erkən parlament seçkilərinin keçirilməsi ehtimalının gündəmə gəldiyi bir zaman kəsiyində yayılması məqsədli təsir bağışlayır.
Görünür Qənirə xanım kimi millət və dövlət adına önəmli işlər görən, fəal və vətənpərvər deputatlarımızın çox olması kimlərisə rahatsız edir.

Kimləri?

Azərbaycanda parlament institutunun güclənməsini, düşünən və danışan bir müəssisəyə çevrilməsini istəməyən tipləri, qüvvələri, mərkəzləri.
Təcrübə isə onu deyir ki, bu cür tiplərin və qüvvələrin başı həmişə xarici axurlara bağlanır.

Qaynaq: Azinforum.az

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın