Suriyanın şimalında durumun gərginləşməsi ilə bağlı yeni məlumatlar yayılıb. Türkiyə ordusunun PKK/YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyinə dair xəbərdarlıqlardan sonra Əsəd rejimi də şimala əlavə qoşun bölmələri və texnika cəmləşdirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Virtualaz.org saytının məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərə görə Suriya ordusunun T-90 tanklarını, BMP-2 piyadaların döyüş maşınlarını və başqa silahlarını daşıyan karvan Tel-Rifat qəsəbəsinə tərəf hərəkət edib. Belə ki, Türkiyə ordusunun və onun müttəfiq qüvvələrinin-müxalif qruplaşmaların hücumunun birinci hədəfinin məhz bu rayon olacağı gözlənilir. 

Bundan öncə Rusiyanın Suriyaya tanklar və başqa zirehli texnika daşıyan desant gəmisinin hərəkət etdiyi məlum olmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında sentyabrın sonlarında Soçidə baş tutmuş danışıqlara baxmayaraq Suriyanın şimalında eskalasiya artmaqdadır. Bu günlərdə Türkiyə tərəfi bölgədəki türk hərbçilərinə artan hücumlara görə Rusiya və ABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdi.

Bölgədən verilən başqa məlumata görə, Rusiya təyyarələri ötən gün müxalif qüvvələrin nəzarətində olan və Türkiyə ordu bölmələrinin də yerləşdiyi bölgələrə xəbərdarlıq vərəqələri səpiblər. Həmin vərəqələrdə müxalif silahlılara ultmatum verilir və mülki əhali xəbərdar edilir ki, bölgədə olabiləcək irimiqyaslı hərbi əməliyyatlar zamanı raket, artilleriya və hava zərbələrindən zərər çəkə bilərlər.

Digər məlumata görə, Suriya ordusunun bölmələri müxalif yaraqlıların güclü artilleriya zərbələrinin ardınca Ayn əl-İssa rayonundan geri çəkiliblər. Həmin rayonda Rusiya ordusunun müşahidə postları da yerləşirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə görə Rusiya vertolyotları bölgədən geri çəkilən Əsəd qoşunlarını havadan müşaiyət edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın