Bildiyimiz kimi bəstəkarların əksəri, adətən, heca şeirlərinə mahnılar bəstələyirlər. Hətta bəzən sərbəst şeir yazan şairlərə mahnı sözləri sifariş veriləndə “heca vəznində yaz” xahişini də edirlər. Çünki heca şeirlərinə mahnı bəstələmək, onu tamaşaçılara sevdirmək bəstəkar üçün daha asandır.

Eyni zamanda iki-üç qafiyə bilən adamlar da heca şeirinə üz tutub şairlik həvəsinə düşürlər, sonra da o istedadsız nümunələrə mahnı qoşub oxuyurlar. Ona görə də, günü-gündən ölkəmizdə dırnaqarası “şair-bəstəkar”ların sıraları genişlənir. Belə olan halda həm musiqimiz, həm də ədəbiyyatımız həqiqi sənət meyarlarını itirir, eləcə də, tamaşaçılar gözəl musiqi əsərlərindən məhrum olurlar. Nəticədə zərbə möhtəşəm mədəniyyətimizə dəyir. Cahil cəsarəti ilə “söz yazıb mahnı bəstələməyi” peşəkar söz ustalarına müraciətdən üstün tutan müğənnilər ordusu yetişir.  

Məsələ ilə bağlı sualımız bundan ibarət idi: “Nə üçün bəstəkarlarımız mahnı bəstələyərkən daha çox heca vəznində şeirlərə meyil edirlər, onlara musiqilər yazırlar, ancaq sərbəst şeirlərə o qədər də maraq göstərmirlər?” 

Şeir növlərinin hökmranlığı

Tanınmış bəstəkar, şair Xanım İsmayılqızı bu məsələni sərbəst və heca şeirinin “hökmranlıq gücü” ilə izah etdi: “Sərbəst şeirlər bəstəkarı özünə tabe edir. Bölgü, ritm, ölçü fərqi mahnının formasını poza bilir. Heca vəznində yazılanlar isə musiqiyə tabe olur, melodiyaya rahat qovuşur. Hecada yazılan şeirlərin özü, bəzən musiqisini gətirir. Onların ritmi dəqiqdir.

Yaradıcılıq azadlığı sevir. Yəqin bəstəkarlar sərbəst şeirə musiqi yazanda çərçivəyə düşür. Məncə, problemin əsas səbəbi budur. Amma elə mahnılar var ki, əvvəl musiqisi yazılır, sonra şeir. Az da olsa sərbəst şeirlərə də nəğmələr yazılır. Bu, həm də sənətkarın təbinin gəlişindən də asılı məsələdir”. 

Var, amma…

Gənc bəstəkar Türkər Qasımzadə isə indiki durumu belə şərh etdi: “Bəstəkarların sərbəst vəzndə yazılmış şeir mətnlərinə müraciəti əvvəllər də olub, indi də var. Bunu Qara Qarayev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Cavanşir Quliyev, Firəngiz Əlizadə, Aydın Əzimov və başqa görkəmli bəstəkarların yaradıcılığında görmək olar.

Mahnı janrının kütləviləşməyə hesablanan xüsusiyyətlərindən biri də onun daxili ritmik strukturundakı aydınlıqla və sadəliklə şərtlənir. Şəksiz, istisnalar da var. Məsələn, sərbəst şeirə mahnı yazanların sırasında Cavanşir Quliyevi, Firudin Allahverdini qeyd edə bilərəm. Onların belə mahnılarından bəzilərini xatırlayıram”. 

Qəlibi qəlibə salmaq…

Gənc şair Qismət isə problemə tamam başqa rakursdan yanaşaraq poeziyaya olan ənənəvi münasibəti aydınlaşdırdı: “Ola bilsin ki, musiqi aləmində anaxronizm, ənənəviliyə meyillilik sərbəst şeirlərə az müraciət edilməsinə səbəbdir. Ancaq hələ də sərbəst şeirin də özünün daxili qayda-qanunu, tonu, ritmi ola biləcəyini dərk eləməmişik.

Vaxtı ilə Tomas Eliot “Poeziya və musiqi” adlı essesində bu barədə yazırdı. O qeyd edirdi ki, adamlar elə bilir sərbəst şeir başıpozuq, bütün məsuliyyətlərdən azad şeirdir. Fəqət, bütün yaxşı şairlər bilirlər ki, gözəl poeziya nümunələrinin öz qanun və qaydaları var. Həmin qayda-qanunlar da o şeirin daxili musiqisini anlamaqdan keçir.

Görünür, bizdə də çoxları hələ də başa düşmür ki, sərbəst şeirin daxili qaydaları var. Sərbəst şeirin vizual olaraq simmetrik olmamasını görənlər elə bilirlər ki, onun daxilində də heç bir simmetriya yoxdur. Bu vizual aldanış musiqiyə münasibətə də təsirsiz ötüşmür. Sərbəst şeirə  müraciət edən bəstəkarlar çoxalmalıdırlar ki, belə mahnılara qulaq asan tamaşaçılar da artsın. Yəni burada tamaşaçının vərdişləri də problemin var olmasının əsas səbəblərindəndir.

Xarici ölkələrdə ənənəvilikdən yapışıb qalmaq adəti yoxdur deyə, onlar hər cür ciddi poetik mətni musiqi ilə bərabər hiss edə bilirlər. Bizdə qəlibi qəlibə salmaq ənənəsi güclü olduğu üçün bəstəkarlar fərqli mətnlərlə işləməyə üstünlük vermirlər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın