Dağıdılan, vətəndaşları qaçqın durumuna düşən və gələcəyi hələ də bilinməyən Suriyadakı böhranı çözmək yönündə çalışmalar davam edir.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzinin sonuncu hesabatına görə, 2011-ci ilin mart ayından bəri ölkədə iç savaş nəticəsində 465 mindən çox suriyalı ölüb və ya itkin düşüb. Bu savaş sonucunda 5,1 milyon Suriya vətəndaşı ölkədən qaçıb, 6,6 milyon nəfər isə ölkə içində köç edib. Döyüşlərin sonunun daha ağır olduğu da vurğulanıb. Yeri gəlmişkən, Suriya Mərkəzi Statistika Bölməsinin bildirdiyinə görə, 2011-ci ildə ölkə əhalisinin sayı 22 milyon 517 min 750 nəfər olub.

Noyabrın 22-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Türkiyə Respublikasının dövlət başçısı Rəcəb Təyyub Ərdoğanİran İslam Respublikası prezidenti Həsən Ruhaninin qoşulması ilə Soçidə üçtərəfli görüş keçirilib. Ancaq bu görüşdən öncə bir sıra diqqətçəkən olaylar baş verib. Belə ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 11-də Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı sammitində Suriyada vətəndaş müharibəsinin dinc yolla nizamlanması naminə Cenevrə prosesinin dəstəklənməsinin, qaçqın düşən suriyalıların yurdlarına dönməsinin, vahid Suriyanın stabilliyinin təmin edilməsinin zəruriliyi haqqında birgə bəyanat qəbul ediblər. Həmin sənəddə ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq suveren, vahid, bütöv və dünyəvi Suriyanın qalması prinsiplərinə sadiq olduqlarını vurğulayıblar. Bəyanatda həmçinin Suriyadakı bütün tərəflər Cenevrə siyasi prosesində fəal iştiraka çağrılıb.

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani

Bundan başqa, Soçi görüşündən 2 gün öncə Suriya və İraqda terrorçu İŞİD üzərində qələbə qazanıldığı barədə İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei, İran prezidenti Həsən Ruhani və İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” qolunun komandanı Qasım Süleymani bəyanatlar veriblər. Rusiya prezidenti Vladimir Putin isə Suriya ərazisinin 98 faizinin hökumət qoşunlarının nəzarəti altında olduğunu bəyan edib. Eyni zamanda son 4 ildə Türkiyə ilk dəfə olaraq öz hava məkanını Suriyaya açaraq Bəşşar Əsədin Rusiyaya səfər etməsinə şərait yaradıb. Nəticədə BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşşar Əsəd 1 il 11 aylıq fasilədən sonra yenidən Rusiyaya gedərək Vladimir Putinlə görüşüb və 9 maddəlik təkliflər paketini qəbul edib. Həmin təkliflər arasında konstitusiyaya və seçki sisteminə dəyişiklik edilməsi, həmçinin ümumi bağışlanmanın verilməsi də var. Yeri gəlmişkən, Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub. Tərəflər sənədin 2018-ci il yanvarın 15-də Suriya məsələsi ilə bağlı keçiriləcək görüşdə təkmilləşdirilməsini razılaşdırıblar.

Bu arada Soçi görüşündən öncə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp, Səudiyyə Ərəbistanı kralı Salman və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. Rusiya lideri onlarla Suriya, Ukrayna və KXDR-lə bağlı məsələlərdən danışıb. Rusiya və ABŞ prezidentləri həmçinin Putin-Əsəd görüşünün sonlarını da müzakirə ediblər. Putin həmçinin Soçi görüşü ilə bağlı Trampı məlumatlandırıb.

İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan

Soçi görüşünün sonucu olaraq Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər. BMT-nin Suriyada tanıdığı hökumət bəyanatı alqışlayıb. Sammitin sonunda prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər. Onlar Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. Prezidentlərin görüşündə həmçinin Suriyanın ərazi bütövlüyü və suverenliyi vurğulanıb. Ölkənin müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır. Həm hökumətin, həm də müxalifətinSuriyanın taleyinin suriyalılar tərəfindən həll edilməsi məsələsinə tərəfdar olduğu vurğulanıb. Bu görüş Suriyadakı mövcud münaqişənin nizamlanması üçün irəliləyiş kimi dəyərləndirilib.

Yeri gəlmişkən, Soçi görüşü keçirilən gün ABŞ-ın təşəbbüsü ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyada BMT-nin rəhbər kimi tanıdığı Bəşşar Əsədə qarşı olan 30 qrupla birlikdə toplantı keçirilib. Toplantıda müxtəlif qruplaşmalardan 150-yə yaxın nümayəndə iştirak edib. Görüşdə Cenevrə toplantısına qatılacaq vahid heyət müəyyənləşdirilib. Həmin müxalif qruplar Cenevrə danışıqlarında Bəşşar Əsədin iştirakını istəmirlər.

Təbii ki, Soçi sammitindən yekun nəticə gözləmək qeyri-ciddi olardı. Bunu daha çox Suriyada böhranın həlli istiqamətində atılan addımlardan biri kimi dəyərləndirmək daha düzgün olardı. Çünki görüş iştirakçılarının Suriya ilə bağlı məsələyə fərqli yanaşması var. Onlar hələlik, əsasan, Suriyanın ərazi bütövlüyü və suverenliyini razılaşdıra bilib. Düzdür, bu ölkənin gələcəyi, habelə, İran və Türkiyənin təhlükəsizliyi üçün çox vacib məsələdir. Hətta rəsmi Moskva əvvəllər Suriyada federal dövlətin yaradılması mövqeyindən də çıxış edirdi. Bu görüşdə tərəflər arasında razılaşdırılmayan iki mövzu ilə bağlı yekun mövqe açıqlanmayıb. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin gələcəyi, digəri isə ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir. “PYD”nin Cenevrə danışıqlarında iştirakı və Bəşşar Əsədin hakimiyyəti də Türkiyə tərəfindən qəbuledilməz məqamlardandır. Rusiya tərəfi görüşdə PKK-nın Suriyadakı qollarının və B.Əsədin də iştirakının tərəfdarı olduğu halda, Türkiyə buna etiraz edir. Həmçinin İran Əsədin iştirakının tərəfdarı olsa da, hələlik PKK-nın qolları ilə bağlı məsələyə münasibət bildirməyib. Ümumiyyətlə, görüşün yekunu ilə bağlı çıxışlarda terrorçu İŞİD qruplaşması silahlılarının mövcudluğu və onların hara “yox” olduğu məsələsindən söhbət belə getməyib.

Terrorçu PKK qruplaşması Suriyanın üçdə birinə, Rusiya isə ölkənin 98 faiz ərazisinə Dəməşq hökumətinin nəzarət etdiyini bildirirsə, bəs onda bu görüşlərə nə ehtiyac var? Yaxud belə çıxır ki, PKK-nın Suriyadakı qolları da Bəşşar Əsədin nəzarəti altındadır?! Əgər İran rəsmilərinin də iddia etdikləri kimi Suriyada İŞİD üzərində qələbə qazanılıbsa, onda ABŞ “PYD”ni niyə silahlandırır? Raqqada İŞİD-lə “PYD” razılığa gələ bilirsə, onda İŞİD kimin yaratdığı təşkilatdır? Bu kimi çoxsaylı suallara ehtimalla cavablar var. Ancaq hələ də İŞİD adlı terrorçu qruplaşmaya qarşı mübarizə aparmaq üçün Suriyaya girən dövlətlərdən açıqlama yoxdur.

Ümumiyyətlə, Soçi görüşü daha çox Moskvaya sərf edir. Rusiya bu yolla beynəlxalq aləmdə özünə əlavə xal toplayır. Yaxın və Orta Şərqdə möhkəmlənmək üçün imkan qazanır. Bundan başqa, Cenevrədə keçiriləcək görüşə daha sanballı şəkildə getməyə səy göstərir. Bundan başqa, ABŞ da Cenevrə görüşünədək tədbir keçirməyi planlaşdırır. Onun da bu toplantıya müəyyən əsaslarla qatılacağı ehtimal olunur. Deməli, İsveçrənin bu şəhərində ABŞ və Rusiyanın maraqlarının müzakirəsi gedəcək. Suriyanın dövlət kimi gələcəyi və mövcudluğu isə bu maraqların təmin olunmasından asılıdır.

Yeri gəlmişkən, 2012-ci il fevralın 4-də “Suriyanın dostları” qrupu yaradıldı. Onun ilk toplantısı fevralın 24-də Tunisdə keçirildi. Həmin il apreliin 1-də İstanbulda keçirilən konfransda isə 70 dövlətin təmsilçisi və başçısı qoşulmuşdu. 2012-ci il dekabrın 12-də Mərakeşdə keçirilən toplantıya isə 114 dövlətin nümayəndəsi qatılmışdı. Son illər “yoldaşlar” toplantı keçirmir. Ötən gün keçirilən görüşdən sonra belə qənaətə gəlmək olar ki, Suriyanın yoldaşlarından ibarət yeni qruplar yaranır. Soçi görüşündə isə bu müzakirələrdə iştirak edəcək bloklardan biri nümayiş olundu. Beləliklə, deyəsən, “İŞİD-İŞİD” oyunu başa çatır, bölgədə yeni geopolitik durum yaranır. Soçi görüşü isə bunun ilk işıltısı sayıla bilər.

Görünür, “Suriya xəmiri” hələ çox su aparacaq…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın