Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj Stories” adlı layihəyə başlanıldı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Sevinj Stories” layihəsi “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavabı təqdim edir.

Personajlar xəyal məhsulu olsa da çəkilişlərdə Xocalı Soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılacaq. Sevincin hekayələrinə baxdıqca izləyicilər Xocalı sakinlərinin nələr yaşadığını daha dərindən hiss edəcəklər.

Xarici və yerli auditoriya üçün nəzərdə tutulan sosial media layihəsinin əsas məqsədi Xocalı Soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır.

İzləyicilərin böyük marağına səbəb olan layihənin baş qəhrəmanı Nəzakət Heydərovadır. Nəzakət 2012-ci il iyun ayının 27-də Sumqayıt şəhərində anadan olub. 2018-ci ildə Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə birinci sinfə gedib. İndi həmin məktəbin dördüncü sinif şagirdidir.

“Report”un “Sevinj Stories” layihəsinin doqquz yaşlı aktrisası Nəzakət Heydərova ilə olan müsahibəsini təqdim edirik:

– Bu, sənin aktrisa kimi ilk işindir? Bundan öncə hansına bir film və ya layihədə rol almısanmı?

– Bu, mənim ikinci işimdir. Daha öncə də “Zəhər tuluğu” filmində Şəms rolunu canlandırmışam.

– Hansı istiqamətdə inkişaf etmək istəyirsən? Böyüyəndə kim olmaq arzusundasan?

– Aktrisa olmaq istəyirəm, valideynlərim də bu işdə məni dəstəkləyir.

– Aktrisa olmaq istəyi necə yarandı?

– Həvəsli olduğum üçün bağça və məktəb tədbirlərində iştirak edirdim. Hətta uşaqlıqdan oyuncaqlarım ilə də maraqlı oyunlar qurub rol aparırdım.

– Qohum və ya ailədə bu sahə ilə məşğul olan varmı?

– Ailədə və qohumlarımızda bu sahə ilə məşğul olan yoxdur.

– Xocalını görməyən, Xocalı faciəsini yaşamayan 9 yaşlı Nəzakət üçün bu rolu canlandırmaq çətin deyil ki?

– Xocalını görməsəm də, çəkilişlər zamanı sanki o anları yaşayıram, hətta bir dəfə çəkiliş zamanı məni, həqiqətən də, ağlamaq tutdu….

– Sosial şəbəkələr üçün videoları harada çəkirsən?

– Qarlı havadakı çəkilişlər Qəbələ rayonunun Vəndam kəndində lentə alınır. Bəziləri isə başqa maraqlı yerlərdə.

– Çəkilişlər dərslərinə çətinlik yaratmır?

– Xeyir, çəkilişlər adətən həftəsonu və ya tətil günlərində aparılır.

– Aktrisa kimi rol almağını dostların, sinif yoldaşların necə qarşılayır?

– Çox gözəl, hətta bir dəfə tarixi bir mövzunun qəhrəmanı olduğum üçün sinfə girəndə məni alqışladılar.

– Çəkilişlər neçə saat davam edir? Bu səni yormur?

– Çəkilişlər gün ərzində 8, ya da 10 saat fasilələrlə davam edir. Hətta gecə də çəkilişlərimiz olur. Əlbəttə, yorulduğum zamanlar olur, ancaq çalışıram büruzə verməyim. Mənim üçün belə bir tarixi mövzunun qəhrəmanı olmaq qürurvericidir.

Bildərək ki, layihəni 8 nəfər icra edir. Çəkilişlər fevralın 1-dən başlayıb, ayının sonunadək davam edəcək. Sevincin babası rolunu isə ölkənin Əməkdar artisti Mirzə Ağabəyli ifa edir.

Layihənin rəhbəri Əlixan Rəcəbov, rejissoru Vüsal Əhmədzadə, ssenaristləri Əlixan Rəcəbov, Toğrul Eminli və Vüsal Əhmədzadə, rəssamı Elturan Məmmədov, operator və montajçısı Natiq Hüsiyev, səs operatoru və texniki Fərid İsmayılzadə, prodüsser və koordinatoru İbrahim Heydərov və qrimçisi Sevda Zeynalovadır.

Aşağıdakı linklər vasitəsilə Sevincin hekayəsini daha yaxından izləyə bilərsiniz:

Instagram: https://www.instagram.com/sevinj.stories/ və TikTok: https://www.tiktok.com/@sevinj.stories

Onu da bildirək ki, “Sevinj stories” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın