Xaricdə yaşayıb, gördükləri işlərlə Azərbaycanı layiqincə təmsil edən həmyerlilərimiz çoxdur. Bu şəxslərdən biri də moda dünyasına səs salan azərbaycanlı modelyer-dizayner Şervin Nəcəfpurdur. Şervin uşaqlıqdan Norveçdə böyüsə də, Vətənini unutmayıb və hər zaman gördüyü işlərdə bunu əks etdirib.

YALAN.info bildirir ki, Oxu.az İranda “qara siyahı”da olan Azərbaycanlı gənc dizaynerlə müsahibə edərək oxucuları maraqlandıran suallara cavab alıb:

– Şervin xanım, gəlin oxuculara sizi tanıdaq, elə sizin dilinizdən eşidək, Şervin Nəcəfpur, kimdir?

– Norveçdə doğulub boya-başa çatmışam. Moirana vilayətində doğulsam da, beş yaşımdan bəri Norveçin paytaxtı Osloda yaşamışam. Bir çox sahələrdə çalışmışam. Azərbaycanda məni modelyer və diaspor sədri kimi tanıyırlar. 2018-ci ildə “Can” diaspor təşkilatını qurduq. Həmin təşkilatda da maraqlı və unikal layihələri həyata keçirməyə çalışıram.

– Nə vaxtsa Azərbaycana gəlib biznesinizi burada qurmaq fikriniz varmı?

– Gələcək planlarımdan biri məhz Azərbaycana gəlib orada biznes qurmaqdır. Xəyalımda hər zaman Azərbaycanda, xüsusilə paytaxt Bakıda Şervin Nəcəfpur brend mağazasının olmasını istəmişəm. Düşünürəm ki, on il içində bu arzumu gerçəkləşdirəcəm.

– Azərbaycan Moda Həftəsi çərçivəsində sizi də görmək istəyərdik.

– Bu vaxta kimi Azərbaycan Moda Həftəsindən ürəyimə yatan bir təklif almamışam. Məhz buna görədir ki, başqa ölkələrdə moda həftələrində iştirak edirəm. 2019-cu ildə Antalya Moda Həftəsinə fəxri qonaq kimi çağırılmışdım. Təəssüf ki, öz ana vətənimdən belə bir təklif almamışam. Əksinə, çox absurd təkliflərlə yanaşmalar olub. Xaricdə yaşadığım üçün məndən böyük bir məbləğ tələb edirlər ki, mən gəlim, öz geyimlərimi onların tədbirlərində nümayiş etdirim. Bizim çox maraqlı layihələrimiz olacaq. Çox yaxın zamanda moda nümayişimin planlaşdırılmasını müzakirə edirik. Ümid edirəm ki, yay ərəfəsindən sonra bu layihə Bakıda həyata keçəcək.

– Şuşaya da səfər etmisiniz artıq…

– Mənim Şuşaya səfərim Dünya Azərbaycanlılarının Beşinci Qurultayı ilə bağlı idi. Yəqin, bir çoxunuz şəkillərdə görmüsünüz ki, mən qoltuq ağaclarıyla gəzirəm. Bu yaxınlarda ayağımdan əməliyyat olunmuşam. Düşündüm ki, necə olursa-olsun, mən özümü Şuşaya çatdırmalıyam. Çünki bu, hər kəsə qismət olmayan bir fürsət idi. Təbii ki, bunu qaçırmaq istəməzdim. Çox şadam ki, həm dəvət olundum, həm də ilk dəfə olaraq mədəniyyət paytaxtımız, Qarabağın incisi Şuşaya səfərim baş tutdu. İnanılmaz hisslər idi, bunu sözlərlə ifadə etmək çox çətindir. Arzum budur ki, niyyətində olan hər kəsə Şuşaya səfər etmək qismət olsun.

– Kolleksiyalarınızda, çıxışlarınızda daha çox vurğunu Şuşanın üzərinə vurursunuz, işğaldan azad edilən digər rayonlarla bağlı layihələriniz, planlarınız, kolleksiyalarınız olacaqmı? Məsələn, Ağdam erməni vandalizminə məruz qalan, demək olar ki, köklü şəkildə dağıdılan rayonlardan biridir. Həmin dağıntıları, acı mənzərəni özündə əks etdirən kolleksiyanın dünyaya təqdimatı, sizcə, rezonans doğurmazmı?

– 2019-cu ildə mənim ulduzum parladı. Bir çox insan məni “I am a star” kolleksiyam ilə tanıdı. Lakin bundan əvvəl də mən Qarabağla bağlı fərqli geyimlər, kolleksiyalar hazırlayırdım. Ən böyük mesajı məhz 2019-cu ildə Antalya Moda Həftəsində dünyaya çatdıra bildim. Orada tək Şuşa yox, bütün işğal altında olan ərazilərimizin bir-bir adlarını saymışdım. Sonuncu kolleksiyam keçən il nümayiş etdirdiyim “Böyük Qayıdış” adlı, Xarıbülbül mövzulu idi.

Təbii ki, çox gözəl bir ideyadır, bir çox planlarım var. Ancaq bunları həyata keçirmək o qədər də asan deyil. Pandemiya bir çoxumuza zərər vurdu. İndi bizim sahəmizdə olan kişi geyimlərinin bazarı bir az ziyana uğradı. Ona görə məhz bununla bağlı kolleksiya hazırlamaq çox maliyyə tələb edir. Ancaq planımda var ki, daha bir fərqli kolleksiya təqdim edim.

Hər kəs bilir ki, mən bütün kolleksiyalarımı öz Vətənimə, türk dünyasına həsr edirəm. Əlbəttə, son illər Qarabağ mövzusu bizim üçün vacib, öncüldür. Mənim fikrim bundan ibarətdir ki, Qarabağın həqiqətlərini ancaq siyasətçilər və diplomatlar diaspor təşkilatlarının əli ilə yaya bilməzlər. Sənət dünyasına aid olan bütün insanlar, hamımız Qarabağ məsələsini çox gözəl bir formada dünyaya çatdıra bilərik. Böyük fəxr və qürur hissi ilə deyə bilərəm ki, mən buna nail ola bilmişəm. Və əlbəttə ki, bunu davam etdirməyi planlaşdırıram.

– Rusiya-Ukrayna müharibəsi bütün sahələrə öz təsirini göstərib. Dünya ölkələri Ukraynaya dəstək ifadə etmək üçün mavi və sarı rənglərə üstünlük verir (Ukrayna bayrağının rəngləri), bunu hər bir sahədə görürük. Bu hadisələr sizin sahənizə necə təsir göstərib? 

– Çox maraqlı bir sual ünvanladınız. Bir çox insanlar sarı və mavi rənglərə üstünlük verirlər. Lakin bunu mənim heç bir kolleksiyamda görə bilməyəcəksiniz. Bunun səbəbi odur ki, Azərbaycan və Ermənistan arasında Qarabağ müharibələri vaxtı bir çox ölkə bizə dəstəyini nümayiş etdirmədi. Heç bir moda evi bizim bayrağımızın rənglərinə, bizim etnik simvollarımıza üstünlük vermədi.

Mənim davam Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Ona görə Rusiya-Ukrayna müharibəsi mövzusunda moda sahəsində enerjimi qoya bilmərəm. Ancaq bir diaspor təşkilatı kimi biz ukraynalılara öz dəstəyimizi göstərmişik. Onu da buradan vurğulamaq istəyirəm, özəlliklə Norveçdə bununla bağlı çoxlu tədbirlər keçirilir. Biz də bütün səylərimizi göstəririk. Ukraynanın yanında olduğumuzu hər zaman nümayiş etdirmişik və nümayiş etdirməyə davam edəcəyik.

– Xəyalları ilə deyil, ailənin təzyiqi ilə müxtəlif peşələrə yönələn gənclərə nə məsləhət görərsiniz? 

– Bu suala cavab vermək bir az çətindir. Öz adıma deyə bilərəm ki, çox şanslı bir ailədə böyüyüb, boya-başa çatmışam. Mənim valideynlərim daim dağ kimi mənim yanımda olublar. Amma əlbəttə ki, mənə də şərtlər qoymuşdular ki, təhsil almalıyam, müəyyən təcrübələr əldə etməliyəm. Ancaq çox sevinirəm ki, onlar icazə verdilər və bütün səylərini göstərdilər ki, mən uşaqlıq xəyalımı gerçəkləşdirə bilim.

Birinci məsləhətim o olardı ki, bütün gənclər daxili səslərini dinləsinlər, bu, çox vacibdir. İnsanlar peşə seçəndə elə bilirlər ki, ömürlərinin axırına kimi məhz onunla məşğul olmalıdırlar. Mənim dünyamda bu, real deyil. İnsan istədiyi zaman yeni sahələrə maraq göstərə bilər, fərqli sahələrdə təhsil ala bilər.

O demək deyil ki, biz tibb təhsili almışıqsa, həkim olmalıyıq. Bəzən görürsən ki, tibb təhsili alan tələbə modelyer olmaq istəyir. Ona görə də çox vacibdir ki, insanlar peşə seçəndə fərqində olsunlar ki, seçdikləri peşəni ürəkdən sevməlidirlər. İnsan işini ürəkdən sevdikdən sonra inanın ki, iş kimi gəlmir, insan yorulmur. Əksinə, motivasiyası artır, yaradıcılığını daha da genişləndirir və insan gülər üzlə hər gün qalxıb işə gedir.

Təbii ki, ailənin də müəyyən təkliflərini dinləmək lazımdır. Ancaq bəzi vaxtlar, insanlar öz istəklərindən yüz faiz əmindirlərsə, onu müdafiə etsinlər. Çox səmimi deyirəm, övladlarına təzyiq edən ailələr bir müddət sonra öz uşaqlarının həmin peşəyə olan sevgisini görəcəklər və imkan verəcəklər ki, onlar öz istədikləri sahədə yol alsınlar. 

– Əslən Cənubi Azərbaycandan olsanız da, Norveçdə yaşayıb-yaratmaq necə hissdir? Cənubi Azərbaycanda dəfilələr, kolleksiyalarınızın nümayişini təşkil etmək fikriniz varmı? Orada sizin fəaliyyətinizə münasibət necədir?

– Mənim valideynlərim Güney Azərbaycanın Urmu şəhərində anadan olublar. Özüm də Güney Azərbaycan türküyəm. Lakin Norveçdə doğulub, boya-başa çatmışam.

Bu heç cür mümkün deyil, bir az siyasətə girmiş olacam – Azərbaycan bayrağı orada dalğalanmayana qədər mən orada nəsə görməyi xəyal etmirəm. Onsuz da, istəsəm belə, mən ayağımı Cənubi Azərbaycan torpağına basa bilməyəcəyəm. Çünki mən hazırda məhz Azərbaycan həqiqətlərini dünyaya çatdırdığım üçün İran adlanan ölkənin “qara siyahı”sındayam. Ona görə də mən 2007-ci ildən bəri oraya ayaq basa bilməmişəm, on beş ildir, valideynlərimin doğulduğu şəhərə gedə bilməmişəm. Buna görə də hər zaman öz qohumlarımla, ailəmlə, tanışlarımla Bakıda və ya Türkiyədə görüşürəm, ya da onlar Norveçə gəlirlər. 

O gün olsun ki, Azərbaycan bayrağı bizim Cənubi Azərbaycan ərazimizdə də dalğalansın. O gün gəldikdə çox gözəl moda nümayişləri həyata keçirməyi planlaşdıracam.

– İlk dizayn etdiyiniz geyim yadınızdadırmı?

– Mən ilk dizaynımı edərkən beş yaşımda idim. Eskiz çəkib anama vermişdim. Səhəri gün anam məni bazara apardı və çox gözəl parçalar aldıq. Anamla birlikdə o gözəl geyimi tikəndə anam iynə-sapı əlimə tutuşdurdu və mən də öz oyuncağıma geyim hazırladım. Uşaqlıqdan bəri geyimlə məşğul olmuşam. Peşəkar olaraq ilk geyimimi tikiş maşını ilə yox, əllə tikmişdim. Təxminən 14-15 yaşımda idim. Norveçdə keçirilən bir moda yarışı üçün o geyimi hazırlamışdım. Hətta o geyimlə finala da gəlib çıxmışdım. Mənim üçün xoş bir xatirə idi.

– Bu gün qurduğunuz şirkətin minimal sərmayəsi nə qədər olub?

– Şirkəti 2013-cü ildə qurmağa qərar verdim. Tələbə olduğum zamanlarda belə bir ideya yarandı məndə. O günə qədər Norveçin iki çox məşhur modelyeri ilə işləmişdim. Düşündüm ki, mən niyə öz brendimi qurmayım? Bunu ilk başda bir layihə kimi həyata keçirdim. Daha sonra bütün zəhmətim öz bəhrəsini verdi. 2013-cü ildə öz kolleksiyamı təqdim etdim. “Dünyanın qəlbi İstanbulda döyünür” – tərcüməsi belə idi. Həmin kolleksiyanın çəkilişlərini İstanbulda həyata keçirdik. O vaxtlar təxminən 20-25 min avro arası sərmayə qoymuşdum. Ancaq bu gün elə imkanlar var ki, o qədər sərmayə qoymağa ehtiyac yoxdur. 

– Şervin xanımın bu çətin yolda dostu kim olub?

– Mənim belə bir fəlsəfəm var ki, bu həyatda ən böyük dostun, səni alqışlayan, sənə inanan və səni sevən məhz özün olmalısan. Bununla yanaşı, mənim həyatımda iki çox vacib insan olub. Biri atam Atabəy Nəcəfpur və digəri doğma qardaşım olmasa da, ən azı doğma qardaşım qədər sevib, hörmət etdiyim can dostum Hüseyn Cavadzadə.

Atam və Hüseyn daim, ilk gündən bəri mənə dəstək olublar. Türkiyədə isə Antalya Moda Həftəsinin rəhbəri Eda Meltem Yılmaz olub. Çox sevinirəm ki, mənim ətrafımda sevib-dəstəkləyən, yeri gəldikdə sərt formada tənqid etməyi bacaran sevdiklərim var. Məhz buna görədir ki, mən motivasiyamı itirmirəm, yaradıcılığım daha da zirvələrə gedir.

– Bu sahədə özünüzə rəqib gördüyünüz kimsə varmı?

– Zirvə soyuqdur. Bu mənim devizimdir və daim istifadə edirəm. Özümə kimisə rəqib görmürəm. Bu ona görədir ki, mən inanıram ki, kimsə kiminsə çörəyini əlindən almır. Moda sahəsində, onsuz da, sayımız çox azdır. Hamımız bir-birimizə qarşı dost münasibəti göstərməliyik, bir-birimizə dəstək çıxmalıyıq. Daim bir-birimizi zirvələrə qaldırmalıyıq.

– Azərbaycanlı modelyer, dizaynerlərin işlərini izləyirsinizmi? Bəyəndikləriniz kimlərdir?

– Öz modelyerlərimizi böyük zövqlə izləyirəm. Onlarla fəxr edirəm, qürur duyuram. Onların hazırladıqları geyim və aksesuarları özüm də alıb geyinirəm, dəstək olmağa çalışıram. Çox sevdiyim modelyerlər var, başda Fəxriyyə Xələfova, Rüfət İsmayıl, Diana Əhədpur və hazırda ağlıma gəlməyən bir çox adlar. Möhtəşəm və orijinal ideyaları olan bütün modelyerlərimizi zövqlə izləyirəm.

– Azərbaycanlı məşhurları, müğənni və sənətçiləri izləyirsinizmi? Onların zövqünü necə qiymətləndirirsiniz? Sizcə, ilin dəbi və tələbləri ilə ayaqlaşa bilirlərmi?

– Şou-biznes sahəsini də izləyirəm. Bu yaxınlarda saytların birində müsahibəm getmişdi, Azərbaycan Milli Məclisinin deputatlarının geyim tərzini qiymətləndirmişdim. Bir çox müğənnilərimiz çox gözəl geyinirlər, ancaq bəzilərinin geyimi mənim zövqümə uyğun deyil. Belə bir deyim var ki, rənglər və zövqlər müzakirə olunmaz. Məncə, dəbi və trendləri izləmək heç də yaxşı deyil. İnsan mütləq özünə yaraşanı geyinməlidir. Hər bahalı və dəbdə olan geyim o demək deyil ki, hamımıza yaraşacaq. Ən çox tərzini bəyəndiyim müğənnilər isə Röya Ayxan, Günay İbrahimlidir, bəylərdən isə Miri Yusifi bəyənirəm, orijinaldır.

– Kimlərlə çalışırsınız orada? Çalışdığınız məşhurlar kimlərdir?

– Məndən geyim alan insanların adlarını heç vaxt verməmişəm, deməyəcəyəm də. Ola bilər ki, müəyyən məşhurlar olub, geyimlərimdən istifadə ediblər. “Mən filankəsi geyindirdim” cümləsindən istifadə etməyi etik görmürəm. Bir çox fərqli sahələrdən insanlarla çalışıram. İstər siyasətçi, istər məşhurlar. Hər bir müştərim mənim üçün çox dəyərlidir. Onlar üçün geyim və dizayn hazırladıqda çox zövq alıram.

– Uğurun sirrini nədə görürsünüz?

– İnsan daim, nə olur-olsun, özünə inancını itirməməlidir. Bu həyat, onsuz da, çox çətindir. Tez-tez fərqli hisslər yaşayırıq. Etiraf etmək istəyirəm ki, həm dizayn, həm də diaspor sahəsində dəhşətli maneələrlə üz-üzə gəlmişəm. Əsla icazə verməmişəm ki, özümdə olan motivasiyanı itirim. İnsan hər zaman savaşmalıdır, hər zaman inanmalıdır, bütün çətinlikləri bir-bir keçməlidir. Məncə, bu uğurun sirridir.

1 AÇIQLAMA

  1. “Safe Union” MMC şirkəti Safe Uniform marka adı altında əməkdaşlarınız üçün özəl olaraq xüsusi iş geyimləri (uniforma) istehsalını həyata keçirir. Siz hazır dizaynlardan birini seçə, ya da öz istədiyiniz dizaynda geyimlər sifariş verə bilərsiniz.

    Uniforma istehsalı prossesi professional avadanlıq və peşəkar komanda tərəfindən aparılır. Şirkətimiz bir dəfəyə çox sayda məhsul istehsal edə bilmək gücünə malikdir. Məhsullarımız yüksək keyfiyyətli materialardan hazırlanır. Məhsulun qiyməti sifariş sayına uyğun olaraq dəyişir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın