Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar mayın 26-dan 29-dək Azərbaycanda keçirilməsi planlaşdırılan “Teknofest-2022” festivalı ilə bağlı paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, S.Bayraktar festival üçün çağırış edib.

“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival – Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, – Bayraktar qeyd edib. Selçuk bəy bildirib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir. Geniş məlumat almaq üçün festivalın saytına keçid edə bilərsiniz: https://teknofest.az/

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il keçirilir. Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalına qoşulub.

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. “Teknofest Azərbaycan” tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın