“Hazırlıq prosesində iştirak etməyən futbolçular müxtəlif günlərdə bizə qoşulacaqlar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Neftçi” PFK-nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında qış təlim-məşq toplanışına başlamaları ilə bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssis 5 gün Bakıda hazırlıq keçəcəklərini, daha sonra Türkiyənin Antalya şəhərinə yollanacaqlarını yada salıb: “Burada yoldaşlıq oyunları keçirəcəyik. Problemlər olmasa, tam heyətlə – əlimizdə olan futbolçularla Antalya toplanışına yollanacağıq”.

Abasov “Neftçi-2″dən bir neçə oyunçunun hazırlıq prosesinə qatıldığını söyləyib: “Gənclər daim bizim nəzarətimiz altındadır. Əvəzedici komandanın oyunlarına baxırdıq və onların məşqçilərindən yaxşı rəy almışıq. Bu gün bizimlə birlikdədirlər. Onlara stimul olsun deyə çağırdıq. Hər şey özlərindən asılıdır. Biz daim gənclərə yol açırıq. Onları Türkiyə toplanışına da aparmağı düşünürük”.

Təcrübəli baş məşqçi yeni transferlər Azər Salahlı və Eddi İsrafilovun komandaya faydalı olacaqlarını vurğulayıb: “Onlar milli komandada tanıdığımız futbolçulardır. Hansı ki, biz 6 ay yerli oyunçularla bağlı problemlər yaşamışdıq. Düşündük ki, komandanı bacardığımız qədər yerli oyunçularla gücləndirək. Buna da nail olduq.

Azər Salahlıda zədə ilə bağlı müəyyən problem var. Bu, bir həftəyə həllini tapacaq. İndi fərdi məşqlərlə kifayətlənir. Hər ikisi təcrübəli futbolçulardır. Düşürəm ki, bu transferlər problemlərimizi aradan qaldırmaqda bir az köməklik edəcək”.

Abasov mövsümün ikinci yarısında əllərindən gələni edəcəklərini deyib: “Bizim üçün heç nə itməyib. Çempionata yaxşı hazırlaşmalıyıq. Keçən il transferlərimizdə bir az gecikmələr oldu və problemlər yaşadıq. Bunun acı nəticəsini çempionatda yaşadıq. Oyunçular istəmədən zədələnirdi və uyğunlaşma prosesini keçmədiyi üçün istədiyimiz formada deyildi. Qış toplanışı bu baxımdan bizə kömək olacaq”.

Yada salaq ki, “Neftçi” XIV turdan sonra 22 xalla “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Klub qış fasiləsində ikinci transferini reallaşdırıb: 27 yaşlı müdafiəçi Azər Salahlı və 29 yaşlı yarımmüdafiəçi Eddi İsdrafilovun hər ikisi ilə 2,5 illik müqavilə bağlanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın