Noyabrın 30-u səhər saatlarında Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda Mİ-17 tipli hərbi helikopterimizin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid olub, iki hərbçimiz isə yaralanıb. Bu üzücü xəbərdən sonra ölkə üzrə matəm elan olunacağını istəyənlər və gözləyənlər az deyildi. Ancaq bu, olmadı. Bəs görəsən, ölkədə rəsmi matəm elan olunmasına ehtiyac var idimi?

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, AYNA bu sualdan yola çıxaraq həmin gün sözügedən hadisənin ölkə gündəmində özünə necə yer etməsi ilə bağlı Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə həmsöhbət olub.

–  Sabir bəy, 14 hərbçimizin şəhid xəbərindən sonra sosial mediada rəsmi matəm elan edilməsini istəyən insanlar var idi. Siz necə düşünürsünüz,  buna ehtiyac var idimi?

– Açığı, bu barədə sosial mediada gedən müzakirələri izləmirəm.  Əlbəttə ki, ağır itkidir, faciədir. Bütün millətimiz üzüntü içərisindədir. Dünyanın hər yerindən bununla bağlı başsağlıqları gəlir. Matəm elan edilməsinin rəsmən olub-olmaması mənəvi ağrımızı dəyişdirmir.  Onsuz da millət bu acını yaşayır.

Əlbəttə, matəm elan oluna bilərdi. 14 nəfər hərbçinin həlak olması ağır itkidir. Rəsmi şəkildə matəm elan olunub-olunmamasının,  şəxsən, mənim üçün bir fərqi yoxdur. Onsuz da bu gün mənim ürəyimdə matəmdir. Şəhidlərimiz, onların ailələri üçün ürəyim yanır. Bu mənada rəsmi matəm elan olunub-olunmaması barədə bir fərq hiss etmirəm.

– Qəza günü, eləcə də dünən televiziya kanallarımızı müşahidə edənlər olub. Çox təəssüf ki, dünən axşam saatlarında çal-çağırlı proqram təqdimatları da var idi. Bu günün özündə də televiziyadan bu ağrı-acını duya bilmədik, hiss etdirə bilmədilər. Daha çox sosial mediada paylaşımlar olundu, bu haqda danışıldı. İndi bəlkə elə adamlar var, heç onlar sosial mediada yoxdurlar. Bu baxımdan televiziya kanallarımız bu dəfə də “sinifdə qaldılar”. Bu fikirlə nə dərəcədə razılaşmaq olar? 

– Əlbəttə, televiziya kanallarımız belə bir ağır faciə baş verdiyini hiss etdirməli idilər. Amma çox təəssüf ki, televiziya kanallarımızın  bunu bacardığını demək çətindir. Düzünü deyim ki, özüm elə bir çal-çağır görmədim. Amma olubsa da, bunun səbəbi televiziya kanallarımızda çevikliyin çatışmazlığındadır. 

Bilirik ki, proqramlar bir neçə gün əvvəldən hazırlanır, planlaşdırılır. Görünür, televiziya kanallarımız o proqramı dəyişdirmək gücündə deyillər. Halbuki o proqramı anında dəyişmək, günün nəbzinə uyğun proqramlar qurmaq elə də çətin olmamalıdır. 

Yox, bunu bacarmırlarsa, bu kədəri hiss etdirəcək son dərəcə dəyərli simfonik musiqilərə müraciət etmək olardı. Ancaq görünür ki, telekanallarımızda bu çeviklik və bəzilərində mən deyərdim, ağıl çatışmır ki, faciəyə lazım olan reaksiya vermək lazımdır.

Yəni bu vəziyyəti televiziya kanallarımızın xüsusi yanaşması hesab etmirəm ki, belə bir hadisə baş verib və bunlar da bu kədərə qoşulmurlar.  Mən inanmıram ki, özünə hörmət edən hansısa televiziya kanalı belə bir addım atsın. Sadəcə bunun ciddiyyətini başa düşmürlər ki, çevik addım atsınlar.

– Bu halda da insanlar arasında belə bir fikir formalaşır ki, məhz rəsmi matəm elan olunmalı idi, ancaq bundan sonra rəsmi idarələrdən, elə televiziya kanallarından da bu kədərimizi hiss etdirəcək addım atılacaqdı…

– Təbii ki, bizim cəmiyyətdə, xüsusən də rəsmi mediada,  idarələrdə belə bir yanaşma var, tapşırıq gözləyirlər. Çoxunun o gücü, intellekti, qabiliyyəti çatışmır ki, dövlətin ümumi siyasətinə uyğun müstəqil hərəkət etsinlər. Millətin ümumi psixologiyasına, ruhuna, yaşantılarına uyğun işlərini düzgün qura bilmədiklərinə görə çoxu tapşırıq gözləyir.

Bəziləri də yanlış addım atmaqdan ehtiyat edərək, özlərini qorumaq üçün belə edirlər. Başlarının ağrımasından qorxurlar. Halbuki normal düşünən, peşəkarlıqla yanaşan adamlar bu işi özləri düzgün qura bilərlər.

Prezidentin son günlərdə qrafikinin necə sıx olduğunu görürsünüz. Son dərəcə mühüm görüşlər keçirilir, məsələlər müzakirə olunur. Belə bir vaxtda ölkəmiz ağır faciə ilə üzləşib. Bu halda rəsmi göstəriş gözləmədən hər kəs bu matəmi, faciəni diqqətə çatdırmalı idi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın