“Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərin daha da güclənməsində maraqlıdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud yanvarın 13-də krallığın “ACWA Power” şirkətinin Azərbaycanda tikəcəyi 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxışında məlumat verib.

Şahzadə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb: “Onlar Azərbaycan Respublikasına davamlı uğur diləyir, Azərbaycanla münasibətlərin daha da güclənməsində Səudiyyə Ərəbistanı Krallığının maraqlı olduğunu bir daha vurğulayırlar”.

Şahzadə Əbdüləziz bin Salman əl Səud Azərbaycanın Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə etdiyi uğurların önəmini də vurğulayıb. O, son bir neçə il boyunca dünya neft sənayesində və OPEC+ formatında iki ölkə arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələrinin qurulduğunu qeyd edib:

“Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uzun müddət boyunca güclü diplomatik və iqtisadi münasibətlər olub. Krallıq 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu münasibətlər müasir Azərbaycan dövlətinin banisi, mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Ər-Riyada səfəri ilə daha da gücləndirilib. Allah ona rəhmət eləsin!”

O bildirib ki, iki ölkə arasında bir çox oxşarlıqlar var: “Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX yüzillikdə burada quyulardan neft hasil edilirdi. İndi biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və önəmli marağa sahibik”.

Nazirin sözlərinə görə, “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq krallığın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub:

“Bu gün vurğuladığımız kimi Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.

Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il boyunca 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə önəmli dərəcədə qatqı sağlamış olacağıq.

Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun toplam gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın