Üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni təqdim edir:

– Nüfuzlu Veyk-An-Zeye superturnirində dünya çempionu Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə dəyərləndirirsiniz?
– Sözsüz ki, turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə önəmli partiyada uduzdum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Sonda ikinci yeri tutdum. Veyk-An-Zeye superturniri böyük tarixi olan yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticə, dörd oyunda qələbə qazanmaq müsbət haldır. Ümumilikdə çıxışımdan razı qaldım.

– Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdır?
– Müxtəlif vaxtlarda Karlsen üzərində qələbə qazanmışam. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq, qələbələrimiz olur. Sadəcə, Maqnus daha çox qalib gəlir, dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

– Niderlandda verdiyiniz müsahibədə keçmiş dünya çempionu Vişvanatan Anandı axtardığınızı söyləmisiniz. Yəni, Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq sizi təəccübləndirib?
– Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zeye turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Ancaq sonda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni, yaşa baxmayaraq yaxşı oynadıq.

– Dünya çempionu sanki Şəhriyar Məmmədyarova qarşı özəl hazırlaşmışdı?
– Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni, kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənimlə oyunda səhvə yol vermədi. Sanki Karlsenə deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil.

Nə demək olar, bu Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Düşünürə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşiylə mübarizədə səhvləri olurdu. Ancaq Veyk-An-Zeyedə mənlə mübarizədə səhvi olmadı.

– Maqnus Karlsen kompüterə qalib gələ bilər?
– Turnirdən öncə düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə, heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənə qarşı sərgilədiyi oyunu ortaya qoysa, kompüterə uduzmayacaq.

– Karlsen şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısınız?
– Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

– Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır…
– Milli komanda hər zaman önəmlidir. Bilirsiniz ki, olimpiada hər zaman önəmli yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub – əlavə əmsallara görə 2-5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. İndi zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Qarşıdakı olimpiadada nəticənin uğurlu olmasına çalışacağıq. Ümid edirəm ki, builki nəticə ən yaxşısı olacaq.

– Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanı olacaq?
– Zaman olduqca gəlməyə çalışacağam. İndi dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını düşünməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz ki, gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəyəm.

– Bu gündən təlim-məşq toplanışına yollanırsınız. Bu barədə danışmaq olar?
– Bu, bir sirrdir. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-Priləri olacaq. Hər iki yarış İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə də 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

Yada salaq ki, Niderlandın Veyk-An-Zeye şəhərində keçirilən ənənəvi “Tata Steel Chess 2022” superturnirində 8 xal tolayan Şəhriyar Məmmədyarov yarışmanın gümüş mükafatçısı olub. Turnirin qalibi adını isə 9,5 xalla indiki dünya çempionu, norveçli Maqnus Karlsen qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın