Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov nə üçün ənənəvi Tata Steel Şahmat Turnirində iştirak etməyəcəyinə aydınlıq gətirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ş.Məmmədyarov Facebook hesabından etdiyi paylaşımında koronavirusa yoluxduğu üçün təşkilatçılardan bu dəfə onu başqa şahmatçı ilə əvəz etmələrini istədiyini deyib:

“Tata Steel Şahmat Turnirində əvəz olunmağımla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19-a yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.

Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Ancaq buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Yerun Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.

Ümidvaram ki, hələ də Tata Steel Şahmat Turnirinin növbəti illərdə qonağı olaraq sizləri öz oyunlarım ilə sevindirmək imkanım olacaq.

Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.

Hamınız xoşbəxt və sağlam olun!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın