İran generallarının Azərbaycan ərazisində təkfirçi terrorçuların olduğunu, habelə “sionist rejim”in hərbi bazalarının olduğunu bəyan etmələrinə baxmayaraq, Tehranın davranışının əsl səbəbləri başqa məsələlərdə, yəni Zəngəzur dəhlizindədir. AYNA mövzuyla bağlı rusiyalı hərbi-siyasi ekspert Aleksandr Perenciyevdən müsahibə alıb.

Aleksandr Perenciyev
Aleksandr Perenciyev

– Hamı İranla Azərbaycan arasındakı münasibətlərin kəskinləşməsindən danışır. İran ilk növbədə Zəngəzur dəhlizindən narahatdır. Rəsmi Bakının və Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin açıqlamasında bu dəhlizin İranın Ermənistana gedən yolunu bağlayacağı ilə bağlı heç bir işarə yoxdur. İranın qorxuları nə dərəcədə əsaslıdır?

– Rəsmi Tehranın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, sonradan rəsmi Bakının azad edilmiş ərazidə nəqliyyat və başqa iqtisadi axınlar üzərində nəzarəti qurması ilə bağlı duruma mənfi münasibəti açıq şəkildə göstərir ki, İran müharibədən əvvəlki iqtisadi əlaqələr sistemindən əsas faydalananlardan biri olub. Bu sistem Dağlıq Qarabağda və ətrafındakı 7 bölgədə, əsasən “kölgə” iqtisadi əlaqələrin olması ilə mövcud idi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında 2021-ci ilin yanvarında imzalanmış üçtərəfli müqavilələr, əslində İrandakı və Ermənistandakı bütün “kölgə biznesinin” iqtisadi maraqlarına təsir etdi.

Düşünürəm ki, yaranan münaqişəli münasibətlər danışıqlar zamanı həll oluna bilər və edilməlidir – təbii ki, “ağ” iqtisadiyyat sahəsində. Təəssüf ki, nəinki danışıqlar platforması hələ formalaşmayıb, hətta onun yaradılması haqqında da heç bir söhbət yoxdur.

Nədənsə, ictimai rəy daha çox İran-Azərbaycan müharibəsinin qaçılmazlığına meyllidir. Əminəm ki, Bakı ilə Tehran arasında münasibətlərin bu qədər ciddi şəkildə gərginləşməsinə baxmayaraq, belə olmayacaq. Şəxsən məndə bu gərginliyin İranda güclü siyasi lobbisi olan erməni revanşistlərin gizli sifarişinin yerinə yetirilməsi ilə bağlı şübhə var. Əminəm ki, bu sifariş yerinə yetirilməyəcək!

– Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri açıqlamasında “3+3” formatının bölgənin inkişafı üçün ən məqbul olduğunu açıq şəkildə bildirdi. İran niyə bu formatdan razı deyil?

– “3+3” formatı əslində İranın bölgədəki mövqeyinin “özəlliyini” ortadan qaldırır. Eyni zamanda, bu format ilk növbədə siyasi və iqtisadi sahədə yeni “oyun qaydaları” qurur. Bundan başqa, 8 avqust 2016-cı il tarixində Bakıda keçirilən üçtərəfli görüşdə başladılan “Şimal-Cənub Nəqliyyat Dəhlizi” Rusiya-Azərbaycan-İran makroregional layihəsinin formalaşması və inkişafı dəqiq şəkildə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutur.

Ancaq müasir mənzərə belə görünür ki, bu layihə həm dövlət, həm də millətlərarası (makroregional) strukturlar tərəfindən şəffaf addımlar və nəzarəti təmin etdiyi üçün kiminsə “boğazına basdı”. İran “3+3” formatında ən qapalı rejimə malik bir dövlətdir. Bu səbəbdən rəsmi Tehran bu formatda ən problemli halqa oldu. Əminəm ki, Rusiya artıq təkcə Azərbaycan-İran münaqişəsinin qarşısını almaq üçün deyil, “3+3” formatını və Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsini daha da inkişaf etdirmək üçün intensiv diplomatik işlər görür.

– İranın bu cür cəsarətli davranışı ona səbəb olarmı ki, Moskva Tehranı sabitliyi pozmaqda ittiham etsin?

– Rəsmi Moskvadan sərt reaksiya olmayacaq, yumşaq reaksiya olacaq. Daha doğrusu, artıq başlayıb və prosesdədir. Hesab edirəm ki, indi yalnız münaqişələrin qarşısını almaq üçün deyil, həm də birgə layihələri daha da həyata keçirmək üçün Rusiya, Azərbaycan və İran arasında üçtərəfli dialoqun qurulması zəruridir. Azərbaycan əleyhinə təcavüzkar ritorikanın rəsmi Tehran nümayəndələrinin dilindən uzaqlaşmasına məhz bu amil kömək edəcək.

İnanıram ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsini və qlobal “Bir Kəmər-Bir Yol” layihəsi çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inkişafını da nəzərdən keçirən Çin bu mövzuda öz sözünü deyəcək. Hər halda, mümkün İran-Azərbaycan müharibəsi Qərbin dəyirmanı üçün su və təkcə Rusiyanın deyil, onun qüdrətli iqtisadi müttəfiqi Çinin iqtisadi maraqlarına da ciddi zərbədir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın