Erməni hərbi ekspert Edik Baqdasaryan İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun uduzmasının səbəblərini açıqlamağa çalışarkən son dərəcə mübahisəli bir məqalə ilə çıxış edib. O, ermənilərin hər zaman verilən tapşırıqları yerinə yetirdiyini deyərək, uduzmaqda hərbçiləri günahlandırmağa çağırıb. Sonra isə bildirib ki, qarşı tərəfi tükətmək və döyüşü dayandırmağa məcbur etmək üçün yetərincə silahları olub. Ardınca da ordudakı qarışıqlıqdan, zirehli gödəkçə çatışmazlığından, dəstə komandirinin kimliyi, hansı vəzifəni həll etməli olduğunu anlamağın mümkünsüzlüyündən danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Media.Az bununla bağlı tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauerdən münasibət öyrənib.

O, bildirib ki, doğurdan da Ermənistan ordusunda dəhşətli bir qarışıqlıq və hərc-mərclik olub:

“Bəli, silahları çox idi. Ancaq… köhnə. Onların çoxunun yararsız olduğu ortaya çıxdı. Sonda hərbçilər onları tullayıb qaçdılar”.

Ekspert zirehli texnikalar daxil olmaqla çox sayda silah-sursatın qənimət olaraq Azərbaycan tərəfinin ələ keçirdiyini yada saldı:

“Hərbçilər niyə texnikaları atıblar? Səbəb sadədir: tankda, ya da zirehli transportyorda oturmursunuzsa, o zaman yüksək dəqiqlikli döyüş sursatı ilə məhv olunacaqsınız. Əgər onu tərk edib piyada gedirsizsə, yüksək dəqiqlikli döyüş sursatı ilə vurulmaq təhlükəsi azalır. Bu, özəlliklə insanlar həmin texnikada oturanda, döyüşəndə ​​və ölə biləcəklərini görəndə məntiqi bir reaksiyadır. Texnikanı atsalar yaşamaq üçün şans yaranır”.

Müsahib Bakıda keçirilən paradda istismara yararlı çox sayda texnikanın sərgilənməsini erməni hərbçilər arasında müəyyən mərhələdə mənəvi problemlərin başladığının göstəricisi olduğunu vurğuladı.

“Bəli, Ermənistan ordusunun çox sayda silahları var idi, ancaq onlar Azərbaycan silahlarından daha zəif idi. Azərbaycan ordusunda ən yaxşı texnika, ən yaxşı təşkilatçılıq və yaxşı təlim keçmiş hərbçilər var idi. Üstəlik onlar özlərinin hərbi-texniki üstünlüklərini də görürdülər”, – deyə ekspert bildirdi.

O, hücumlar zamanı yalnız dronların istifadəsini həlledici olmadığını, onların əsasən artilleriya atəşinə kömək etdiyini vurğuladı.

“Bir çox erməni sonradan qarşı tərəfə bir dəfə də olsun atəş aça bilmədiklərini etiraf etdi. Onlar sadəcə səngərdə otururdular, qarşı tərəf isə onları məhv edirdi”, – deyə Pavel Felqenqauer bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın