Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi gerçəkləşdirilib.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, danışıqlar nəticəsində 195 rusiyalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinin əsirliyindən vətənə qayıdıb, eyni sayda döyüşçü də Kiyev tərəfinə təhvil verilib. “Bu gün, yanvarın 31-də danışıqlar prosesi nəticəsində 195 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – deyə nazirlikdən bildirilib.

Yada salaq ki, Rusiya və Ukrayna arasında 192-192 formulu üzrə son əsir mübadiləsi yanvarın 24-də Belqorod vilayətinin sərhədində baş tutmalı idi. Ancaq 65 ukraynalı hərbi əsiri daşıyan Rusiyanın İl-76 təyyarəsinin qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Bundan sonra əsirlərin olduğu ikinci təyyarə geri qayıdıb və əsirlərin dəyişdirilməsi baş tutmamışdı.

Rusiya prezidenti Vladimir Putin Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin “Ukraynanın nəzarətində olan ərazidən ABŞ-nin Patriot sistemi tərəfindən vurulduğunu” bildirib. Onun sözlərinə görə, “bunu ekspertiza müəyyən edib”.

Dövlət başçısı qeyd edib ki, Rusiya məsələ ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlıdır. Putin həmçinin vurğulayıb ki, Rusiya təyyarə insidentindən sonra belə Ukrayna ilə əsir mübadiləsini dayandırmayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın