Rəsmi Kiyev Qərb ölkələrini Ukraynanın şərqindəki münaqişənin alovlanmasının qarşısını almağa çağırıb. Son xəbərlərdən görünür ki, yaza doğru Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi nəticəsində başlamış münaqişə aktiv fazaya keçəcək. Bu isə düşündüyümüzdən daha böyük və daha çoxşaxəli proses ola bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib. O bildirib ki, bu dəfə durum öncəki kimi olmayacaq və Rusiyanın dəstəklədiyi separatçılar ağır itkilər verəcəklər:

“Çünki indi Ukrayna münaqişənin növbəti fazasına öncəkindən daha hazırlıqlı görünür.

Bəs Rusiya necə, Ukrayna ilə açıq münaqişəyə gedəcəkmi? Yəni, Şərqi Ukraynanın separatçıların nəzarətində olan ərazilərinə hərbi qüvvələrini yollayacaqmı? Sual ritorik deyil, çünki Rusiyanın öz sərhədləri yaxınlığında yaratmış olduğu ərazi və etnik-ərazi münaqişələrı Moskvanın özünə qarşı təhdid mənbəyinə çevrilir.

Bu isə Rusiyadan 2 variantdan birini seçməyi tələb edir:

  1. Rusiya öz qoşunları ilə birbaşa müdaxilə etmir və separatçılar məğlub olurlar, Ukrayna öz ərazilərinin xeyli hissəsinə nəzarəti bərpa edir. Təxminən İkinci Qarabağ savaşında olduğu kimi.
  2. Rusiya müdaxilə edir və de-yure müharibə tərəfnə çevrilir.

Birinci halda öz ərazilərinə nəzarəti qismən də olsa bərpa edən Ukrayna Rusiya ilə daha az hesablaşır və Moskva da bununla barışmalı olur. Rusiyanın Qarabağda tətbiq etdiyi “sülhməramlı” əməliyyatının Ukraynada reallaşmaq şansı sıfra bərabərdir – buna nə Kiyev, nə Qərb, xüsuslə də ABŞ razılaşan deyil.

Belə olduqda da Moskva SSRİ modelinin bərpası ilə bağlı xülyalarını birdəfəlik dəfn etməli olacaq. Moskvanın buna razılaşması Rusiyada onsuz da yüksələn xətt üzrə gedən hakimiyyətdaxili ziddiyyətlərin daha da sürətlənməsi demək olardı”.

Ekspert iddia edib ki, Qarabağdan sonra Şərqi Ukraynada uğurlu hərbi əməliyyat eyni problemləri olan digər MDB ölkələrini də adekvat addımlar atmağa sövq edə bilər:

“Bu halda Moskva təkcə onlara təsir vasitəsi olan münaqişələri itirmir, həm də onun təsirindən çıxan ölkələrin Rusiyaya qarşı çevrilməsilə üzləşmiş olur.

İkinci halda Rusiya hərbi güc hesabına uğur qazansa da (hərçənd ki, Ukrayna məsələsində bunun özü də xeyli şübhəlidir), güclü beynəlxalq sanksiyalarla üzləşir. Bu dəfə tətbiq olunan sanksiyalar isə onu həm iqtisadi, həm də siyasi baxımdan əsaslı şəkildə sarsıda bilər. Bunun da nəticəsi daxili siyasi çəkişmələrin kəskinləşməsi demək olacaq.

Dilemma qarşısında qalan Rusiyanın hansı addımı ata biləcəyini demək çətin də olsa, Moskvanın hər hansı bir hibrid varianta əl atması istisna deyil. Məsələn, Moskva separatçılara müasir silahlarla yanaşı, həm də canlı qüvvə ilə dəstək verir. Başqa sözlə desək, çoxsaylı rus hərbçisi separatçıların hərbi dəstələrinə qoşulurlar.

Ancaq bu halda da Moskva üçün iki real təhlükə qaçılmaz ola bilər, özü də eyni zamanda – hərbi məğlubiyyət və beynəlxalq sanksiyalar”.

Ə.Oruclu Kremlin hansı variantdan istifadə edəcəyinin mübahisəli olduğunu bildirsə də, bir məsələnin dəqiq olduğunu vurğulayıb:

“Rusiyanın postsovet ölkələrə qurduğu tələlər indi onun özünü hər tərəfdən sıx əhatə edib. Odur ki, bir azdan Moskva üçün nəinki addım atmaq, hətta yerində tərpənmək belə çox riskli ola bilər”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın