Rusiya-Ukrayna müharibəsinin “hakimi” olan ABŞ-də gizli sənədlər internet resurslarına sızıb. Sızan məlumatlar, fotoşəkillər, diaqramlar Ukraynanın azalan silah arsenalının təsvirini verərək onun Rusiya qarşısında çətin durumda qaldığını, eyni zamanda, Rusiyanın çatışmazlıqlarını göstərir. Məlumatlara görə, sənədlərdə Ukraynanın xəritələri və qoşunların harada toplaşdığı, onlarda hansı silah növlərinin olması ilə bağlı qrafiklər var.

Ancaq Ukraynanın Rusiya qoşunlarına qarşı başlayacağı əks-hücum əməliyyatlarının qrafiki yoxdur. Sənədlərin dəqiq olub-olmaması mübahisələndirilir, ancaq böyük ölçüdə onların həqiqiliyinə inanc üstünlük təşkil edir. Pentaqondan gələn “nə təsdiq, nə də təkzib” səsləri sənədlərin doğruluğuna olan inamı çoxaldır.

ABŞ-də, ümumiyyətlə, “top secret” sənədlərin qorunub-saxlanılmasında boşluqlar var, ona görə də sual olunur: Sənədləri yayımlayanların kimliyi və onların motivləri nədir? Qaranlıq tunelə işıq tutmaq üçün ABŞ-dəki iki qurum arasındakı açıq-gizli rəqabətin ruhuna nəzər salmaq lazımdır.

ABŞ-nin xarici siyasətində Dövlət Departamenti rəsmi səylərə rəhbərlik edir, ancaq hərb aparatı Pentaqonun diplomatiya üçün daha çox pulu və işçisi var. Bu, ABŞ üçün Ukraynadakı müharibə fonunda riskli tendensiyadır, Vaşinqtonun qlobal kommunikasiyalarında ordu amilini ön plana çıxarır.

Bununla da Dövlət Departamentinin diplomatik effektivliyi azalır. Sənədlərin boşluqlardan fərasətlə sızdırılması Dövlət Departamenti ilə Pentaqon arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan fikir ayrılıqlarının nəticələri kimi başa düşülə bilər.

Pentaqon Rusiya ilə kanalları açıq tutaraq onunla bir çox müzakirələr aparır. Dövlət Departamentinin bu istiqamətdəki fəaliyyəti isə ya “bloklanır”, ya da səmərəsizləşir. Sənədi sızdıranın kimliyi ətrafında fikir yürüdəndə istər-istəməz diqqət Dövlət Departamenti ilə Pentaqonun üzərində cəmlənir.

Ancaq gizli qovluqlardakı kağızların açıqlanması ABŞ-nin strateji maraqlarına zərbə vurmaqdan uzaqdır. Bu, sadəcə, iki böyük qurum arasında xarici siyasətdəki alətləri əldə cəmləşdirmək uğrunda rəqabətə işarə edir. Yayılan sənədlər sırf hərbi kateqoriyada olduğuna görə isə onun məhz Pentaqon tərəfindən internet resurslarına ötürülməsi versiyası güclənir.

Ümumilikdə bu, Ukraynadakı müharibədə ABŞ-nin motivlərinə inamsızlıq mühiti yaratsa da, Vaşinqton öz strateji xətlərindən geri çəkilməyib. Sızdırılan sənədlər təkcə Ukrayna ilə bağlı deyil, həm də Vaşinqtonun bir sıra başqa müttəfiqlərindən danışılır. Sənədlərdə İsraildən Cənubi Koreyaya qədər bu ölkələrin Ukrayna və başqa həssas məsələlərlə bağlı apardıqları daxili mübahisələri ortaya qoyulur.

Mümkündür ki, bütün bunlar Rusiyanı yanıltmaq üçün bir oyundur. Ancaq digər tərəfdən, belə versiya da ortaya çıxır ki, ABŞ Ukraynanı tək buraxmaqdan ötrü informasiya əməliyyatları hazırlayır. Bu doğrudursa, ABŞ Kiyevi tək qalmağa inandırmaq üçün əlini sızan sənədlərin üstünə qoyaraq “and içir”. Lakin hesab etmək olmaz ki, sızıntılar Ukraynanın hərbi planına, o cümlədən Ukrayna qüvvələrinin çoxdan gözlənilən yaz hücumuna dərhal təsir göstərəcək. 

Rusiyaya gəlincə, o, sızmalardan ABŞ-nin müttəfiqləri arasında parçalanma yaratmaq üçün istifadə edəcək. Rusiya Qərb dünyasını iblis obrazı ilə müqayisə etdiyindən Moskva buna dəlillər tapmalıdır. Ancaq dəlil, demək olar ki, yoxdur. Ona görə də mümkündür ki, sızdırılan sənədlər Rusiyanın təhlükəsizlik qüvvələrindəki hakerlərin əməyinin məhsuludur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın