Rusiya və Ukrayna Rusiya Ordusunun Ukraynada itirdiyi qüvvələrin sayını açıqlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.

Ukrayna tərəfinin bildirdiyinə görə, fevralın 24-dən indiyədək Rusiya Silahlı Qüvvələrinin 16 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib.

“Məlumatlar daha da dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.

RF Müdafiə Nazirliyinin açıqlamasına görə, bu günə kimi Rusiya Ordusunun 1 351 hərbçisi həlak olub, 3 825-i yaralanıb.

Rusiya-Ukrayna müharibəsi necə başladı

Yada salaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı – “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb.

Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Onu da bildirək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq çoxluğu Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın