İran İslam Respublikasının Prezidenti Həsən Ruhani rəsmi səfəri çərçivəsində Tehranda olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb.

“Mehr” agentliyi xəbər verir ki, görüşdə Ruhani qardaş ölkə Azərbaycanla əlaqələrin çox yaxşı və İranın qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün güclü bir iradəyə sahib olduğunu bildirib.

Dağlıq Qarabağ böhranına toxunan Ruhani qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanla Azərbaycan arasında müharibənin bitməsindən, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən və atəşkəsin əldə olunmasından məmnundur.

İran İslam Respublikasının Dağlıq Qarabağ bölgəsindəki münaqişəni dayandırmaq üçün Rusiya, Azərbaycan və Ermənistana xüsusi nümayəndə heyəti göndərdiyini xatırladan Ruhani “İki ölkə arasında atəşkəsin gücləndirilməsində və bölgədə sabitliyin təmin olunmasında konstruktiv rol oynamağa hazırıq”, – deyə bildirib.

“İran Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin yenidənqurulma prosesində iştirak etməyə hazırdır”.

İran-Azərbaycan sərhədlərinin iqtisadi və ticari əməkdaşlığı inkişaf etdirmək üçün istifadə olunmalı olduğunu deyən Ruhani iki ölkə arasındakı dəmir yolu layihələrinin sürətləndirilməli olduğunu da vurğulayıb.

Görüşdə Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib:

“Biz İranı yaxşı bir dost və qonşu ölkə olaraq görürük. Azərbaycan Prezidenti və digər rəsmi şəxslər İranla yaxın münasibətləri inkişaf etdirmək üçün ciddi bir iradəyə sahibdirlər”.

Ceyhun Bayramov Azərbaycan-İran sərhədlərini “dostluq və inkişaf sərhədi” olaraq xarakterizə edərək, “Bu sərhədlərin canlanmasının iki ölkə üçün yeni əməkdaşlıq layihələri yarada biləcəyinə inanırıq”, – deyə bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın