2014-2017-ci illərdə futbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi olmuş Robert Prosineçkinin “Report” informasiya agentliyinə verdiyi eksklüziv müsahibəni təqdim edirik:

– Azərbaycan millisi 2022-ci ilk dünya çempionatının seçmə mərhələsində 7 oyundan 1 xalla A qrupunda sonuncu yerdədir. Yığmanın çıxışı ilə bağlı nə deyə bilərsiniz?

– Komandanın içində olmadığım üçün konkret səbəb söyləyə bilmərəm. Ancaq onu deyim ki, indiki heyət elə də zəif deyil. Yaxşı futbolçularınız var. Sadəcə, düşünürəm ki, bir qədər əzmkarlıq çatmır.

– Millinin ötən gün Serbiyaya 1:3 hesabı ilə uduzduğu görüşü izlədiniz?

– Hə, bu oyuna da, Portuqaliya ilə ilk oyuna da (1:2) baxmışam. Komanda bu iki qarşılaşmada pis təsir bağışlamadı. Ancaq dediyim kimi, futbolçularda əzmkarlıq çatmır, sonadək vuruşmurlar. Halbuki meydanda hər top uğrunda amansız mübarizə getməlidir. Fikrimcə, indiki mənzərənin səbəblərindən biri budur.

– Millinin 2 oyununa baxdığınızı bildirdiniz. Sizin dövrünüzdəki komanda ilə indiki arasında hansı fərqləri müşahidə etmisiniz?

– Bilirsiniz, indi hansısa müqayisə aparmaq çox çətindir. Çünki futbol hər gün dəyişir. Yalnız onu deyə bilərəm ki, indiki heyətdə yaxşı futbolçular az deyil.

– Yığmanın indiki baş məşqçisi Canni De Byazi müdafiə futbolu oynatdığı üçün sərt tənqid olunur. Siz isə burada çalışarkən daha çox hücum futboluna üstünlük verirdiniz. Necə düşünürsünüz, milliyə hansı oyun üslubu daha uyğundur?

– Hər məşqçinin öz oyun fəlsəfəsi olur. Canni De Byazi müdafiə futboluna üstünlük verir. Bu, onun qərarıdır, hörmətlə yanaşmaq gərəkdir. O ki qaldı uyğunluq məsələsinə, burada durum bir qədər fərqlidir. Əlindəki futbolçulara uyğun oyun üslubu formalaşdırmalısan.

– Sizin vaxtınızda Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində 10 xal toplamışdı. Bu, heç də pis göstərici deyildi. Elə isə niyə sizinlə müqavilə uzadılmadı?

– Müqaviləm başa çatdı, yeniləmədilər. Hər şey bu qədər sadədir. Səhv etmirəmsə, məndən sonra yığmanın sükanı arxasına Qurban Qurbanov gətirildi. O, “Qarabağ”da yetərincə böyük uğurlar qazanıb.

– Qurbanovdan söz düşmüşkən, həmin vaxt bu təyinat çox müzakirə olundu. Sizcə, 49 yaşlı mütəxəssisin 2 yerdə işləməsi doğru qərar idi?

– Qurban Qurbanov yüksək səviyyəli mütəxəssisdir. Bunu “Qarabağ”dakı işi ilə sübut edib. Ancaq məncə, bir mütəxəssisin eyni anda həm klubda, həm də yığmada işləməsi çox çətindir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın