Reza Deqati: Ermənilər qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarırdılar

Moderator.az-a istinadən dünyaca tanınmış fotoqraf Reza Deqati ilə müsahibəni YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytında təqdim edirik:

– Sonuncu dəfə Cəbrayılda nə zaman olmusunuz?

– Burada I Qarabağ döyüşlərindən qabaq olmuşam. İndi gördüyünüz kimi Cəbrayıl tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Buradan öncə Ağdam və Füzulidə oldum. Oralar demək olar ki, şumlanıb. Cəbrayılda qədim məzarlıqda insan sümükləri üzə çıxıb. Bu o deməkdir ki, ermənilər bu torpaqlarda vandalizmlə məşğul olub. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyən hadisədir.

Buradan BMT-yə müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər. Gördüyünüz mənzərə təkcə Cəbrayılda deyil, buradan öncə işğaldan azad olunan digər əraziləri gəzdim. Orada yaşayış binaları dağıdılıb, ağaclar kəsilib. Kəsə bildikləri ağacları aparıb, apara bilmədiklərini isə yandırıb məhv ediblər. Bu, bir ekoloji faciədir.

– Siz I və II Qarabağ döyüşlərini görmüsünüz. İndi bu mənzərəni izləyir və şahid olaraq hansı duyğuları yaşayırsınız?

– İçimdə iki duyğu var. Onlardan biri sevinc duyğusudur ki, 30 ildən sonra Azərbaycan öz qisasını aldı. Bu xalq böyük vandalizmə məruz qaldı və nəticədə qalib gəldi. Dinc əhalini evindən çıxarıb, ona işgəncə vermək insanlıqdan uzaqdır. Mən o hadisələrin şahidi olmuşam. Dünyanın heç bir yerində belə vəhşilik görməmişəm. Ermənilər nəinki insanlara, eyni zamanda təbiətə qarşı da öz vandallıqlarını göstəriblər. Bunlar insani duyğular deyil. Hələ bəşəriyyət dünyada belə alçaqlıq görməyib.

– I Qarabağ döyüşlərində bəzən yazılan materiallar dünya mediasında əsassız kimi qələmə verilsə də şəkilləri yalan kimi qələmə vermək olmur. I Qarabağ döyüşlərində çəkdiyiniz fotolara baxaraq bu vəhşiliyə etiraz edənlər olubmu?

– Foto hər şeydir. Dünyanı foto yox, insanlar dəyişir. Foto da gərək insanları dəyişə. İnsanlar indi fotoya baxırlar, onun vasitəsi ilə hər şeyə reaksiya verirlər. Mənim çəkdiklərimə dünya inanır. 30 ildir dünya o kadrları izləyir və qəbul edir. Yenə də deyirlər ki, bu necə ola bilər ki, insan qəbirdən ölünü çıxarsın? Dünya ermənilərin bu vandallığına təəcüblə yanaşır.

– Dünyaya kameranın gözü ilə baxırsınız. Fotolarda olduğu kimi realdır. Sizcə foto sözdən daha təsirli deyilmi?

– Mən hadisələrə ürəyimlə baxıram. Gördüklərimi öncə ürəyimdən sonra kameradan keçirirəm. Forolarımda gördükləriniz ürəyimdən süzülmüş kadrlardır.

– Ürəkdən fotoya doğru.

– Eynən. İnsanın ürəyini oxuyursunuz(gülürük).

– I Qarabağ müharibəsində düşmən özünü dünyaya əzilmiş, təhqir olunmuş xalq kimi təqdim etməyə çalışdı. Çəkdiyiniz fotolarla onlarla mübarizə aparmaq, həqiqət carçısı olmaq çətin olmadı ki?

– İndi də dünya bu məsələlərə başqa aspektdən, yəni yalan tərəfindən baxır. Ancaq bizim əlimizdə həqiqəti əks etdirən fotolar vardı. Onlar sübut idi. İndi müasir dövrdür, informasiya cəbhəsində bu fotolar əsas sursatlarımızdır. Biz bu gün bu fotoları dünyaya göstərməsək sabah gec olacaq. 4 aydır ki, Azərbaycandayam, işğaldan azad olunmuş torpaqlara gedir, burada erməni vandalizmini çəkirəm. Çəkdiyim fotolar isə bir tarixdir. Sabah bu torpaqlarda abadlaşdırılma işləri aparılanda bu fotolar yenə də tarix olacaq.

– Hər iki döyüşün şahidi kimi fərqi nədə görürsünüz?

– I Qarabağ müharibəsində Azərbaycan tərəfi belə bir hücumun olduğunu gözləmirdi. Dinc əhaliyə divan tutulmuşdu. O zaman Azərbaycanın nə elə böyük ordusu, nə də böyük hərbi sursatları yox idi.

– O vaxtkı Azərbaycanla indiki Azərbaycanın fərqi nədir?

– 30 il bundan qabaqkı Azərbaycanla indiki Azərbaycanın arasında çox böyük fərqlər var. Sanki 30 il deyil, Azərbaycan 100 il qabağa gedib. Azərbaycan hər sahədə özünü inkişaf etdirib və bu gün ən güclü ordusu ilə dünyada tanınan bir ölkədir. II Qarabağ döyüşləri buna bariz nümunədir. Müasir texniki üsullarla döyüş başladı və həm Azərbaycanın mərd oğulları, həm də siyasi idarətetmə gedişləri müharibənin taleyini həll etdi. Bütün dünya bu döyüşü izlədi və Azərbaycan tarixi qələbəsi ilə öz gücünü bir daha göstərmiş oldu.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir