Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub. Dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb. 22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.

“Bir gün içində bir-birinin ardınca 22 tur oynamaq çətin idi” deyən şahmatçı yarışdan sonra öz hisslərini bölüşüb: “Çox iştirakçının qoşulduğu belə bir prestijli çempionatın qalibi olmaq sevindiricidir.

İlk turlardan sonra mən lider idim. Turnirin ortalarına doğru bir az gerilədim, ancaq yenə də liderlərə çox yaxın idim. Son 2 oyun turnirdə vacib oldu. Mən öncə liderlik edən belorus Jalikonu, son turda isə rus qrossmeyster Belousu məğlub etdim.”

Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.

Rapid və Blits üzrə Avropa Çempionatı 18-20 dekabr tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində İdman Sarayında keçirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın