Avropa Şurası Parlament Assambleyasının yanvarın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Avropa Şurasının standartlarını və dəyərlərini qoruyaraq beynəlxalq terrorizmə qarşı mübarizə” və “Suriya və İraqda əcnəbi döyüşçülər” məruzələri sessiyadakı ən aktual və ciddi maraq doğuran məsələlərdən olub. Mövzuların mahiyyətcə yaxınlığı nəzərə alınaraq müzakirələr birgə aparılıb.

Mövzuya ümumi həssas yanaşmanın daha bir göstəricisi də budur ki, məruzələr ətrafında müzakirələrə 60-dan çox deputat yazılmışdı.

Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da həmin müzakirələrə qatılaraq bir sıra mühüm qənaətlərini bölüşdü. Azərbaycanlı deputat terrorizmə qarşı mübarizənin birgə aparılmasının zəruriliyini qeyd edərək, Avropa Şurasının üzvləri arasında terrorizmlə bilavasitə bağlı olan Ermənistandan söz açdı.

R.Hüseynov belə hallarda öncə ən yaxındakı hədəfə qarşı mübarizədən başlanmalı olduğunu vurğulayaraq bildirdi: “Nə qədər paradoksal səslənsə də, insanları böyük sevinclərdən daha çox böyük dərdlər yaxınlaşdırır, qovuşdurur. Terrorizm müharibələrin ən pisidir. Bu, insanla insanın qarşı-qarşıya durduğu savaş deyil. Bu, iblisin insana, insanlığa qarşı ölüm yürüşüdür. Ona görə də terrorun və terrorçunun vətəni və milliyyəti olmaması haqda məlum düşüncə ilə tam da olmasa, müəyyən qədər razılaşmaq mümkündür. Axı, terrorizmi özünün dövlət siyasətinə çevirən, onu fəal şəkildə dəstəkləyən ölkələr də var. Həm də uzaqda yox, elə bizim Avropa Şurası ailəsinin içərisində. Bu gün biz İraqda, Suriyada döyüşən əcnəbi muzdlular, Avropadan kənardakı terror birlikləri haqqında fikir bölüşürük. Bunlar Avropadan kənarda baş verən proseslər olsa da, təbii ki, biz bu bəlaya biganə qala bilmərik. Çünki biganə qalsaq, səsimizi qaldırmasaq gec-tez o zərbələr bizə sarı yönələcək və artıq yönəlir də.

Digər tərəfdən, həmin Suriya və İraqdakı əcnəbi döyüşçülərin sırasına bizim üzv ölkələrdən də məxfi emissarların, xarici kəşfiyyatların döyüşçülər cəlb edərək, onları ölümə hazır zombilərə çevirmələri faktları da bəllidir. Odur ki, bugünkü müzakirələr son dərəcə vacib, hamımız üçün həyati əhəmiyyətlidir. Lakin biz fikir mübadilələrimizin, qəbul edilən qərarların, insanlıq əleyhinə olan bu fəlakətə qarşı mübarizəmizin sadəcə söz olmamasını, əmələ çevrilməsini istəyiriksə, gərək məsələlərə hər cəhətdən obyektiv, qərəzsiz, vicdanlı yanaşaq. Bizim sıralarımızda beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlı olan, beynəlxalq terrorizmi açıq şəkildə dəstəkləyən, daha artıq, terrorizmi özünün dövlət siyasətinə çevirən ölkə var.

Biz terrorizm əleyhinə mübarizədən bəhs edərək, bu mövzuda söhbətləri dərhal Ermənistandan başlamırıqsa, demək, riyakarlıq edirik. Bu haqda mən xəbərdarlığı çoxdan etmiş, həyəcan siqnalını hələ 14 il əvvəl vermişdim və 2002-ci il iyunun 14-də hazırladığım 9489 saylı “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində Ermənistanın müdafiə etdiyi terrorist təşkilatlar şəbəkəsi” adlı tövsiyə üçün təklifdə həmin beynəlxalq terror birləşmələrinin adlarını bir-bir sadalamışdım. Nəticə nə oldu? Beynəlxalq nəzarətdən kənar olan ərazilərdə təcavüzkar Ermənistanın yerləşdirdiyi terrorçuların təlim düşərgələri, oradakı ölüm cəngavərlərinin tam sərbəst hərəkət imkanının qarşısının alınması üçün heç bir tədbir görülmədi. Çox keçmədi ki, həmin düşərgələrdə təlim keçmiş ASALA, “Gənc ermənilər ittifaqı”, “Erməni azadlıq hərəkatı”, “Erməni birliyi”, “Orli qrupu”, “Vartan cəngavərləri” və digər erməni mənşəli beynəlxalq terror qruplaşmaları Avropada, Yaxın və Orta Şərqdə, Şimali Amerikada yeni-yeni terror aktları törətdi. Ermənistanın nəzarətində, lakin beynəlxalq nəzarətdən kənarda olan həmin ərazilər bu gün də beynəlxalq terror şəbəkəsinə xidmət üçün açıqdır, narkotiklərin becərilməsi, tranziti üçün ən münasib məkandır.

Avropa Şurası da, BMT-də haradasa məchul uzaqlarda terroristləri arayır. Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsi, terrorizmi öz dövlət siyasətinə çevirməsi, beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlılığının çoxlu sübutları var, bunların xeyli hissəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarında da əksini tapıb.

Mən sadəcə birini diqqətinizə çatdırıram. Erməni mənşəli ABŞ vətəndaşı, dünya terror şəbəkəsinin məşhurlarından olan Monte Melkonyanın 1983-cü il iyulun 15-də Parisin Orli beynəlxalq aeroportunda törətdiyi terror aktı nəticəsində zərər çəkən 60 insanın bir qismi həlak oldu, bir qismi yaralandı. Fransa polisi M. Melkonyanı tuta bildi və ona 6 il həbs cəzası kəsildi. Ancaq o, az sonra müəmmalı şəkildə Fransadan kənarda üzə çıxdı, Ermənistana gəldi. Ermənistan dövləti isə bu terrorçunu ölkənin ən ali rəsmi təltifinə layiq görərək ona milli qəhrəman adı verdi. Necədir sizin üçün?!”.

Deputat Rafael Hüseynov erməni terrorizmi ilə bağlı artıq dünya siyasətşünaslığında onlarla sanballı araşdırmanın olduğunu yada salaraq Avropa Şurasının bu cinayətkar üzv dövlətə qarşı niyə qətiyyətsizlik göstərməsindən təəccübləndiyini bildirdi: “Beynəlxalq terrorizmin klassiklərindən olan erməni terrorizminin müasir dövrdə bir dırnaqarası nailiyyəti də var. Dünya siyasətşünaslığında erməni terrorizmi artıq ayrıca bir istiqamət kimi öyrənilir və bu haqda müxtəlif dillərdə yüzlərlə ciddi araşdırma, kitablar və məqalələr yazılıb. Bəs niyə dünya birləşərək bu təhlükəyə qarşı qətiyyətli addımlar atmır? Niyə həmişə gecikir, bəd hadisələr baş verəndən sonra hərəkətə gəlirik? Bəs niyə Avropa Şurası bu barədə kəskin sözünü demir? Eynəyimiz yaxşı göstərmir, yoxsa Ermənistan, onun himayə etdiyi beynəlxalq erməni terror şəbəkəsi gözəgörünməzdir?”.

Rafael Hüseynov AŞ PA-nın vitse-prezidentinin ondan üzr istəməsini tələb etdi

Lakin R.Hüseynov nitqini sona çatdırmağa az qalmış deputatımıza çıxış üçün ayrılmış vaxtın hələ tamamlanmamasına baxmayaraq iclası həmin anda idarə edən AŞ PA vitse-prezidenti, Hollandiya nümayəndə heyətinin rəhbəri Ria Oomen Ruijten onun sözünü kəsərək bu danışılanların mövzuya dəxli olmadığını bildirib.

Lakin R.Hüseynov vitse-prezidentin bu tənqidi fikirlərə dözümsüzlüyünə dərhal etiraz edərək ayrılan vaxt içərisində düşüncələrini ifadə etməyin onun hüququ olduğunu, digər tərəfdən də iradı qəbul etmədiyini, birbaşa mövzuya aidiyyəti olan məsələlərdən bəhs etdiyini bildirib.

O, mikrofonu söndürsə də, azərbaycanlı deputatı susdura bilməyib.

R.Hüseynov belə hərəkətlərin insan hüquqlarına, Avropa Şurası prinsiplərinə zidd olduğunu söyləyərək iclası belə idarə etməyin Nizamnamə tələblərinə əks getdiyini bəyan edib:

“Mənim sözümü yarımçıq kəsməyə sizin haqqınız yoxdur. Biz buradan həqiqətləri ifadə edirik. Heç kəsin subyektiv mülahizələrlə bizə mane olmaq ixtiyarı yoxdur”.

İclasla bağlı nəşr edilən rəsmi stenoqramda bu qarşıdurma müəyyən qədər yumşaldılsa da, hər halda əksini tapıb.Azərbaycanlı deputat baş vermiş hadisənin ikili standartların, ermənipərəst mövqeyin təzahürü olduğunu nəzərə alaraq və gələcəkdə bu qəbil əyintilərin qarşısının alınması məqsədi ilə geniş şikayət məktubu ilə Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqpramuna və Avropa Şurasının Baş Katibi Trobyorn Yaqlanda müraciət edib.

Avropa Şurası rəhbərliyi R.Hüseynovun müraciəti ilə tanış olduqdan sonra onu Prezident Komitəsinin növbəti toplantısında müzakirə edərək müvafiq qərar çıxarmağı qət edib. R.Hüseynovun AŞPA vitse-prezidenti ilə bağlı müraciətində deyilir:

“Assambleyasının plenar iclasında  “Avropa Şurasının standartları və dəyərlərini qoruyaraq beynəlxaıq terrorizmə qarşı mübarizə” və “Suriya və İraqda əcnəbi döyüşçülər” adlı iki məruzənin birgə müzakirəsi zamanı  iclasa sədrlik edən xanım Ria Oomen Ruijten tərəfindən Avropa Şurasının norma və prinsipləri kobud şəkildə pozulmaqla mən açıq təhqirə məruz qoyulmuşam.

Qəbul edilmiş qaydalara müvafiq olaraq ayrılmış 3 dəqiqə ərzində bilavasitə müzakirə edilən mövzular ətrafında fikirlərimi ifadə edərkən xanım Ria Oomen Ruijten  kobud şəkildə sözümü kəsmiş və mənə nitqimi başa çatdırmağa imkan verməyib.

Xanım Ria Oomen Ruijten belə bir addımı atmaq üçün açıq saxtakarlıq edərək guya mənim mülahizələrimin müzakirəyə çıxarılmış mövzu ilə əlaqədar olmamasını bəhanə gətirib. Mən həqiqətə zidd olan belə bir qeyri real əsaslandırmanı qətiyyətlə rədd edirəm və Assambleyada mikrofonsuz olsa da dərhal bu fikrimi bildirmişəm.

Mən, müzakirənin mahiyyətinə tam uyğun olaraq terrorizmin bütün bəşəriyyət üçün təhlükə olması, ona qarşı mübarizənin hamı tərəfindən birgə aparılmasının zəruriyyətindən bəhs etdikdən sonra beynəlxalq terror şəbəkəsində xüsusi qorxulu yeri olan erməni terrorizmi ilə bağlı konkret faktları sadalamışam.

Ayrıca vurğulayıram ki, həm də mən Ermənistan- Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi, saysız nümunələri olan müdhiş terror əməllərindən deyil, erməni terrorizminin dünya miqyasındakı dəhşətli cinayətlərindən, konkret olaraq Fransada həyata keçirmiş olduğu terror aktı barədə məlumat vermişəm.

Xanım Ria Oomen Ruijten məndən az sonra söz alan Azərbaycan nümayəndə heyətinin digər üzvünün də bilavasitə mövzu ilə bağlı çıxışını yenə beynəlxalq erməni terrorizmi probleminə toxunulunca kobud şəkildə yarımçıq kəsməsi artıq bunun tendensiya səciyyəsi daşıması, xüsusi gizli məqsədlərə xidmət edən qərəzli bir hərəkət olması nəticəsini çıxarmağa imkan verir.

Xanım Ria Oomen Ruijten ona verilmiş səlahiyyət və imkandan subyektiv şəkildə, həm də qaba bir tərzdə istifadə edərək açıq şəkildə erməni təəssübkeşliyi nümayiş etdirmiş və ən təəccüblüsü də budur ki, əslində Ermənistanın və ermənin xalqının deyil, ümumi düşmənimiz olan beynəlxalq erməni terrorizminin müdafiəçisi və lobbiçisi kimi çıxış edib.

Bütün bunları nəzərə alaraq bəyan edirəm: Belə bir davranış Avropa Şurasının qəbul edilmiş norma və prinsiplərinə, davranış normalarına, bütövlükdə, insan hüquqlarına daban-dabana ziddir. Nəyi demək olar, nəyi demək olmaz kimi yanaşma atrıq açıq şəkildə Avropa Şurasında bilvasitə siyasi senzuranın tətbiqi deməkdir və uğrunda mübarizə apardığımız demokratiya ölçülərinə tam zidd olan belə halların ortya çıxması çox təhlükəlidir.

Bu, Avropa Şurası tribunasından rəsmi vəzifə və səlahiyyət sahibinin, indiki halda konkret olaraq xanım Ria Oomen Ruijtenin açıq lobbiçilik etməsi nümunəsidir və bu biabırçı cəhdin mütləq siyasi qiyməti verilməlidir. Xanım Ria Oomen Ruijtenin tam ədalətsiz, qeyri-obyektiv, qanuna zidd olan əməlini müdafiə edən kimlərsə tapılarsa, bu özünüifşaya çevriləcək, onların da eyni şübhəli və təmiz olmayan xəttə xidmət etdiklərini nümayiş etdirəcək.

Ali məqsədi insan hüquqlarını qorumaq olan bir təşkilatda bu hadisə ən yüksək səviyyədə həyata keçirilmiş insan haqlarına hörmətsizlik nümunəsidr və bir fərd, bir deputat olaraq mən belə haqsızlıq və həqarətə dözə bilmərəm. Mən 15 il üzvü olduğum və ümumi işinə ürəkdən xidmət etdiyim, tərəqqisinə mümkün töhfələrimi verdiyim təşkilatda qanuni haqlarımın belə təhqiramiz şəkildə pozulmasına ən kəskin etirazımı bildirirəm.

Mən xanım Ria Oomen Ruijten Avropa Şurasının norma və prinsiplərini, qəbul edilmiş Nizamnamə tələblərini pozduğuna, məni açıq şəkildə təhqir etdiyinə, kobud formada hüquqlarımı tapdaladığına görə dərhal rəsmi şəkldə üzr istəməsini tələb edirəm.

Belə bir qanunazidd hərəkətə yol vermiş xanım Ria Oomen Ruijtenin bundan sonra AŞ PA iclaslarını idarə etməsini ziyanlı, məsədəuyğun olmayan hal hesab edirəm…”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın