“Makron birinci öz ölkəsinin problemlərini çözməlidir, ancaq o bunun yerinə bizim rahatlığımızı pozmağa çalışır”.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Makron o biri tərəfdən səslənir. Makron, sən öncə “sarı jiletliler” məsələsini həll et. İndi bütün “sarı jiletlilər” – vətəndaşların küçələrdədir. Ancaq öz məsələni həll edə bilmirsən. Birinci bunu həll et. İndi mənim ölkəmdə belə bir problem yoxdur. İndi bizim rahatlığımızı pozmaq niyyətindədirlər”, – Ərdoğan bildirib.
Prezident E.Makronun Türkiyəyə Liviyadakı hərbi qüvvələrini geri çəkmək çağırışına da toxunub:
“Makron hələ də bu işi öyrənə bilməyib. Türkiyə Liviyada öz keyfinə görə fəaliyyət göstərmir. Türkiyə bir yerə gedirsə, sülh üçün gedir. Bizim məqsədimiz Liviya xalqının sabitliyini təmin etməkdir”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bundan öncə “NATO beyin ölümü keçirdi” sözlərini Türkiyəyə görə səsləndirdiyini iddia etmişdi.
E.Makron: “NATO beyin ölümü keçirdi” sözlərini Türkiyəyə görə demişdim
Fransa Prezidenti Emmanuel Makron etirazlara səbəb olan “NATO beyin ölümü keçirdi” açıqlamasını Türkiyəyə görə verdiyini iddia edib.
Qarabağdakı 44 günlük müharibə boyu işğalçı Ermənistana dəstək verdiyini gizlətməyən Fransa lideri bu dəfə də Türkiyəyə qarşı əsassız ifadələr səsləndirməkdən çəkinməyib:
“Türkiyə iki il öncə NATO, ABŞ və Fransa ilə heç bir koordinasiya qurmadan Suriyanın şimalında əməliyyat keçirdi. Bunu hərbi qüvvələrimiz döyüş meydanında olanda etdilər. Nəticədə ABŞ, NATO və Fransanın etibarı qalmadı. Bizimlə heç bir koordinasiya edilmirsə, necə inana bilərik? Türkiyə Liviya, Qarabağ və Aralıq dənizinin şərqində Avropa Birliyi və NATO-dakı partnyorlarına qarşı dost olmayan davranışlar sərgilədi. “NATO-nun beyin ölümü” sözünü də buna görə dilə gətirmişdim”.
Qeyd edək ki, Fransa liderinin ötən il verdiyi açıqlama ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə və başqa müttəfiq dövlətlərin kəskin reaksiyası ilə qarşılanmışdı. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel buna görə Makronu sərt tənqid etmişdi.